Bu gün insanlar həyat tərzlərinin yüksəkliyini və ya rahatlıqlarını digər insanlara göstərmək üçün adətən bir-biriləri ilə yarış halındadırlar. Bu həyat tərzi bəlkə də bəzi insanlarda gerçəkdən də yaxşı səviyyədədir. Ancaq bir çoxları da var ki, özünü başqalarına göstərmək üçün və ya elit insanların arasında özünə yer qazana bilməsi üçün bu cür göstəriş oyunlarına ehtiyac duyurlar. Odur ki, bunun nəticəsi də bir çox hallarda yaxşı sonluqla bitmir. Mövzu ilə bağlı psixiatr Prof. Dr. Nevzat Tarhan bir müsahibəsində buyurur: “Göstəriş həvəskarı olmaq psixoloji olaraq patoloji bir müdafiə mexanizmidir. Bu, qeyri-sağlam, patoloji müdafiə mexanizmidir. Başqa sözlə, yalançı rahatlıq verir. Həmin an alqışlarla qarşılanır. Amma bir müddət sonra insanda saxta şəxsiyyət formalaşır. Davamlı nümayişlə qidalanmağa başlayır. Bu insanlar maraqlarını itirəndə depressiyaya düşürlər”. O, sözlərinə “Özlərinin əhəmiyyətli və dəyərli olduqlarını düşünənlərin bəziləri bu duyğularını məşhur olmaqla, bəziləri qüdrətli olmaqla, bəziləri məqam-mövqe sahibi olmaqla, bəziləri də cəmiyyət içərisində müəyyən səviyyəyə gələrək barmaqla göstərilmələri şəklində təmin edirlər”, – deyərək davam edir.
Bu göstəriş ucbatından yaxın çevrəmizdə də çox zaman şahidi olduğumuz bədbəxt hadisələr baş verməkdədir. Buna misal olaraq intiharları, boşanmaları, depressiyaya düşənləri göstərmək olar. Qonşunun evindən yüksək ev inşa etmək arzu və istəyi ilə ailəsini, övladlarını buraxıb illərlə xarici ölkələrə qazanc arxasıyca gedənləri də görməmiş, eşitməmiş olmazsınız yəqin ki.
Yuxarıda da vurğuladığımız kimi, göstəriş uğruna, başqaları ilə bəhsə girmək uğruna çox şeylərini itirənlərin şahidi oluruq. Bunların başında da ailə xoşbəxtliyi gəlir. Hələ elələri var ki, övladı dünyaya gələndə, ilk addımını atanda belə onun yanında ola bilmir, o xoşbəxtliyi arzu və istəkləri uğrunda fəda edirlər. Halbuki bu insanlar ailələrini, rahatlıqlarını göstərişə olan arzularının qabağına keçirə bilsələr daha xoşbəxt olardılar. Bəzən tanışlar da şikayətlənirlər ki, bəs insanlar neyləsinlər, burada iş yoxdur, qazanc yoxdur. Ailəsini, dolanışığını təmin etmək üçün xaricə iş arxasınca getmək eyib deyil. Burada söhbət öz məmləkətində işi olduğu halda, ailəsini dolandıra biləcək, hətta el arasında deyilən kimi, yastığın altına da bir şeylər yığa biləcəyi işini bəyənməyərək, bu gəlirlə qonşunun evindən daha yüksək bir ev tikə bilməyəcəyindən söhbət gedir.
Göstəriş həmçinin insanın mənəvi dünyasında da yıxıntılar yaradır. İnsanlara olan xoşgörüşü, sevgisi, məhəbbəti məhv olur. Bu düşüncələr nəticəsində insanın içərisində nifrət, kin, sui-zənn duyğuları ön plana çıxır. Əgər tarixə nəzər salsaq, ilk insanlardan olan Habil və Qabilin həyat hekayəsində biz bunun şahidi olarıq. Allaha təqdim olunan qurbanların birindən qəbul edilib, digərindən qəbul edilmədiyində, mənim qurbanım daha üstün idi düşüncəsi ilə qardaşını öldürdü. Demək olar ki, elə o zamandan da insanlarda göstəriş duyğusu qabarmış oldu. Mövzu ilə əlaqəli bir hədisi də diqqətinizə çatdırım. Rəsulullah (s.ə.s.) bu mövzuda sahib olacağımız qəlbi, həssaslığı hədisi-şərifində belə izah edir: “Həyat şərtləri sizinkindən daha aşağı olanlara baxın, sizdən daha yaxşı olanlara baxmayın! Bu, Allahın bəxş etdiyi nemətini xor gorməməyiniz üçün daha doğru bir davranışdır” (Müslim, Zöhd, 9).
Nəticə olaraq bu gün bizlər həyatımızı gözümüzün önündən keçirib bir hesabat çıxardaq, görək bizim göstərişlə əlaqəli nə kimi zəifliklərimiz var, bizlərə necə təsir edib. Qısası, baxaq görək bu imtahanda nə qazanıb, nə itirmişik...
Hacı BƏKİROĞLU