QARAGÖZ TEATRI

 

“Nağıl” – bu səyyar teatr yalnız yay ayları mövcud idi.

 

Qışda?

 

Qışın uzun gecələrində onların meydanı qəhvəxanalar idi.

 

Mən Şeytanbazar qəhvəxanalarında əlində saz gəzən türk aşığını görmüşəm ki, bu da iştirakçılara bütün iki-üç saat ərzində Şərqin hansısa qəhrəmanının sərgüzəştlərini ara vermədən nəql edirdi (“Koroğlu”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s.). Paralel olaraq yuxarı mərtəbələrin qəhvəxanalarında  miniatür tamaşalar göstərilirdi ki, bunu da camaat bu gün də “Qaragöz” teatrı adlandırır.

 

Qaragöz tamaşalarının xalq xarakteri olduğundan qısaca olaraq bu teatra da toxunsam pis olmaz.

 

Qaragöz kim idi və bu cür janr teatrı hardan gəlir.

 

Qaragöz barədə belə bir əfsanə mövcuddur: Sultan Muradın (Orxan Qazinin – M.M.) zamanında Bursada nəhəng came inşa olunurdu. Saysız-hesabsız bənna çalışırdı, lakin iş nədənsə yavaş templə gedirdi. Müəyyən olunur ki, kimsə Qaragöz və Hacivat öz gülməli əhvalatları ilə bənnaları əyləndirir və camenin inşasının başa çatdırılmasına mane olurdular. Qəzəblənən sultan Qaragözün və Hacivatın boynunun vurulmasını əmr edir. Sərəncamı həyata keçirdilər, lakin camenin inşasının başa çatdırılmasına hər halda heç bir çarə olmadı. Sultana isə Qaragözün kölgəsi dinclik vermirdi. Narahatlıq hissi keçirirdi, əzab-əziyyət çəkirdi. Nəhayət, sultan şeyxi yanına çağırtdırdı və xahiş etdi ki, bu qəm-qüssəni və vicdan əzabını bir təhər canlandırsın. Fərasətli şeyx Qaragöz və Hacivatı canlandırmaq  niyyətində oldu. Bu iki baməzənin hərəkət edən fiqurlarını dəridən kəsdi, onlara sap bağladı və dartılmış kətan üzərində oynatdı, şeyxin özü isə pərdənin arxasında dayanıb Qaragözün dili ilə sultana məhz elə bu qəhrəmanların qurbanı olduqları həmin baməzə əhvalatı söyləyirdi... Lakin şeyx qəflətən fiqurları gizlədib pərdə arxasından çıxdı və sultana belə bir məlumat verdi: “Həyat, ey böyük hökmdar, qısa nağıldır. Hər bir canlı məxluq Qaragözun və Hacivatın kölgəsi kimi bir xəyal olaraq görünəcəklər, şimşək kimi çaxacaqlar və yox olacaqlar. Məgər, böyük hökmdar, bunun üçün əzab çəkməyə və bu qədər qəm-qüssəyə qərq olmağa dəyərmi?” Əfsanə vurğulayır ki, şeyx bu tamaşası ilə sanki xalqın sevimli qəhrəmanlarını canlandırmışdır.

 

Bax, vətəni də Osmanlı olan və demək olar ki, bu günə qədər Tiflisin Şeytanbazar qəhvəxanalarında qorunub saxlanılan bu kiçik kölgələr teatrının əsası belə qoyuldu.

 

Sonra bu cür tamaşaların məğzi daha da formalaşdı və pyes müxtəlif personajlarla zənginləşdi. Qaragöz və onun köməkçisi Hacivatdan başqa ekranda dini şəxslər, qadınlar, quldurlar və sairlər göründülər. Qaragöz teatrının repertuarı barədə bir az təsəvvürümüzün olması üçün bir pyesin məğzini misal gətirəcəyəm:

 

Molla, dərzi və dülgər dostlaşdılar və yola çıxdılar. Yolda axşama düşdülər. Onlar quldurlardan qorxduqlarından qərara gəlirlər ki, yatmaq zamanı növbə ilə biri yatmayıb keşik çəksin. Püşk atırlar, əvvəlinci növbə dülgərə düşür. Yuxu bunu basmasın deyə durub qoz ağacından bir qadın müqəvvası yondu. Dərzinin keşikçilik növbəsi yetişir və o da öz müqabilində bu qadın müqəvvasına libas tikdi. Növbə dini şəxsə çatanda o da öz yoldaşlarından geri qalmadı, dua etməyə başladı... Bu qadına nəfəs verildi, canlandı. Bu üç yoldaş arasında mübahisə baş verdi. O deyir mənimdir, bu deyir mənimdir. Bu qadın kimə düşür? – Bax, tamaşaçılar arasına atılan bu cür tapmacadır. Bu kütləvi zehni təlimdə bütün camaat iştirak edirdi.

 

Nəhayət, bu “Kölgələr teatrı” özünün gündəlikliyi ilə satira teatrına çevrildi. Burda hamıya və hər şeyə gülürdülər: yüksək və alçaq zümrəyə, güclüyə və zəifə, cəmiyyətə və fərdə, bir sözlə, bu “vodevilə çevrilmiş dramlar” bütün  aktual məsələləri özünəməxsusluqla işıqlandırırdı.

 

Bu cür teatrın səhnəsini təxminən belə təsəvvür etmək olar: Salon tamamilə qaranlıqlaşırdı. Səhnə boyu dartılan ağ kətanda nəsə dumanlı kölgələr görünürdülər. Bu kölgələr tədricən müəyyən şəkil alırdı, sonda isə danışan, rəqs edən, çomaqları yellədən və sair miniatür camaat aydınca görünürdü. Lakin onlar gerçək oyunçular deyildilər! Bu dartılmış kətanda dəvə dərisindən və ya kartondan kəsilib düzəldilmiş hərəkətdə olan fiqurları göstərirdilər. Eyni zamanda bu fiqurları hərəkətə gətirən şəxs pərdənin arxasında durub iştirakçılara hərəkətdə olan şəxslərin sərgüzəştini nəql edirdi, sual-cavabın lazım olduğu yerdə isə danışıq tərzini dəyişirdi və sair. Bir sözlə, əfsanə qəhrəmanı Qaragözün adını daşıyan bu bir nəfər bütün personajların yerinə özü danışırdı. Qadın səsi ilə, kişi səsi ilə, gur səslə, zil səslə. Bu “təqlid” elə artistcəsinə ifa edilirdi ki, bütün qəhvəxana heyrətə gəlirdi və çox hallarda tamaşalar doqquz gün davam edirdi.

 

“Qaragözün kölgələri” ta qədimdən xalqın estetik zövqünün vasitəsinə çevrilmiş teatr sənətinin donuq  və primitiv təsviridir. Bu tamaşanın ilkin bir növ ilahilik siması sonralar itdi və ümumi əyləncəyə,  “müqəvvaların” da teatrın uzun tarixində öz yerlərini tutmaq hüquqlarının olduğu ilk xalq teatrına çevrildi.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU