Tofiq əmi deyir ki, Yeni il bayramına 870 lari pul xərcləmişəm.
Deyirəm: “Tofiq əmi, siz nə etmisiniz, bütün bazarı almısınız ki?”
Deyir: “Ay bala, mən hələ nə xərcləmişəm ki, get sən Jalə xalana bax, 1700 lari pul xərcləyib”.
– Nə deyim, Tofiq əmi, bayramın mübarək!
– Sənin də bala, yeni ildən sonra bir də bunun borcunu ödəyərik.
Bəli, düz oxudunuz, “borcunu ödəyərik” dedi. Çünki bizdə elələri var ki, Yeni il üçün qonşudan borc alır, bankdan kredit götürür, bayramı da borcla qarşılayırlar. Bu isə artıq tamam başqa, daha ağır bir dərddir. Bu arada bir atalar sözü yadıma düşdü: “Yat, qara öküzüm, yat, borc verən gələr, ya səni aparar, ya məni”. İndi bu yazığın heç öküzü də yoxdur, görəsən nəylə ödəyəcək? Yəni adama deyərlər, çoxmu lazımdır sənə hinduşka. Nə isə.
Dekabrın 24-dən sonra rayonda bir axın başlayır ki, gəl görəsən. Elə bil dünyanın sonudur. “Qoyma, ayə, bazarda heç nə qalmayacaq!” Rayonda 20-dən çox market var, amma yeni il ərəfəsində elə bir izdiham olur ki, iynə atsan yerə düşməz. Bir çörək almaq üçün gərək 1 saat gözləyəsən.
Fişəng satanlar, hinduşka satanlar, süpürgə satanlar... Niyə məhz bu üçünü saydım? – Çünki bunları almaq mütləqdir. Xüsusən də təzə süpürgə mütləq olmalıdır.
Bir gürcü dostum var, soruşuram:
– Siz də bu qədər yemək bişirirsiniz?
Deyir:
– Nə yemək? Bir şokolad, bir şampan!
Yəni bir gün üçün bu qədər təmtərağa, bu qədər xərcə dəyərmi?
İşin başqa tərəfi də var, süfrədə hər şey olmalıdır ki, sabah deməsinlər filankəsin süfrəsində filan şey yox idi. Elə bil “Yeməkdəyiz” proqramındayıq. Üç cür salat olmasa guya yeni il gəlməyəcək. Bu nə düşüncədir axı? Sonra da bir neçə gün köhnə ildən qalan yeməkləri yeyirik. Həkimlər isə özlərini öldürürlər ki, qalmış yeməklərin ziyanlarından özünüzü qoruyun. Elə buna görə də məni yanvarın 5-i qonaqlığa çağıranda getmirəm. Niyə gedib altı günlük salatdan, qalmış yeməklərdən yeməliyəm ki?
Ümumiyyətlə, bizdə bayram anlayışı bir az fərqlidir. Bayramda sadəcə yemək ön plana çıxır. Halbuki bayramlar yalnız süfrə açmaq üçün yox, həm də dincəlmək, bir az nəfəs almaq üçündür. Məsələn, uşaqlarımızla, ailəmizlə, sevdiklərimizlə birlikdə gözəl bir gün keçirmək olar, konsertə getmək, kinoteatra getmək və ya teatr tamaşasına baxmaq, sonda isə ailə ilə birlikdə restoranda oturmaq olar. Yoxsa üç gün qalmış “Yeni il gəlir” deyə özümüzü öldürürük. Evdə saatlarla yemək bişir, salatlar hazırla, hamısını da soyuducuya yığ. Bayramın ruhu isə haradasa arada itir. Məsələ ondadır ki, bayramlarda mən həqiqətən ac qalıram. Bəzi dostlarım deyir ki, “maskovski” salatı yalnız bayramdan-bayrama yeyirik. Niyə? Başqa vaxt hazırlaya bilmərikmi? İldə bir dəfə, mütləq Yeni ildə bu salatlar süfrəyə çıxmalıdır? Məncə, bu qədər israfa qaçmaq lazım deyil. Demirəm ki, bayram keçirməyək, amma bu qədər təmtəraq və yorğunluq əvəzinə bir az da özümüzə vaxt ayıraq.
Bir çox ölkələrdə Yeni il sadə bir qarşılanma ilə qeyd olunur, sonra isə ailə ilə birlikdə qış tətilinə çıxırlar. Bayramın əsl dəyəri də elə bu sakitlik, birlik və paylaşım hissidir. Nə isə...
Yeni ilimiz mübarək olsun! Qoy bu il Vətənimizə, millətimizə, bütün dünyaya xeyir, bərəkət və sülh gətirsin. Uşaqların ölmədiyi, anaların ağlamadığı, insanların bir-birinə silah yox, sevgi uzatdığı bir dünyada yaşamaq ümidi ilə qoy 2026-cı il hər kəs üçün sağlamlıq, əminamanlıq, işıqlı sabahlar gətirsin! Bayramlar süfrələrin bolluğu ilə yox, ürəklərin doluluğu ilə ölçülsün!
Binəli İslamoğlu