Biz uşaq olarkən həmişə kəndə gedəndə kənddəki nənələr soruşardı: kənd yaxşıdır, yoxsa şəhər?
Əslində, şəhərdə yaşamazdıq, amma adı var idi, necə olmasa da Qardabani şəhər sayılırdı. Şəhər adlı kənd deyərdi müəllimim həmişə.
Kəndin də, şəhərin də özünə görə üstün və çatışmayan cəhətləri var. Kənd adətən həmişə gözəl təbiəti, saf suyu, təmiz havasıyla fərqlilik qazanır. Burada həyat təbiidir. İnsanlar təbiətlə iç-içə yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, dağda, çay kənarında gəzirlər. Hər səhər quşların cəh-cəhi ilə, günəşin parlaq şüaları ilə günə başlayırlar. Bir sözlə, günə ən gözəl necə başlamaq lazımdırsa elə başlayırlar.
Zəhmətkeş kəndlilər öz əlləri ilə, alın tərləri ilə təbii, sağlam meyvə-tərəvəz yetişdirirlər. Saxladıqları, bəslədikləri heyvanlardan ət, süd, bal, yumurta əldə edirlər.
Kənddə hamı üçün gün çox erkəndən – saat 5-dən-6-dan başlayır. Səhər tezdən görüləcək işləri görürlər. Toyuqlar yemlənir, inəklər sağılır, sonra analar uşaqlarını məktəbə hazırlayıb yola salırlar. Kənddə gün nə qədər erkən başlasa da orada yaşayan insanlar üçün zaman çox tez gəlib keçir. İnternet, böyük ticarət mərkəzləri, kinoteatrlar, parklar, kafelər olmamasına baxmayaraq, onlar bütün gün heç darıxmırlar. Çünki onlar qonşuluq, qohumluq münasibətləri saxlayırlar, bir-birlərinin evinə qonaq gedib-gəlirlər, söhbətlər edirlər. Uşaqlar bağçada oyunlar oynayırlar, böyüklər nərd, domino oynayırlar, bu əsnada söhbətlər edirlər.
Bəs nəyə görə kənd həyatı bu qədər gözəl ikən insanlar şəhərlərə qaçırlar?
Şəhəri daha çox biz gənclər sevirik. Bunun müxtəlif səbəbləri var. Bütün şəhər kino, teatr, mağaza, supermarket, bazar, bank, universitet, idman salonları, xəstəxanalar, disko-barlar, parklar və s. əyləncə mərkəzləri ilə doludur. Gənclər parklarda gəzməyi, müxtəlif əylənə biləcəkləri yerlərə getməyi, maraqlarını cəlb edən yerləri kəşf etməyi sevirlər. Burada həyat darıxdırıcı keçmir. Lakin bu maraq yaxşı iş, yüksək də qazanc tələb edir. Küçəyə çıxılan hər dəqiqə pulla ölçülür.
Şəhərdə gün təxminən saat 8-9 radələrində başlayır. Bu vaxtdan etibarən insanlar küçələrə axın edirlər, avtomobillərin siqnal səsləri bir-birinə qarışır. Metro üçün, avtobus üçün sıraya düzülürlər, giriş və çıxışda bu qədər insanın içindən sağ-salamat çıxarammı deyə hər dəfə düşünməli olursan. İnsanlar hər gün eyni, standart həyatı yaşayırlar.
Səhər hər kəsin sadəcə tək problemi işə vaxtında çatmaq olur. Hər kəs bir qaçhaqaç vəziyyətində olur, sanki əllərindən nələrinisə alıb aparırlar, onun arxasınca qaçırlar, ya da kimsə qovalayır, heç nə düşünmədən yolu gedib bitirməlidirlər. Hamının üz ifadəsi bir-birinə bənzəyir: donuq, durğun, yorğun. Baxanda anlayırsan ki, nəsə problemini, dərdini düşünür; kiminsə pul problemi, kiminsə ailə problemi, kiminsə imtahan dərdi, kiminsə xəstəlik dərdi və daha kim bilir hansı dərdləri, nə problemləri var. Hamının dərdi özünə böyükdür.
Burada heç kəs heç bir kəsə rəy bildirmir və ya nə bilim, tanımadıqlarına “ay qızım, haradan gəlirsən” suallarını vermirlər. Kiminsə geyminə, danışığına, baxışına, hərəkətinə, duruşuna söz deməyi özlərinə borc bilmirlər. Sadəcə, ətraflarına belə baxmadan ən sürətli şəkildə səhər çıxdıqları evlərinə çatmağa çalışırlar...
Bir müddətdir artıq burada yaşayırıq. İnsanları hər gün müşahidə edirəm. Bura gələndən heç bir qonşunu görməmişik. Bildirdiyim kimi, heç kəs başqasının işiylə maraqlanmır. Ailələrinə yetəri qədər ayıracaq vaxt tapırlarmı, orası belə müəmmadır. Bəzi ailələrdə ailə üzvləri bir-birlərini görə bilmirlər, biri işdən gələndə, digəri işə gedir, valideyn evə gələndə, uşaq yatmış olur.
Qohumluq əlaqələri isə yalnız bacı-qardaşdan ibarət olur. Onlarla da xeyir işdən şər işə bir yerə toplaşırlar. Kəndlərdə “dayım arvadının bacısı qızının kürəkəninin imkanı yaxşıdır, deyəsən təzə maşın alıb” söhbətləri gedərkən, burada insanların bir-birindən xəbəri olmur.
Düzdür, şəhər həyatı dünya görüşünü artırmaq, təhsil, yaxşı gəlirli iş, karyera kimi insana yaxşı həyat üçün lazımlı olan hər şeyi verir. İstədəyimiz hər şeyi etmək üçün çox sayda imkanları var. Amma bunun üçün çoxlu çalışmaq, qurbanlar vermək lazım gəlir. Ən əsası da ən böyük sərvətimiz olan sağlamlığımızı qurban vermək tələb olunur. Şəhərin izdihamlı küçələrində gözlə görmədiyimiz, xəbərsiz olaraq çirkli havasını uduruq. Amma yaxşı həyatı bundan üstün tutanlar var. Ən çox da gənclər. İstədiklərini əldə etdikdən sonra, yaxşı pul qazandıqdan sonra kəndə qayıdacaqlarını deyirlər. Amma bu günə kimi bu sözü deyənlər dedikləri yerdə qalıb. Vaxt gəlib keçir, bir də ayılırlar ki, qocalıblar...
Şəhər həyatı maraqlıdır, lakin stresli və çox bahalıdır, kənd həyatı isə sadədir, təbiidir, sağlamdır, hər şey əlinin altında olur.
Yaşamaq istədiyimiz həyatı gənclik dövrümüzdə seçirik. Hər kəs öz seçimini düzgün etsə, sonda həyatından şikayətlənməz. Nəyi nəyə qurban verdiyimizi düşünərək seçim etsək, yanılmarıq.
Müəllif: Aytən Fətullayeva