Aleksandre ORBELİANİ

 

 

(əvvəli)

 

İndiyədək kilsədə dayananlar həvəslə onlara baxırdılar. İndi bu mənzərədən, bu nəğmədən ümumən acınacaqlı bir fəryad qopdu: O kahinlərin ana-ataları daha dözə bilməyib, az qala ürəkləri parçalanmış halda qapıdan bayıra çıxdılar. Onlar elə bilirdilər ki, ölüblər və biz öz ölülərimizi dəfn edirik, deyə düşünürdülər. Niyə mən söhbəti davam etdirməliyəm, o üç qadın sevincə bürünmüş halda kilsəyə girdi və şad ürəklərlə Allaha şükür edərək oradan çıxdılar.

 

İki il, bəli, o ilahi qadınlar böyük əmin-amanlıq içində yaşadılar. Onlar həmişə öz ölkələrinin xoşbəxtliyi üçün Allaha dua edirdilər və tez-tez səmavi tanrılara kilsə nəğmələrini oxuyardılar. Keşiş və arvadı həmin ibadət edənlərə qarşı sanki öz bacıları kimi davranırdılar. O qədər xoşbəxt idilər ki, harada olduqlarını belə bilmirdilər, beləcə, xoşbəxt olduqlarını düşünürdülər. Həmin kahinlər də onlara böyük hörmət bəsləyirdilər.

 

Dəfələrlə gecəyarısı, ondan ön, yoxsa ondan geri həmin kahinlər kilsənin qarşısındakı dağa köçürdülər. Burada keşiş onların yanında oturardı, o tərəfdə isə arvadı oturardı ki, bunların da üzərində ən müqəddəs abu-hava sərgilənirdi və səmada ulduzlar parıldayırdı.

 

Bu zaman Gürcüstanın üzərinə göz gəzdirirdilər ki, oradan da Gürcüstanın böyük məkanı görünürdü. O vaxtlar Gürcüstanın əmin-amanlığı bərqərar olanda bu beş müqəddəs varlıq daha fərəhlə kilsə nəğməsini oxuyurdular və elə həmin an həmin kilsə nəğməsi onların ətrafını ən gözəl sədaları ilə əhatə edirdi.

 

Bu nəğməni eşidən, istər kişi və ya istər qadın, hamısı o şirin səsə qulaq asardı. Hamı o ecazkar melodiyadan çox təsirlənərdi. Onların kənddən uzaqlaşmış şirin həyatı hamının arzu etdiyi hesab olundu.

 

Bir müddət sonra Mtasminda dağının ortasında davam edən nəğmə kəsildi, öz əks-sədası səsləndi və səsə qulaq asanlar xoşhal olurdular.

 

O müqəddəs beşlik səmavi həyatla iki ili belə keçirdilər. Gürcüstan millətindən nə aldılarsa, öz yeməklərindən əlavə, ehtiyacı olanlara, əlillərə, kasıblara paylayırdılar.

 

Aradan iki il keçən kimi İran hökmdarı qüdrətli qoşunlarla Gürcüstanın üzərinə yürüş etdi və qəzəblənmiş halda zülmkar Şah Abbas bura gəldi.

 

Dinc, rahat, şirin, gözəl həyat sürən həmin beş müqəddəs bir səhər Mtasmindadan (Müqəddəs dağdan – Tərcüməçi) Şah Abbasın çoxlu şaxələrə ayrılmış qüdrətli ordusunu gördü. Onlar bayraqları yellədərək müxtəlif yerlərə gəldilər və Gürcüstanın münbit çöllərini leysan seli kimi yuyub apardılar.

 

Bu beş müqəddəs Gürcüstanın əmin-amanlıq şəraitində yaşadığına, onun sakinlərinin Allah tərəfindən onlara bəxş etdiyi yaxşılıqların mükafatını almaq üçün öz münbit torpaqlarını səylə əkib-becərmələrinə sevinirdilər. Bunun əvəzində birdən İranın süvari qoşunlarının Gürcüstana yürüş etdiyini gördülər. Və aman Allah, onların ruhlarının necə dəhşətli əzaba düçar olacağını hiss etdilər! İran süvariləri qürurla gəldilər və onlar da böyük qorxu içində Mtasmindadan baxdılar; Nə bilirdilər necə bir müharibə olacaq.

 

Qabaqcıl ordu Tiflis şəhərinə yaxınlaşarkən farslar bir neçə gənc oğlan tərəfindən otlaqda otarılan Tiflisin mal-qarasına rast gəldilər. Şah Abbasın “Heç kəsi sağ buraxmayın” əmrinə əməl edən farslar qılınclarını çəkib oradakı çobanları öldürdülər, mal-qaranı da qabaqlarına qatdılar. Onların yaxınlığında bir neçə qadın kəndə doğru gəlirdi, corab-əlcək toxuyub sevincək yola düşmüşdülər, lakin onları da farslar qılıncından keçirdilər, o yerin yaşıl torpağı onların qanına boyanmışdı.

 

Bu zaman Tiflis şəhərində qəfildən hadisə baş verdi. Ah-vay səsi kişilər və qadınlar tərəfindən çoxalırdı. Bilmirdilər nə baş verir. Bu an farsların süvari ordusu Tiflis şəhərinə soxuldu və əhalinin içinə qarışdılar, kişiləri və qadınları qırmağa başladılar: Vəhşiləşmiş farslar meşəyə girən kişiləri qıran kimi, silahsız tiflisliləri də qırırdılar və tiflislilərin qanı nahaq yerə axıdılırdı.

 

Tiflis şəhərində kişi və qadınların ah-vayları, nida səsləri göyə yüksəlirdi ki, onların yazıq səsləri havaya yayılsın, lakin onlara kim qulaq asacaqdı? Bir neçə gözəl qadın cəsarətlə və qorxmadan farsların sıyrılmış qılıncları qarşısında dayanıb, əllərini açıb yalvarıb yaxarırdılar ki, onların günahsız qanlarını tökməsinlər. Necə əmrdir, nə gözəllikləri, nə də yalvarışları farsların qəlbini yumşalda bilmədi. Vəhşi də onların yalvarışlarından təsirlənərdi, amma farslar nə onların yalvarışlarından, nə də gözəl gözlərindən axan yaşlardan heç də təsirlənmədilər. Dərhal o gözəl qadınları öldürdülər və o zalımlar əllərini onların qanlarına boyadılar. Sonra içəridə Tiflis camaatının arasına girdilər: qadınların, kişilərin, zərif yeniyetmələrin qanını tökməyə başladılar. O yazıqların bədənlərindən nahaq qan müxtəlif yerlərə Ru dağ çayı kimi axırdı. Onların nahaq qanı başqa-başqa yerlərə axırdı, yalvarışlı ah-vaylarını, ürək parçalayan yalvarışlarını kim eşidə bilərdi?

 

Kim idi bu dəhşətlərin şahidi? Yoxsa sakitləşməsə də, onlara sakitcə baxan idi?

 

Bu ah-vay zamanı onlar Sioni Məryəm ana kilsəsinin qarşısında küçədə bir zərif, gözəl görünüşlü gəncin qaçaraq güclü yumruğu ilə farsları döydüyünü gördülər, lakin qılınclı qatillər dörd tərəfdən üstünə cumub onu tutdular. Gənc oğlanı yerə yıxmaq istəyirdilər ki, bir qışqırıq eşidildi, sıyrılmış qılınclarını saxladılar. Baxdılar, gözəl bir gənc qadın özünü yetirdi, qollarını gəncin boynuna sarıdı və fərəhlə dedi:

 

– Başım sənə qurban, mən səninlə öləcəyəm, Giorgi.

 

Bu sözlərdən sonra gənc başını qaldırdı, onu dəli kimi qucaqlayanın arvadı olduğunu gördü və dərhal həvəslə dedi:

 

– Gəl mənim Ninuçim, ikimiz də zalimlərin əli ilə bir yerdə ölək.

 

Bir həftənin xaç suyuna çəkilənləri və bir-birini dəlicəsinə sevənləri amansızlar kilsənin üst yanında doğram-doğram etdilər, həmin yer onların müqəddəs qanları ilə sovruldu.

 

Əli qılınclı baş kəsənlər Sioni Məryəm ana kilsəsinə girmək istəyirdilər ki, bu zaman arxadan yüksək bir səs eşidildi: “Əllərinizi tutun, mənsiz heç kim kilsəyə girməsin”. Şah Abbasın hər bir farsın heyran qaldığı qızıl yallı ağ atla özünü yetirdiyini gördülər.

 

Şah Abbas atdan düşüb kilsəyə təşrif buyurdu. İçəri girən qadınların sifəti rəng verib rəng aldı, kişilər isə susmuşdular. Buradan hökmdar onlara sakit olmaları üçün işarə etdi. Onlar sussalar da, təlaş içində gözlədilər: “Haradasa olsa, bizi məhv etmək əmrini verəcək”.

 

Şah Abbas gəlib kilsənin ortasında dayandı. O, bu möhtəşəm şəkildə bəzədilmiş kilsəyə baxarkən uca səslə dedi: “Əgər Allahın evi deyirlərsə, məhz, elə bu, həmin evdir”. Sonra ciddi əmr verdi ki, heç kim bu Allahın evinə zərər vurmasın. O, kilsəyə hörmət edərək içəri girən kişi və qadınların sözünü kəsmədi.

 

Bu yazıq tiflislilərin fəryadları o beş müqəddəsin Mtasmindasında eşidilirdi. Belə ki, onlar qaçıb dağları aşaraq sığınacaqlardan birinə yerləşə bilərdilər, lakin onlar dedilər: Tiflislilərin başına nə gəldisə, bizim də başımıza gəlsin, biz zalımların əli ilə ölək, bizim dədə-babalarımızın şərəfli ölümü ilə.

 

Bu sözlərdən sonra dörd qadın dayandı, yerə çöməlib tiflislilər üçün yazıqcasına inləyirdilər və hönkür-hönkür acı göz yaşları tökürdülər. Keşiş də papağını çıxarıb, əllərini göyə qaldıraraq Allaha ürək ağrısı ilə yalvarırdı. Belə ki, bunlar ah-vayda və qüssədə olduqlarında Tiflis şəhərinə elə bir dəhşətli alov düşdü ki,  bütün şəhəri yanğına bürüdü, onun alovu səmaya yüksəlirdi. Bunu görənlər böyük kədər və ah-vayını artırdılar, kim bilir, o dəhşətli yanğında nə qədər körpə oğlan yandırdılar?

 

Nə qədər kişi və qadından ibarət dəstə-dəstə gətiriridilər və deyirdilər: “Tatarlaşın!” (Yəni müsəlman olun –Tərcüməçi) Cavab vermək əvəzinə, onlar başları ilə öz dinlərinə tərəf işarə edirdilər, farslar isə onları amansızcasına qılıncla qırırdılar. O qədər başlarını kəsdilər ki, bezara gəldilər və Şah Abbas əmr etdi ki, qalanları əsir götürsünlər. Bu, təkcə Tiflisdə deyildi, farslar girdikləri yerlərdə bu dəhşətləri törədirdilər.

 

(davamı)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU