NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Dədə Qorqudun son boyunun başlığı “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüği” adlanır. Boyun başlığı artıq bizə Oğuz tayfalarının parçalanmasından və bir-birinə qarşı mübarizədən xəbər verir ki, bu da oğuzlar ölkəsinin birliyi və qüdrətinin süqutuna səbəb olurdu.

 

Qazan üç ildə bir dəfə iç və kənar Oğuz bəylərini yığırdı və toplaşanların evlərini talan etdirərdi. Bu talan, əgər Orxan Şaik Gogyaya inansaq, qədim Oğuz ənənəsinin çağırışı olmalıdır ki, bu da ta qədimdən bəri kollektiv və şəxsi hüquqların qarşılıqlı münasibətlərini tənzimləyirdi. Bunu, demək mümkündür ki, “podlaş” (Osmanlının sonrakı dövrlərində bütün mallarını paylamaq yerinə qonaqlıq verilirdi. Bir çox primitiv mədəniyyətdə bənzər formalarda “potlaç” adıyla bilinən və var olan bir tətbiqdir - M.M.) olaraq xatırladırlar. O, Türkiyədə yayılmışdı, bu hərəkəti  “evin talan edilməsi” kimi qələmə verirlər. Müəyyən olunduğu kimi, bu müxtəlif formalarda baş verirdi. Məsələn, bəzən o, meydanda nümayişkəranə təşrif buyururdu, bəzən də qonaqlığa dəvət olunan qonaqlarda şəxsi hüquq və ləyaqətini qazanmaq hissi oyanırdı və bu işləri yerinə yetirmək istəyirlər. İllah da ki, əgər ev yiyəsini məğlub edə bilərdilərsə, bu halda totemi və şəxsi hüquqlarını qazanırdılar. Lakin bu kobud və bəyan olunmuş yolun tərəfdarları olmayanlar qonaqlığı təşkil edən ev sahibindən bu hörmətə layiq olmağa razı idilər (Bu barədə bax: D.Q.K., səh. 302-303).

 

Qısası, bu dəfə Qazanın evinin talan edilməsində dış oğuzlar iştirak etməyiblər. Bunu öz hüquqlarının  tapdanması kimi hesab etdilər, Qazana qarşı qəzəbləndilər və onun yanına getmədilər.

 

Qazan onların gəlməməyinin səbəbi ilə maraqlandı və qulbaşını bunu öyrənmək üçün göndərdi. Aruz göndərilənə birbaşa dedi ki, Qazan “evin talan edilməsində” bizə iştirak etməyi tapşırmadığından “biz onun düşməniyik, bunu o bilməlidir”. Aruz bütün bəyləri topladı və onlar Qurana əl basıb sədaqət andı içdilər. Sonra Qazanın sədaqətli dostu olan öz kürəkəni Beyrəyi sınamaq istədi və bəylərə dedi: Guya onun köməkliyi ilə Qazanla barışmaq istəyirik. Bizə müti olarsa, xoş! Olmazsa qılıncla doğrayaq, Beyrəyi başımızdan rədd edəndə bizim işimiz tərsinə getməz. Beyrək dəvətlə razılaşdı və Aruzun yanına getdi. Orada Qazanla düşmənçiliyi tələb etdilər, Beyrək buna mədəni şəkildə rədd cavabı verdi. Aruz quduzlaşdı, yerindən qalxıb Beyrəyin saqqalından yapışdı. Burada Beyrək söylədi:

 

“Aruz, mana bu işi edəcəgin bilsəydim,

Qaraqucda Qazılıq atuma binərdim!

Əgni bərk dəmür donum geyərdim!

Qara polad uz qılıcım belümə bağlardım!

Alın-başa qunt işuğum urardım!

Qarğu dalı altmış tutam sügümi

əlümə alurdım.

Ala gözlü bəgləri yanıma salırdım!

Qavat, mən bu işi duysam,

sana böylə gəlürmiydim?!

Aldayuban ər tutmaq övrət işidir,

Övrətindənmi ögrəndin, sən bu işi, qavat?!” (D.D.K., səh. 173; D.D.K., səh. 148; O.D.D.K.K., səh. 201).

 

Aruz bu sözlərə görə çox hirsləndi, Beyrəyin saqqalından yapışdı, heç bir bəy onu öldürmək istəmədiyindən Beyrəyin sağ ayağına qılınc çaldı. Beyrək qana bulaşdığından güclə çadıra yetdi və dedi: “Yarın qiyamət günində mənim əlüm Qazan xanın yaqasında olsun, mənim qanım Aruza qorsa!” və əlavə etdi:

 

“Qaytabanda dəvələrim bozlatmadın,

Qaraqucda Qazılıq atım kişnətmədin,

Ağca qoyunlarım mənrişmədin.

Ağca yüzlü qızım-gəlinüm əkşəşmədin,

Ağca yüzli görklimi Aruz oğlı Basat

gəlüb almadın,

Elüm-günüm çapmadın,

Qazan mana yetişsün,

Mənim qanım Aruza qomasun.

Ağca yüzlü görklümi oğluna alı versün.

Axirət haqqını halal etsün.

Beyrək padşahlar padşahı Haqqa vasil oldı,

bəllü bilsün!”

 

Beyrəyin ölümünə görə ümumxalq matəm elan edildi. Qazan qoşunu topladı, döyüş üçün hərəkətə keçdi. Qaydaya görə, əvvəlcə təkbətək döyüş olmalı idi. Hamı bir əleyhdarı seçdi. Dəstələr sıraya düzüldülər, lakin elə ilk döyüşdə Qazan Aruzu məğlubiyyətə uğratdı və başını vurdurdu. Bunu dış oğuzlar görəndə hamısı atdan düşdü, Qazandan bağışlanma xahiş etdilər və əllərindən öpdülər. Qazan onları bağışladı. Lakin Aruzun evini dağıtdı və elini-gününü yağmalatdı. Oğuzların bu savaşı belə başa çatdı. Dədən Qorqud gəldi, şadlıq çaldı, qazi ərənlərin başına nələrin gəldiyini söylədi. Bu bəndi yuxarıda vermişəm, lakin bu, bütün əsərin leytmotivini, Oğuz xalqının dünyagörüş inamını və estetik-əxlaqi məcəlləsini bizə verdiyindən, yenə də onu əsaslandırmaqla əsərin qısa təhlilini başa çatdırmaq istəyirəm:

 

“Qanı dedigim bəg ərənlər,

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi.

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya!

Son ucı ölümli dünya!” (D.D.K., səh. 176; D.D.K., səh. 151; O.D.D.K.K., səh. 204).

 

* * *

Biz yuxarıda bütün boyların Oğuz, daha doğrusu, türkdilli tayfaları tərəfindən işlənib hazırlanan etik-əxlaqi və istərsə də estetik qavrayış ənənələrinə və qaydalarına əsaslanan süjet məhvərini, onun semantik arenasını müzakirə etdik ki, bu da bu təhlil olunan eposda çoxlu baxış dairəsi ilə özünü büruzə verib.

 

Nəhayət, əgər eposda qaldırılan motivlərə və tematik pillələrə varsaq, bu cür mənzərə alarıq: Hər şeydən öncə nəslin və yaxud övladlılıq və övladsızlıq problemi özünü göstərir. Nəslin baxış dairəsi ilə oğula üstünlük verilir, oğul ailənin bürcüdür, lakin döyüşdə və savaşda özünü göstərməmiş ona ad qoymurlar və igid hesab etmirlər. Barı, elə burada vurğulayacağam ki, Oğuz igidləri üçün at sürməkdə, qılınc savaşında və güləşdə igidlərdən geri qalmayan qızı layiqli adaxlı hesab edirdilər. İgidlər isə döyüş sənəti və fiziki qüvvədən başqa mənəvi ucalığa, sədaqətə, andı pozmamağa, dosta xəyanət etməməyə malik olmalıdırlar. O, dostunu bədbəxtlikdən xilas etməyincə öz xoşbəxtliyi barədə düşünmürdü. Ata-oğul, ana-oğul münasibətləri problemi geniş şəkildə verilmişdi. Yaxşı oğul nə anasının, nə də atasının sözündən çıxmır və sözünü yerə salmır.  Lakin düzgün olmayan baxış dairəsinə və düzgün olmayan mənəvi mövqeyə görə xaincəsinə olan hallar, o cümlədən ov ovlamaq tez-tez təhlükəyə səbəb olur. Eləcə də dərin yuxuya getmək, elə “kiçicik ölümə” görə  Oğuz igidi məğlubiyyətə uğrayır və əsir düşür. Və ən başlıcası, qəhrəmanın gələcək taleyinin həllində yuxunun böyük əhəmiyyəti vardır.

 

Eposda adlı-sanlı Oğuz bəylərinin xarakterizə olunmasına böyük yer ayrılır. Onların döyüş və savaş mənzərələri inandırıcı şəkildə verilmişdir. Oğuz bəylərinin təsvirindən başqa igidliyinə, sədaqətliliyinə, səmimiliyinə görə sahibindən də artıq olan bir çobanın siması diqqətəlayiqdir. Eposun əsas mövzusu hər halda məhəbbət və aşiqanəlikdir ki, bu da gəlinlə bəy arasında müqavimət olaraq inkişaf edir, lakin axırda yaxşılıqla və xeyirxahlığın qələbəsi ilə bitir. Bütün bunlar təbiətin ağuşunda və oğuzların yaşamalı olduğu  təbii mühitdə sərgilənib ki, bu da eposun bədii boyasına və harmoniyasına bilavasitəlik verir.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU