Ötən günlərdə “Report” İnformasiya Agentliyinin səhifəsində “Gürcüstanda Azərbaycan dilində kitab çatışmazlığı: həll yolları hansılardır?” başlıqlı yazı diqqətimi çəkdi.

 

Yazıda “Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində bədii və qeyri-bədii kitablara əlçatanlıq səviyyəsinin ürəkaçan olmadığı; nə Tbilisi, nə də Kvemo Kartlidə Azərbaycan dilində kitab əldə etmək üçün kitab evinin, yaxud kitab mağazasının fəaliyyət göstərmədiyi; bu məsələnin ötən ilin yayında Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Gürcüstana səfəri zamanı azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə də qaldırıldığı və nazirin bölgədə Azərbaycan Kitab Evinin yaradılması imkanlarının araşdırılacağını bildirməsi, hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsinin də nəzərdən keçiriləcəyini qeyd etməsi; Gürcüstanda Azərbaycan dilində kitab çatışmazlığının aradan qaldırılması istiqamətində Azərbaycanın Gürcüstandakı səfirliyinin də dəstəyini əsirgəməməsi, ötən ilin oktyabrında Marneuli və Qardabanidə fəaliyyət göstərən azərbaycanlı icma mərkəzlərinə 1430 ədəd kitab hədiyyə etməsi” haqqında bəhs edilib və aprelin 11-12-si “Tbilisi 2021-ci ilin Dünya Kitab Paytaxtı” layihəsi çərçivəsində Tbilisidə keçirilən Qafqaz və Qara dəniz ölkələrinin regional nəşriyyat konfransında iştirak edən Azərbaycanda “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi və rəhbəri Nigar Köçərli və “Qanun” Nəşriyyat Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlunun fikirləri verilib. Lap yaxşı! Keçək əsas məsələyə.

 

Həqiqətdir ki, Gürcüstanda Azərbaycan dilində bədii kitabları əldə etmək neft yatağı tapmaq kimi bir zaddır. O da həqiqətdir ki, nə paytaxtda, nə də azərbaycanlıların yaşadığı bölgələrdə ana dilində kitab əldə etmək üçün nə kitab evi var, nə mağaza. Azərbaycan səfirliyinin icma mərkəzlərinə kitab hədiyyə etməsi də doğrudur. Amma cənab Anar Kərimovun dediyinə əsasən, bölgədə kitab evinin yaradılması imkanlarının araşdırılıb-araşdırılmaması və hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsinin də nəzərdən keçirilib-keçirilməməsi haqqında yalan-gerçək heç nə deyə bilmərəm. Necə deyərlər, yaşayarıq, görərik.

 

O ki qaldı hörmətli Nigar xanımla, Şahbaz bəyin fikirlərinə, burada onların həqiqətləri şübhə doğurur. Nigar xanım onlayn olaraq hər həftə Gürcüstandan kitabla bağlı sifarişlər qəbul etdiklərini bildirir, Şahbaz bəy isə 2008-2009-cu illərdə Tbilisinin mərkəzində Gürcüstan, Azərbaycan və Ermənistanda nəşr olunan kitabların satışının aparıldığı mağazanın yaradıldığını və azərbaycandilli kitabların alınmadığını deyir. Hansına inanaq?..

 

Əvvəla, qeyd edim ki, həmin illərdə tələbə idim və Tbilisidə qalırdım, bütün kitab mağazaları haqqında da xəbərimiz var idi.  İkincisi də, 2008-ci illə 2022-ci il arasında 14 il fərqi var. O vaxt paytaxtda beş-on tələbə təhsil alırdısa, indi minlərlə tələbə var və sair və ilaxır. Şahbaz bəy “Parnasus” kitab mağazasını nəzərdə tutursa, bəli, o mağazada Azərbaycan dilində kitablar satılırdı, amma mağazanın əl çatmaz, ün yetməz bir küncündə altı-yeddi kitab olardı ya olmayardı. Belə çıxır ki, azərbaycandilli kitablar hamısı ya satılıbmış (Şahbaz bəy düz demir), ya da Şahbaz bəy oxucu zövqünü və dünyagörüşünü bu altı-yeddi kitabla məhdudlaşdırmalı olub. Yadımdadır, o altı-yeddi kitabdan birini tələbə cibinə uyğun olmayan qiymətə aldım. Bu, Həmid Herisçinin “Gecə kanalı” kitabı idi. Avtobusla Tbilisidən Qardabaniyə qayıdana kimi kitab əlimdə söküldü, səhifələri qopdu. Evdə qopmuş səhifələri birtəhər yapışdırıb oxuyanda ayaqqabı almaq üçün saxladığım pulu bu kitaba verdiyimə peşman oldum, hərf səhvlərinin çoxluğundan kitabı oxumaq mümkün deyildi. Yəni hörmətli Şahbaz bəyin dediyi mağazada azərbaycandilli oxucu altı-yeddi ədəd kitab arasında “seçim edərək” keyfiyyətsiz məhsulu baha qiymətə almadığına görə o, “kitabları” Gürcüstanın Milli Parlament Kitabxanasına hədiyyə edib. Hansısa bir tələbəyə hədiyyə etsə daha faydalı iş görmüş olardı. Yenə də payı çox olsun!

 

Azərbaycandan kitab sifarişinə gəldikdə isə, buna da əl atmışıq, həqiqətən də baha başa gəlir, o pula Gürcüstanda doğrudan da ayaqqabı almaq olar. Yəni, möhtərəm naşirlər, Gürcüstan azərbaycanlıları kitab oxuyur, siz kitabınızı ya sata bilmirsiniz, ya da elə qiymətə və elə yerdə satırsınız ki, kimsə o kitabı almaq üçün əlli-altmış kilometr yol gedəsi deyil, kitabın qiymətinin üstünə yola xərclənən pulu da qoysaq bir dəst paltar alıb bir sezon geyinmək olar.

 

İndiki halda ən yaxşı variant kitabları bölgə kitabxanalarına verməkdir (Qardabanidə, Marneulidə mədəniyyət evlərinin kitabxanaları var) və ya bölgələrdə fəaliyyət göstərən kitab mağazalarında satmaqdır (“Biblus” kitab mağazası Marneulidə də, Rustavidə də var). Yoxsa, hansısa təşkilata verilən kitablardan yanlız o təşkilatın üzvləri faydalana bilir (hələ kitabları seçib dədə malı kimi evlərinə aparanları demirəm), yaxud da paytaxta, həmçinin bir şəhərdən digərinə kitab dalıyca getmək baha başa gəldiyi üçün elə mənzərə yaranır ki, kitaba maraq yoxdur, heç kəs kitab oxumur. Bu, yalnış fikirdir.

 

P.S.

Yaxşı bilirik ki, dili öyrənmək üçün vasitələrdən biri də həmin dildə çoxlu bədii kitablar mütaliə etməkdir. Dilimizi unutmamaq, zənginlədirmək, oxumaq, oxutdurmaq üçün dilimizi kitablarda göndərin bizlərə, heç olmasa öz qiymətinə satın.

 

Azər MUSAOĞLU