NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Müəyyən edildiyi kimi, Oğuz tayfaları arasında ayrı-ayrı bəylərin, əsasən onların sədaqətli xidmətinin əməlli-başlı olmayan dəyərindən irəli gələn və bu da kəskin, elə götürək siyasi parçalanmaya səbəb olan narazılığının ifadəsi nadir müstəsna hal deyildir. Çünki bu, ümumiyyətlə, feodal quruluşu üçün adi hal idi. Lakin əlahiddə qeyd etmək lazımdır ki, Şərqin qəhrəmanlıq eposunda bu cür qiyamçılar yaltaqlara nisbətən daha çox yurdun və ölkənin müdafiəçisi təsirini bağışlayır.
Lakin indi süjetin gedişinə qayıdaq. Xatun Bəkilə məsləhət görür ki, “Padşahına asi olanın işi rast gəlməz. Arı könüldə pas olsa şərab açar. Ava bimgil, könlün açılsın!”
Bəkil fikrə getdi, xatunda kişi ağlı var imiş, deyə düşündü və ova getdi. Lakin ov zamanı onun qarşısına yaralı ceyran çıxdı. Onun arxasınca düşdü. Bəkil atın cilovunu tuta bilmədi, yıxıldı, ombasını qırdı və birtəhər ordusuna yetişdi. Onun oğlu İmran qarşısına çıxdı və onu məzəmmət etdi: “Neylədin, qara donlu kafirlərəmi uğradın, alagözlü igidləri qırdırdınmı?” Atası da “hər şey əmin-amanlıqdır, yalnız məni yatağa apar”, dedi. Bəkil beş gün ərzində dərindən ah-vay edirdi. Sonra öz xatununa dedi ki, ayağımı sındırmışam. Bu xəbəri xatunu qaravaşa söylədi, o da qapıçıya söylədi. Beləcə onun əlilliyi və yatağa düşməsi bütün orduya yayıldı... Casus da Bəkilin başına gələnləri təkurə çatdırdı. Bəkilə də xəbər yetirdilər ki, düşmən sənin üzərinə gəlir. Vahimələnmiş Bəkil oğluna üz tutdu, başına gələnləri ətaflı ona danışdı və xahiş etdi ki, Bayandır xanın yanına getsin, əlindən öpsün, xahiş eylə, əgər köməyə gəlməsən bu məmləkəti tamamilə xarabaya çevirərlər. Oğul atanın xahişini rədd edir: Bayandır xan barədə eşitməmişəm, onunla işim olmayıb və onun divanına varmamışam. Altındakı al ayğırı, yay-oxunu mənə ver, igidləri yanıma gətir və dini-Məhəmməd yoluna xidmət edək sənin üçün. İmranın bu cavabı onun ləyaqətindən və qürurundan, eləcə də üsyankar xarakterindən aydınca xəbər verir. O, adını eşitmədiyi Bayandır xana yardım üçün üz tutmaq istəmir. Eləcə də yeni nəslin mövqeyi bəlli olur ki, iyerarxiya üsul-idarəsinə qarşı onların münasibətini əks etdirir.
Qısası, İmran atasının atına minir və atasının yaraq-yasaqı ilə təchiz olunur. Yağı təkur Bəkilin atını görəndə əvvəlcə təşvişə düşür və qaçmaq istəyir, lakin sonra anlayır ki, ata Bəkil deyil “quş boyda oğlan” minib. Ona hücum edir və kinayəli olaraq onu alçaldır və hədə-qorxusunu belə tamamlayır:
“Ağ saqallu baban varsa, ağlatmagil,
Ağ birçəklü anan varsa, bozlatmagil.
Yalnuz yigit alp olmaz.
Yovşan dibi bərk olmaz.
Qadası yetmiş, qavat oğlu qavat,
Qayıda dön buradan!” (D.D.K., səh. 148; D.D.K., səh. 121; O.D.D.K.K., səh. 173).
İmran qorxmur və cavab verir:
“Hərzə-mərzə söyləmə, mərə itim kafir!
Altımda Al ayğırım nə bəgənməzsən, -
səni gördi, oynar.
Əgnimdəki dəmür donum çığnüm qısar.
Qara polad uz qılıcum qının doğrar.
Qarğı dalı suğum nə bəgənməzsən,
Köksün dəlüb gögə pırlar.
Ağca tozlu qatı yayım zarı-zarı inlər.
Sadaqda oxum kişin dələr.
Yanımda yigitlərim savaş dilər.
Alp ərə qorqu vermək eyib olur.
Bərü gəlgil mərə kafir dürişəlim!” (D.D.K., səh elə orada; D.D.K., səh. 129; O.D.D.K.K., səh. 174).
Axırda təkur ilə İmran arasında savaş başlayır. Müxtəlif silahların istifadə olunduğu bu amansız mübarizədə heç biri qalib gələ bilmir. Sonra İmran Tanrıdan yardım diləyir və onun sayəsində təkuru yerə yıxır. Burnundan qan fışqırdı. Oğlan əlini uzatdı və təkurun boğazından yapışdı. Təkur ona dedi, aman ver və sizin dini qəbul edim. O, doğrudan da şəhadət gətirərək müsəlman oldu. Bunu kafirlər eşidərək meydanı tərk edib qaçdılar.
Dədə Qorqud gəldi, şadyanalıq etdi. Bu oğuznaməni düzdü-qoşdu, Bəkil oğlu İmranın olsun dedi.
Və nəhayət, qeyd etməliyəm ki, bu boy ilə verilən hadisə “Doqquz tümən Gürcüstan xəracı” ətrafında baş verir: Gürcüstandan üzdəniraq xərc (vergi) göndərilməsi, Gürcüstanla sərhədin möhkəmləndirilməsi və eyni zamanda qiyamçı qəhrəmanın Gürcüstanda necə sığınacaq tapmaq istəməsi və sair. Əsas fəaliyyətdə olan qəhrəmanın İmran adı Amiranın, gərək ki, qısaldılmış formasıdır. Əgər qədim gürcü eposunun gürcü və ümumiyyətlə, Qafqaz xalqları folklorunda çox geniş yayılmış qəhrəmanı – Amiranini xatırlasaq bu baxış dairəsi daha inandırıcı olar. İllah da ki, bu qəhrəmanın igidliyinin əfsanəsi dünya xalqlarının şifahi xalq ədəbiyyatında da müxtəlif boyalar spektrində dəyişikliklərə uğranmış halda özünü göstərir. Və əgər bu güman məqbuldursa, onda daha çox etibarlı olur ki, “Dədə Qorqud”un yazılı versiyası nəhayət Azərbaycan ərazisində bərqərar oldu.
* * *
Sonrakı “Uşun Qoca oğlı Səgrək” boyu iki qardaşın başına gələn sərgüzəşti və əsir götürülmüş boyük qardaşın xilas edilməsi üçün kiçik qardaş tərəfindən hücumu bizə nəql edir.
Böyük qardaş Əgrək Bayandır bəyin divanında tayı-bərabəri olmayan igid idi. İstədiyi vaxt qapı onun üzünə açıq idi, sormadan məğrurcasına ora daxil olurdu. Bir dəfə də incik düşmüş igid Tərsuzamış dedi: “Mərə Uşun qoca oğlı, bu oturan bəylər hər biri oturduğu yeri qələcəyla-ətməgilə alıbdır. Mərə, sən başumı kəsdin, qanmı tökdün, acmı döyurdun, yalıncaqmı donatdın?!”
Bu çağırış Əgrəyi düşündürdü. Qazan bəydən basqınçı qoşun istədi və onlar da ətraf ərazini Göycə gölünə qədər uzatdı. Təkurun qoruğu olan Əlincə qalasına uğradılar. Ora girdilər, ceyran, qaz, toyuq qırdılar və istirahət etdilər. Qara təkur altı yüz qara donlu kafiri bunların üzərinə göndərdi. Onlar hamısını qırdılar və Əgrəyi Əlincə qalasına saldılar.
Bu ərəfədə onun kiçik qardaşı boy-buxunlu igid Səgrək böyüdü. O, yetim uşaqlardan qardaşının əhvalatını duydu. O, anasının yanına gəldi və soruşdu: Nə müddətdir igid Əgrək əsir düşüb, balacadan tutmuş böyüyə qədər hamı ora yollandı, mən də ora getməliyəm.
Bu zaman anası deyir:
“Qalın Oğuz bəgləri izinə varsa
sən vargil!
Ol yigidə yetdügində
ağ-boz atın üzərindən yerə engil!
Əl qavşırıb ol igidə salam vergil!
Əlin öpüb, boynın qucgıl!
Qara dağım yüksəgi qardaş degil!
Nə durarsan, oğul, yortgil!”
Anasının indiyədək qardaşının əhvalatını söyləmədiyindən qəzəblənən Səgrək söyür və məzəmmət edir, gərək başını kəsəydim, al qanını yerə tökəydim deyir.
Burada artıq ikinci haldır ki, oğul valideynini öldürməyə ərk edir və ədəbsiz sözlərlə onu söyür. Bu da ki, artıq yuxarıda qeyd etdim, qədim Oğuz ənənələri üçün tamamilə qəbul edilməzdir. Lakin bu dəfə bu söyüş yalnız təzadlı effektin alınması üçün verilib ki, valideyn güclü sevgiyə və ehtiyata görə qardaşının faciəsini söyləmədikdə daha böyük bir cinayəti üzərə çıxartsın. Müəyyən olunur ki, ikinci qardaşın xilasına gəldikdə, ana məhəbbətinə və ona hörmətə nisbətən Oğuz igidləri üçün valideynin bu cür ehtiyatlılığı daha çox qəbul edilməz idi.
Lakin o, qardaşını xilas etməyə gedənə kimi, nişanlısı var və təcili ona toy edirlər, gərdəyə salırlar. Lakin yataqda oğlan qılıncını çıxartdı və araya qoydu. Gəlin deyir ki, qılıncını götür, murad ver, murad al və sarılalım. Bu zaman Səgrək deyir ki, sən ey qəhbə və artıq əvvəlcə gətirilən andı sözbəsöz təkrar edir, vurğulayır ki, qardaşımın qanını almamış kam alan deyiləm. İndi gedirəm və əgər üç il görünməsəm, hesab elə ki, daha sağ deyiləm və könlün istəyənə ərə get. Qadın yenə yalvarır, neçə il olur olsun, səni gözləyəcəyəm, “başıma erkək milçəyi də qondurmaram”, təki murad ver, murad al. Lakin igid deyir: “Ala gözli oğlun qardaşını andı, gedər. Ağca yüzlü gəlinün döndəriməz”. Ata-anasının əllərindən öpdü, öz Qaraquş atına mindi və Dərəşam dərəsini keçdi və bir qoruğa çatdı. Cəngavərlərin xüsusiyyəti və imanı idi. Gürcülər arasında bu ki, ən qədim genetik koddur. Bundan “Pələng dərisi geymiş pəhləvan” açıq şəkildə xəbər verir.
Bu, artıq igidin tərəfindən ilk gecə muradının yerinə yetirilməsindən imtina etməsinin ikinci epizodudur ki, bu da oğuzlar arasında möhkəm bərqərar olunmuş ənənənin əyani sübutudur. Dost, istərsə də qardaş çətinlikdədir və onu xilas edənə kimi öz xöşbəxtliyindən imtina etməlisən. Bu ənənə bizdə, gürcülər və Qafqaz xalqları arasında da hökm sürürdü. Ümumiyyətlə, qafqazlı cəngavərlərinin xüsusiyyəti və inamı idi.
Səgrək ilk döyüş zamanı altı kafiri məhv etdi, üç gün, üç gecə yatmayan oğlana yuxu zor gəldi. Atın yüyənini biləyinə keçirdi və uyudu. İkinci döyüş zamanı altmış silahlı döyüşçünü dəf etdi. Üçüncü dəf onu ələ keçirmək üçün yüz nəfər gəldi və onları da dəf etdi. Hər döyüşün sonunda yatırdı, lakin at onu oyadırdı. Nəhayət, qərara gəldilər ki, əsir igid Əgrəyi yollasınlar. Ona dedilər ki, burada dəlibaş azğının birisi var, yolçu-yoluqçunun, çoban-çoluğunun əkməyini alır. Əgrək də razılaşdı və yatan igidin üstünü aldırdı. Elə ki, o oyandı, rastına çıxanı qılıncla vurmaq istədi. Lakin gördü ki, əlində qılınc əvəzinə qopuz tutub. Onlar arasında deyişmə baş verir. Nəhayət, anlayırlar ki, qardaşdırlar, bir-birinə sarılırlar və kafirləri birgə məğlub edirlər.
Həmin gün Qoca bəy şadyanalıq etdi, hər iki qardaş gərdəklərinə girdilər və muradlarına yetişdilər.
Dədə Qorqud gəlib boy boyladı, soy soyladı, bu dastanı düzüb qoşdu:
“Əvvəl-axır uzun yaçın uci ölüm!
Ölüm vaqti gəldügində arı imanından ayırmasun!
Günahınuzı Məhəmməd Mustafa yüzi suyinə
bağışlasun!
“Amin” deyənlər didar görsün!
Xanım, hey!”
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU