Sizi bilmirəm, mən elə qəribsəmişəm ki seçilmişlər sırasında millətimizin adını görmək üçün. Axı biz yaşadığımız tarixdə dost gürcü xalqı və dövləti üçün daim həmfikir, həmdəm olmuşuq.
Dönüb tarixə baxsaq Xudu Borçalının İrakli səltənətində qazandığı etibardan Pəri Sofiyevanın parlamentdə qoyduğu ilk imzaya qədər, sovet dönəmində də həmçinin. Keçid dövrünün sükunətindən sonra son illərin inteqrasiya siyasəti məni də çoxlardan biri kimi sevindirməyə bilməzdi.
İllərdir Müəllimlər Gününü məlum tarixdə qeyd edirdik, bu il fərqləndi. Xüsusi fərmanla 27 oktyabr Gürcüstanda Milli Müəllim Günü kimi qeyd olunacaqdı. Bu münasibətlə Tbilisi Opera və Balet Teatrında Baş nazir və təhsil nazirinin iştirakı ilə böyük bir tədbir keçirildi. Ölkəmizin bütün inzibati bölgələrindən öz işində fərqlənən müəllimlər bu yığıncaqda qonaq qismində iştirak edirdilər. Sonda nazir Milli Müəllim Günündə 11 nəfər müəllimin Milli Müəllim Mükafatıyla təltif olunduğunu elan etdi. Etiraf edim ki, kimsə təltif olunanların kim olduğunu bilmirdi. Siyahıda bir ad dinləyici olan bizləri qürurlandırmaya bilməzdi: Marneuli bələdiyyəsinin Qasımlı ictimai məktəbindən Samirə İsmayılova.
Kimdir Samirə İsmayılova?!
1989-cu ildə Borçalımızın Gorarxı dediyi bir eldə dünyaya gəldi. Alget 1 saylı məktəbi bitirdi. İngilis dili müəllimi olmaq arzusunda idi. İstəklərini dilə gətirməyi sevməz, istədiyini etməyə çalışan və edən biri idi, “kirimiş-kirimiş” öz yolunu gedən, məqsədə addımlayan... Elə bu deviziylə məzun oldu. 2011-ci ildə artıq ingilis dili müəllimi kimi Alget 2 saylı məktəbdə fəaliyyətə başladı. Sonra işini ailəsinin məskunlaşdığı Qasımlı məktəbində davam etdirdi. Addım-addım irəlilədi. Dövlətin, cəmiyyətin nəbzini tutmağı bacardı. Təhsil Nazirliyi müəllim üçün hansı yeniliyi tətbiq etdisə o istiqamətdə özünü inkişaf etdirdi. İmtahanlarda, layihələrdə iştirak etdi. Baş müəllim, sonra özünü inkişaf etdirərək aparıcı müəllim oldu. Bununla da kifayətlənməyərək növbəti statusu fəth etməyi bacardı. Artıq Marneulidə az sayda olan mentor müəllimlərdən biridir.
2018-ci ildən Britaniya konsulluğunun layihələrində iştirak edib, Norveç dil institunda intensiv kurs keçib, həmçinin Britaniya konsulluğunun seminarlarında fasilitator olub. Bu fəaliyyət yolunu xeyli sadalamaq olar, hazırda ABŞ-ın Gürcüstandakı Səfirliyi Arizona Universitetinə namizədliyini irəli sürüb. Gürcüstanda isə Amerikaşünaslıq üzrə ikinci təhsil alır.
Samirə müəllim 2017-ci ildən Qasımlı ictimai məktəbi ilə Sülh Korpusu beynəlxalq təşkilatıyla əməkdaşlıq edir. Xüsusi ingilis dili kabineti təşkil edib. Şagirdlərə əyləncəli motivasiya ilə dil öyrətmək, həmçinin ictimaiyyətə qatılmaq yollarını öyrədir.
Samirə müəllim düşünür ki, bu kiçik addımlarla böyük gələcəyə addımlamaq olur, axı o özü də bugünkü böyük nəticələri elə o kiçik addımlardan başladı.
Sizə kiçik addımlardan başlayan yolunuzda daha böyük zirvələr arzu edirəm, əziz həmkar! Addımlarınızın sədası elimizin hər məktəbində əks-səda versin. Sıranızın davamını görmək ümidi ilə!
Müəllif: Esmira Ələkbərli