Bugünkü insan daim tələsir. İş, dərs, sosial həyat, telefon bildirişləri, sosial şəbəkələr... Hər şey bir-birini qovur. Həyat elə bir axına çevrilib ki, insan bir an dayanıb nəfəs almağa belə çəkinir. Sanki dayanmaq geridə qalmaq, düşünmək isə vaxt itkisi kimi görünür.


Bu sürətli həyat tərzində ən çox eşitdiyimiz ifadələrdən biri də “vaxtım yoxdur” ifadəsidir. Bu ifadə sanki bir qalxan rolunu oynayır – məsuliyyətdən, görüşdən, düşünməkdən, bəzən də öz ruhumuzla baş-başa qalmaqdan yayınmaq üçün. Amma ən maraqlısı odur ki, bu ifadə ən çox ibadət mövzusunda səslənir: “Namaz qılmaq istəyirəm, amma vaxtım olmur”, “Qurani-Kərim oxumaq istərdim, amma gün ərzində imkan tapmıram”, “Məscidə getmək gözəl olardı, amma işlər çoxdur”.


Bu cümlələr ibadətə olan ehtiyacın fərqində olunduğunu göstərsə də, onu arxa plana atmaq üçün bir bəhanəyə çevrilir.

 

Əslində insan nəyə dəyər verirsə ona vaxt ayırır. Gün ərzində saatlarla sosial şəbəkələrdə vaxt keçirən biri, çayxanalarda dostları ilə domino oynayan biri, saatlarla film və serial izləyən biri ibadətə cəmi 5 dəqiqə ayırmaqda çətinlik çəkirsə burada “vaxtım yoxdur” ifadəsi sadəcə bir bəhanədir.

 

Bədənimiz acanda yemək axtarırıq, amma ruhumuz acanda çox vaxt susuruq. Bu susqunluq isə zamanla mənəvi boşluğa, narahatlığa, hətta depressiyaya çevrilə bilər. İnsan öz ruhunu doyurmadan xoşbəxt ola bilməz.


Elə buna görə də Allah ibadəti insan üçün bir yük yox, bir nemət, bir rahatlıq qapısı olaraq təqdim edib.

 

İbadət yalnız dini borc deyil. O, insanın öz daxili ilə ünsiyyətidir – bir sükut anıdır, düşüncə ilə dolu bir zaman, ruhun təmizlənməsi və yenilənməsidir. İbadət insanı gündəlik həyatın stresindən uzaqlaşdırır, mənəvi balansını qoruyur, ona sakitlik və güc verir. Bu səbəbdən ibadətə vaxt ayırmaq sadəcə dini vəzifə deyil, həm də psixoloji ehtiyacdır.

 

Unutmayaq ki, vaxt insanın idarə etdiyi bir sərvətdir. Onu necə bölüşdürürüksə, həyatımız da o istiqamətdə formalaşır. Kimisi vaxtını mənasız məşğuliyyətlərə sərf edir, kimisi isə bir neçə dəqiqəlik sükutda Allahla söhbət edir.


Əslində “vaxtım yoxdur” ifadəsi bir seçimdir – ibadəti seçməmək, ruhun çağırışına cavab verməməkdir.

 

İnsan gün ərzində dəfələrlə telefonuna baxır, sosial şəbəkədə yazışır, film izləyir. Deməli, vaxtı var. Sadəcə onu nəyə ayıracağına qərar verir.


İbadətə ayrılan bir neçə dəqiqə insanın ruhunu dincliklə doldura, həyatına istiqamət verə bilər. Çünki ibadət insana məna hissi, şükür duyğusu və daxili sabitlik qazandırır.

 

“Vaxtım yoxdur” deyən insan əslində naşükürlük edir. Allah insana saysız-hesabsız nemətlər bəxş edib – göz, qulaq, sağlamlıq, hava, ailə, ruzi... Və bunların qarşılığında sadəcə bir neçə dəqiqəsini Ona ayırmağı istəyir. Əgər insan bu qədər nemətin sahibiykən bir anlıq təşəkkür etməyə belə vaxt tapmırsa, bu, artıq nankorluq deyilmi?

 

İbadətə vaxt ayırmaq üçün saatlarla boş zaman lazım deyil. Bəzən bir neçə dəqiqəlik dua, bir ayə oxumaq, bir səcdə, bir sükut belə insanın ruhunu dincliklə doldura bilər. Əsas məsələ bu dəyəri qəbul etmək və ona yer ayırmaqdır.

 

Vaxtımız var, sadəcə nəyə ayırdığımızı seçirik. İbadətə ayrılan vaxt insanın özünə verdiyi ən böyük hədiyyədir.

 

Hacı BƏKİROĞLU