TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI

4. KANALLARIN YARATDIĞI GÖZƏLLİK

 

Yer kürəsinin dörd bir səmtində insan əlinin yaratdığı, möhrünü basdığı möcüzələrə rast gələ bilərik. Amsterdam kanallarını da insan əlinin yaratdığı möcüzələrdən biri saymaq olar. Kanalların şəhərlə uzlaşması o qədər ideal şəkildə baş tutub ki, bunun təbiət gözəlliyimi, yoxsa insan əlinin yaratdığımı olduğunu ayırd etməkdə çətinlik çəkirsən. İnsan əlinin yaratdığı bu gözəllikləri görməyin kifayətdir ki, həmin əllərin tərifəlayiq olduğunu baxışlarınla anlada biləsən. Təbiətin və insan əməyinin birlikdə yaratdığı, onların vəhdətinin təzahürü olan bu gözəlliyi seyr etməkdən kimsənin gözü doymaz. Nəyin təbiətə, nəyin insana məxsus olduğunu müyyənləşdirməyin belə çətindir. Artıq yüz illərdir bunu şəhərin sakinləri və qonaqları görüb qiymətləndirməkdədir.

 

Yüz kilometrlərlə uzunluğu olan bu kanalların yaratdığı 90 ada, kanalların üzərindən keçən 1500-dən artıq körpü Amsterdama xüsusi bir sima bəxş edir. Şəhəri tor kimi saran 165 kanal olsa da, onların dördü əsas sayılır. Bu dördlüyə daxil olan kanallar bunlardır: Singel, Herengracht, Keizersgracht və Prinsengracht.

 

Bu dördlüyün birincisi Singel kanalıdır. 1428-ci ildən mövcuddur. İlk başdan şəhərin qərb səmtində xəndək rolunu oynayıb. Bu xəndək şəhərin sərhədi idi. Singel bir müddət Stedegracht, yəni Şəhər kanalı adını daşımışdır. Şəhərin durmadan böyüməsi, xüsusilə də 1585-ci ildə şəhərin genişləndirilməsinə start verilməsi ilə Singel Amsterdamın artıq daxili kanalına çevrilmiş, belə demək mümkünsə, kanal şəhərin içərisinə həbs edilmiş, şəhərsə azad quş misalı kanalın hüdudlarından kənara çıxmışdır. Qeyd edək ki, Amsterdamın genişləndirilməsi layihəsi ölkənin müstəqilliyini elan etməsindən cəmi dörd il sonraya təsadüf edir. Amsterdam buxtasından başlayan kanal Amstel çayına tökülür. XVI yüzillikdə bu kanal fransız kralı IV Henrinin şərəfinə Koningsgracht, yəni Kral kanalı da adlanmışdır.

 

Bu dörd kanalın digər üçü isə XVII əsrdə qazılıb. Bu əsrin Niderlandın tarixində Qızıl Dövr adlandırılmasını isə artıq bilirik. Kanalların qazılması təşəbbüsü ilə şəhərin o zamankı meri F.H.Utgensin çıxış edib. Onun bu təşəbbüsünü yerli dülgər H.Y.Staats və şəhərin geodezisti L.Y.Sink layihələndirərək, gələcək kanalların çertyojunu hazırlayırlar. Kanalların qazılmasına 1612-ci ildə başlanılıb. Hər üç kanal əvvəl Leidsergrachta qədər uzansa da, 1658-ci ildən onların Amstel çayınadək davam etdirilməsinə qərar verilib, bundan sonra kanalların üçü də bu çaya tökülüb.

 

Amsterdamın ildən ilə böyüməsi nəticəsində bu dörd əsas kanal şəhərin daxili sularına çevrilib. Amsterdam isə böyüdükcə böyümüş, bu proses bu gün də davam etməkdədir. Müasir məhəllələr, bir-birindən gözəl uca göydələnlər şəhərin yeni simasında xüsusi ştrixlər kimi diqqəti cəlb edir. Gündən günə böyüyən paytaxt Amsterdam artıq dünyanın nəhəng meqapolislərindən birinə çevrilib.

 

Kanallar bu gün şəhərin nəqliyyat yükünün müəyyən qədər azaldılmasında, şəhər sakinlərinin və şəhərə gələn turistlərin istirahətlərinin maraqlı keçməsində mühüm əhəmiyyət daşıyır. Kanallarda üzən irili-xırdalı gəmilər Amsterdama xüsusi görkəm verir. Tarixi məkanlarının, görkəmli şəxsiyyətlərə ucaldılmış heykəllərinin, hərəsi bir tarixi abidəyə bənzər evlərinin çoxluğuna baxmayaraq, kanallar bu şəhərə fərqlilik bəxş edərək, onun heç bir şəhərə bənzəməyən orijinal portretinin ortaya çıxmasına səbəb olur. Bu da özlüyündə milyonlarla turistin ilboyu Amsterdama axın etməsində müstəsna rol oynayır. Turistlərin və yerli sakinlərin gəmilərlə şəhər gəzintisinə çıxmasını hər mövsümdə müşahidə etmək olar.  Quş uçuşundan baxıldıqda dörd əsas kanalın Amsterdamın belinə dolanmış qurşaqlara bənzədiyini, bu qurşaqlar arasında şəhərin əsas tarixi binalarını, iki-üç mərtəbəli yaşayış evlərini aydınca seçmək olar.

 

Bu kanalların arasının yeni binalarla, yeni küçə və meydanlarla dolması köhnə Amsterdamın necə ətə-qana gəldiyi barədə təsəvvür yaradır.

 

Bu kanallara baxdıqca onları ölkənin beyni və ya ürəyi hesab edilən Amsterdamı həyat enerjisi ilə təmin edən qan damarlarına da bənzədirdim.

 

Kanallar təkcə Amsterdamın deyil, Niderlandın digər şəhərlərinin də biçimlənməsində mühüm rol oynamış, az qala ölkənin ən yaddaqalan simvollarından birinə çevrilmişdir. Məhz kanallarının çoxluğuna görə Amsterdama “Şimalın Venesiyası” deyildiyini də yəqin unutmamısınız. Və bu, bizim Niderlandı kanallar ölkəsi kimi xarakterizə etməmiz üçün yetərli olsa da, mən sizin Niderlanda gələrkən, Utrext kanallarını görməkdən məmnun qalacağınıza da inanıram. Utrext kanallarının gözəlliyi, kanallardan seyr edilən şəhər mənzərələri, sahilboyu yaşıllıqların yaratdığı təkrarsız gözəlliklərin insana bəxş etdiyi xoş duyğuları ifadə etməyin nə qədər çətin olduğunu yalnız bunları öz gözləri ilə görənlər anlaya bilər. Məndən bu qədər, bundan sonrası sizə bağlı.

 

Kanallar Niderlandın həyat mənbəyidir. Şəhərləri dənizlə, ölkənin ayrı-ayrı bölgələrini bir-birilə, eləcə də Niderlandı öz sərhədlərindən kənarla bağlayan bu kanallar böyük qan damar sisteminə bənzəyir. Kanallardan tarixən müxtəlif məqsədlərlə istifadə olunmuşdur və bu, indi də davam etməkdədir. Kanallar düşmən hücumlarının qarşısının alınmasında müdafiə vasitəsi rolunu oynamışdır, artıq onun bu funksiyasına gərək qalmamışdır. Onlardan yeni torpaq sahələri almaq məqsədilə suların qurudulması üçün bir vasitə kimi də istifadə olunur. Kanalların əkin sahələrinin suvarılmasında önəmi böyükdür. Kanallar müxtəlif yüklərin daşınmasında əvəzsiz vasitədir. Kanalların Niderland iqtisadiyyatında oynadığı rolu anlatmaq üçün mən onlardan biri – Nordzekanal haqqında qısa məlumat verim. Bu kanal Amsterdam limanını Şimal dənizi ilə bağlayır, uzunluğu 27 kilometrdir. Hər il bu kanaldan 100 mindən çox gəmi keçir. Bu gəmilərin maksimal sututumu 90 min tondur. Ümidvaram ki, bu quru rəqəmlər sizə Niderlandın kanallar sisteminin əhəmiyyətini anlatmaqda yardımçı olacaq.

 

Sərnişin daşınmasında, yerli sakinlərin və turistlərin gəzinti və istirahət işində də kanalların xidmətindən fayda götürülür. Əcnəbilərin Amsterdama axın etmələrinin bir səbəbi də kanallarda gəmi turlarının təşkil olunmasıdır. İstirahətinə düşkün olan turistlər də unudulmayıb. Onların üzən gəmi-kafelərdə dincəlməsi, aclıqlarını-susuzluqlarını dəf etmələri üçün hər cür şərait yaradılıb. Puluna minnət, əlin cibində olsun.

 

Amsterdam kanallarında üzən evlərə də rast gələ bilərsiniz. Bu evlərin yaradılmasına İkinci Dünya müharibəsindən sonra başlanılıb. Mənzil çatışmazlığı belə bir yöntəmə əl atılmasına gətirib çıxarıb. Niderlandda hazırda mənzil çatışmazlığı problemi yaşanmasa da, bu evlər varlığını sürdürməkdədir. Belə evlərin müştəriləri günü-gündən artmaqdadır. Gəmi evlər kiçik olsalar da, daşınmaz əmlak bazarında ən bahalı mənzillərdəndir. Üzən evlər bahalığına görə müasir mənzillərlə rəqabət apara bilir. Belə evlərə sahib olanlar dövlətə ayrıca vergi də ödəyirlər. Bundan əlavə, üzən evlər vaxtaşırı xüsusi qayğı da tələb edir. Belə şıltaqlıqlarının olmasına rəğmən, üzən evlərə təlabat yüksək olaraq qalmaqdadır. Bu ekzotik evlərin müştərisi daim var. Və üzən evlər tikintisində hollandlar yeni bir ilkə də imza atmaqdadırlar. Reysveyk şəhərində amfibiya – suda-quruda mövcud olacaq evlər inşa olunmaqdadır. Rotterdamda isə hələlik 32 inəyə ev sahibliyi edən üzən ferma və üzən quşçuluq təsərrüfatı istifadəyə verilib. Bu da dünyanın holland möcüzələrindən biri.

 

Afiq MUXTAROĞLU

Niderland