– Özünü təqdim et.

 

– Mən İsmailov Abdula (Gürcüstanda belə yazılır). Abdulla Elşadlı kimi Azərbaycan teatr icmasında tanınıram. Rejissoram. Həm də dramaturq kimi də fəaliyyətdəyəm. 1994-cü ilin isti avqust ayının 22-də Marneuli rayonunun İmircala kəndində anadan olmuşam. 22 ildir Bakı şəhərində yaşayıram. Burada orta məktəbi bitirmişəm, sonra İncəsənət Universitetinə qəbul olmuşam – Musiqili teatr rejissorluğuna. Oranı bitirməmiş 3-cü kursda (2016-cı il) Cənab Prezidentin “2009-2019 Teatrların İnkişafı Sərəncamı” əsasında Moskvaya, Boris Şukin adına Teatr İnstitutuna qəbul oldum. Daha sonra bitirdim və 2021-ci ildən Akademik Rus Dram Teatrında çalışıram.

 

– Teatra ilk gəlişin necə oldu?

 

– Hər şey məktəbdən başladı. Məktəb tədbirlərində şeir deyirdim. Sonra tədbirləri mən başladım hazırlamağa. Daha sonra Zabrat “28 May adına Uşaq Kitabxanası”nın baş kitabxanaçısı Gülşən xanım gördü məni və kitabxananın KVN komandasına dəvət etdi. Orada da rejissor Anar Babalı gördü və Maştağa Mədəniyyət Evinə apardı. Artıq 10-cu sinifdən aktiv şəkildə dram dərnəyinə gedirdim və tamaşalarında oynayırdım. 11-ci sinifdə qərara aldım ki, aktyorluğa qəbul olacam. Elə həmin Mədəniyyət Evində ilk tamaşamı qurdum (əgər buna tamaşa demək olarsa, indiki baxışımla) – Fonvizin “Nadan övlad”ını. Oranın keçmiş direktoru baxdı tamaşaya və dedi ki, güclü rejissor əsası var və mesajı dəqiq ötürə bilirsən. Sən rejissorluğa ver sənədlərini. Elə də elədim. Əməkdar  artist Nofəl Vəliyevin yanına hazırlığa getdim. Sağ olsun, pulsuz-parasız hazırladı və 2013-cü ildə Fikrət Sultanovun sinfinə rejissorluğa qəbul oldum. O vaxtdan bu yana artıq professional həyata qədəm qoydum. 1-ci kursun sonunda kurs işimi Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində qurdum – H.Cavid “İblis”.

 

– Səni bu sənətə bağlayan əsas səbəb nə idi?

 

– Səbəbləri çox uydura bilərəm. Gözəl sözlər deyə bilərəm. Amma deməyəcəm. Heç bir səbəb-zad yox idi üzdə... Sadəcə, bu, taledir. Allah məni burada görür və mən burada daha çox fayda verə bilərəm – ilk öncə özümə, sonra isə cəmiyyətə, Vətənimə. Bu həyat tərzidir. Rejissorluq, ümumiyyətlə, həyat tərzidir. Hər şeyə artıq rejissor kimi yanaşırsan sən. Hətta şəxsi həyatına belə, ətrafına belə, dostlarına belə, valideynlərinə belə. Belə olmayanda isə Allah (bizim uydurmamızda TEATR) səni özü dışlayır teatrdan və uzaqlaşdırır.

 

– Rejissor olmaq sənə görə idarə etməkdir, yoxsa hiss etdirmək?

 

– İlk öncə idarə etmək. Özü də sərt idarəçilik. Gestapo idarəçiliyi. Rejissorluq demokratik sənət deyil. Demokratiyanı, ümumiyyətlə, sevmirəm. O nədir ki? Heç Allah belə demokratik deyil. Deyir mən dediyim kimi qıl namazı. Sübh namazı 2 rükətdir. 3, 4, 7, 4 rükət qılmaq istəyirəm axı, deyirsən. Deyir, xeyr, mənə sübh 2 rükətli lazımdır. Əmrindən çıxanda isə cəzanı alırsan. Özü də şiddətli töhmətlə. Bir növ teatr rejissorluğu da belədir. Ona görə hiss, miss-zad boş şeydir. Nə hiss? Hisslə sənət olur? Hiss aktyor üçündür. Rejissor isə hissi söndürüb, beynini açmalıdır, qoşmalıdır. Onda teatr olur. Əks halda isə dərnək olur – dram dərnəyi.

 

– Rejissor olaraq heç bu tamaşa alınmadı dediyin olub?

 

– Bir dəfə olub. Çox pis “pravalım” olub. Özü də biabırcasına pis. Bir həftə depressiyada olmuşam. Bu mənim üçün çox böyük dərs oldu.

 

– Səhv kimdə idi? “Pravalın” səbəbini kimdə görürsən?

 

– Özümdə. Səhv əsər seçimi – bu idi səbəb. Mən özüm öz məktəbimin prinsiplərinə, ümumi teatr prinsiplərinə zidd iş görmüşdüm. Əsəri seçəndə truppanın gücünü nəzərə almamışdım.

 

– Sevdiyin rejissor kimdir? Kimi özünə kumir bilirsən?

 

– Kumirim yoxdur. Kumir anlayışı səhvdir, ümumiyyətlə. Bu geniş mövzudur. İndi istəmirəm burada danışmaq. Qısası, rejissor kimi kumirim yoxdur. Amma sevdiyim və rəğbət bəslədiyim, lazım olsa oğurluq etdiyim rejissorlar var. Biri rəhmətlik Rimas Tuminas. Dahi idi. Bizim akademiyada dərs deyirdi. Onun tamaşaları möcüzə idi. Ha düşünürəm ki, necə edirdi belə alınırdı tamaşaları, tapa bilmirəm. Elə möcüzə də bunda idi. Məsələn, “Şah Edip”, “Vanya dayı”, “Gülümsə bizə, ay Allah” tamaşaları – bax, adi yutubda bax və öyrən. Mizan qurmağı öyrən. Bütün mizanlar məntiqi şəkildə bir-birinə bağlıdır. Qırılmalar yoxdur. Personajların coğrafiyası dəqiq qurulub. O boyda şərtiliyin içində sənin beynində real coğrafiya yaranır. Və təbii ki, aktyorla işləməsi... Bu, ayrıca bir möcüzəsidir Tuminasın. İkinci rejissor, hansı ki, özümə Ustad deyərdim sayıram – Dmitri Krımov. Dahidir. Dahi ona görə deyirəm ki, onun sənətini ifadə etmək üçün ondan yüksən söz bilmirəm. O “Genius”dur.

 

– Sən dedin “arada oğurluq etdiyim” rejissorlar var və ya rejissor. Yəni, belə çıxır ki, sən oğurluq edirsən?

 

– Sən oğurluğu nəyi başa düşdün ki? Forma, həll, mizan?

 

– Başqa nə oğurlamaq olar ki? Forma, təbii ki.

 

– (Gülür) Xeyr. Bu oğurluq yox, əxlaqsızlıq və qəsbkarlıqdır. Mən forma, həll oğurlamıram, mən rejissura açarlarını oğurlayıram. İşləmə prinsiplərini, prosesi qurmağı oğurlayıram. Əsərə münasibəti, “şərti, uydurma dünyanı” qurmağı oğurlayıram. Bu da bir bacarıqdır. Ustadım Andrey Leviçki “Крадите, как художник” deyərdi. Yəni “Yaradıcı kimi oğurlayın”. Demək, oğurluq etmək üçün birinci növbədə gərək yaradıcı olasan, rejissor olasan. Yəni ümumi rejissura prinsiplərini biləsən ki, sən lazımi açarı seçib oğurlaya biləsən. Sənətin ümumi prinsiplərini bilmədinsə, sən bunu edə bilməyəcəksən və sənin bayaq dediyin kimi, firmanı, həlli oğurlayacaqsan, daha çox isə formanı. Çünki bəlkə də həlli də oğurlamaq bir istedaddır. Çünki sən, ümumiyyətlə, bilməlisən həll nədir ki, onu tapıb özündə tətbiq edəsən.

 

– Həm də dramaturqsan.

 

– Yox, yazmaq və tərcümə etmək xobbimdir. İldə bir pyes yazam, ya yazmayam. Demək professional deyiləm. Sadəcə ideya gəlir, mövzu yaranır, dramaturji həllini tapıram və yazıram. Sonuncu yazdığım “-” postapokaliptik mono dramım “Characters” müasir dramaturgiya festivalında 2-ci yerə çıxdı. Bir əsərim isə Füzuli Teatrında Mirzə Nicatın quruluşunda repertuarda gedir. Amma dramaturgiyanı bilirəm. Bu isə üstünlüyüm deyil. Mən rejissoram və bunu bilməyim ilk şərtdir ki, dramaturji materialla işləyə biləm.

 

– Postmodern rejissorsan. Adi rejissorluqdan fərqi nədir ki, bu rejissorluğun?

 

– Kim deyir, postmodern rejissoram mən? (Gülümsəyir).

 

– Elə deyirlər. Hamı...

 

– Səhv deyirlər. Ya da, qoy elə desinlər. Amma mən adi rejissura ilə məşğulam. Heç bir cərəyana özümü aid etmirəm. Yəqin quruluşlarım, əsərə yanaşmaq fərqlidir deyə belə təəssürat yaranır. Amma bu da ona görədir ki, mən əsəri həll edirəm, mülliflə çox sərbəst davranıram. Əsər mənim ali məqsədimə qulluq edir. Ortada mən və ali məqsədim olur, sonra dramaturji material, sonra isə dramaturq. Onun üçün də belə həllər (yozum yox, yozum sözünə nifrət edirəm) yaranır. Amma nə ad qoyursan qoy, ortada əsas növbədə hekayə və problem olmalıdır. Bu ikisi olmadısa, istəyirsən postdramatik rejissor ol, istəyirsən postposthippermodernist rejissor ol... (dalını gətirmir.)

 

– İndi hansı əsəri qurursan?

 

– Hazırda Mədəniyyət Nazirliyinin göndərişi ilə Gəncə Dövlət Milli Dram Teatrındayam. “Öyrədərək öyrənirəm” layihəsi ilə. Bir ay burada olacağam. Bu layihəyə daxildir – aktyor sənəti üzrə Ustad dərslərim və tamaşa. Artıq prosses gedir. İyunun 25-də premyeramızdır. Teatrın kollektivi və əsas da aktyor truppası tam səfərbər olublar tamaşanın istehsalatına. Əsər isə özümündür. Adı belədir: “Zəhrimar”. Narkomaniyaya aiddir. Daha doğrusu, mövzu narkomaniyadır. Amma səhnədə bir dənə də olsun narkoman görməyəcəksiniz. Adətən bu mövzuda film və ya tamaşalarda hamı qaşınır, ağrı içində olur səhnədə. Qışqır, bağır və sair – bunun kimi qeyri-professional dram dərnəyi səviyyəsində vasitələr. Amma bizim bu tamaşada bunlar yoxdur. Amma təsirli hekayə var. Özü də çox təsirli.

 

– Sonda bir sual verim sənə. Teatr müqəddəsdir sənin üçün? Məbəddir?

 

– Müqəddəs e... (Gülür). Müqəddəs məkanlar başqadır. Teatr isə “daxilində sənət məhsulu, yəni tamaşa istehsal edib, öz istehlakçısına satandır. Bir növ zavoddur. Bir zavod çörək istehsal edir, biri çəkələk, ayaqqabı, biz isə tamaşa. Burada müqəddəs nə var ki? Sadəcə, ruhi qatı var bunun (ruhsal yox, ruhi) – o da aktyordur.

 

– Çox sağ ol müsahibə üçün.

 

– Sən sağ ol.

 

Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.