GEDİŞ-GƏLİŞ

24. VELOSİPED – NİDERLANDIN MÜASİR SİMVOLLARINDAN BİRİ KİMİ

 

 

Bəs sənin ayağını yerdən üzən, mənzilbaşına daha tez çatdıran velosipedini necə qorumalı? Bunun üçün xüsusi qılafa malik zəncir kilidlər satılır. Onunla velosipedini arxa təkərindən at kimi çidarlamalısan. Yalnız arxa təkərindən ha, unutma. Başqa çıxış yolu yoxdur. Qabaq təkərindən qıfıllanmış velosipedindən sənə yalnız bir təkər yadigar qalacaq. Çünki velosipedin qabaq təkəri çox asanlıqla çıxır. Bunu da bilməyənlər üçün yazdım. Yadımdan çıxmamış, velosipedini müəyyən olunmuş yerlərdə park etməyi də unutma. Nədən ki, vətəndaşların şikayəti əsasında ildə minlərlə velosiped polis hücumuna məruz qalır, yığışdırılaraq, müsadirə olunur. Bunu da unutmasan yaxşıdır. Başqa bir məsələ də var. Axşamlar velosipedin ön və arxa işıqlarını yandırmalısan. Bunu etməsən 90 avro cərimələnmə ehtimalı hər an gerçəkləşə bilər. Sağa-sola dönüş yaparkən əllərindən istifadə etməyi də yaddan çıxarma. Bunu etməyənlərin də cərimə yemələri mümkündür.

 

Dedik ha, velosiped ucuz nəqliyyatdır. Velosiped sürmək üçün sənə sürücülük vəsiqəsi-filan, vaxt və pul sərf edib kursa getmək də gərəkmir. Bu işin asanlıqla həllinə qovuşur. Digər tərəfdən sən bu nəqliyyat vasitəsinə cüzi pulla, əlbəttə ki, Avropa meyarlarına uyğun olaraq sahiblənirsən. Velosipedin digər nəqliyyat vasitələri ilə müqayisədə ən böyük üstünlüyü isə yanacaqdan – benzindən, dizel yanacağından asılı olmayaraq hərəkətə gətirilməsidir. Yəni yanacağa da pulun çıxmır. Texniki baxımı da ucuz, su qiymətinə. Onun başqa bir özəlliyi isə, harada gəldi park edilə bilinməsində, bir az loru səslənsə də, at kimi hörüklənməsindədir. Böyük şəhərlərdə avtomobillərin park edilməsinin çətinlikləri ilə yanaşı, park etmənin baha olmasını da yaddan çıxarmayaq. Bununla bərabər pullu velosiped dayanacaqları da var. Burada velosipedin daha güvəndə olur, oğrudan-əyridən daha yaxşı mühafizə olunur. Bu xüsusiyyətlərinə görə velosiped bir nəqliyyat vasitəsi kimi əvəzolunmazdır. Demirlərmi, səndən əppək istəmir, su istəmir. At deyil, dəvə deyil gündəlik qayğı tələb edə.  Bunlar elə velosiped üçün deyilmiş fikirlərdir.

 

Velosiped insan sağlamlığının qaynağıdır. Bu barədə bir-iki yerdə xatırlatmışdım. Unutmadığınıza əminəm. Nədən velosipedi sağlamlığın qaynağı hesab edirəm, indi onu deməyə çalışacam. Velosipedin insanın əzələləri hesabına hərəkət etdiyini bilməyən yoxdur. Sürücünün bütün bədən üzvləri onu hərəkətə gətirməkdə bu və ya digər dərəcədə iştirak edir. Bu, istər-istəməz idmanla məşğul olmağa bənzəyir. Düzdür, bu məcburi hərəkətlərin velosiped idmanı ilə elə də əlaqəsi olmaya bilər, ancaq bənzərlik göz qabağındadır. Xüsusi idman velosipedlərinin olduğunu, yəqin ki, əksəriyyətimiz də bilirik. Gündəlik velosipedlə harasa gedib-gələn adam həm vaxta qənaət edir, həm də sağlamlıq qazanır. Avropadan ilk növbədə nəyi mənimsəmək gərəkdiyini soruşsalar, mən düşünmədən “velosiped” cavabını verərdim. Nədən ki, oturaqlıqdan xilas olmaq, dava-dərmandan uzaq durmaq, sağlam həyat tərzi keçirmək üçün velosipeddən ideal bir vasitə hələ icad edilməyib. 

 

Bir az da sizin üçün beyin idmanı olacağını nəzərə alaraq, burada bir haşiyə çıxmaq istəyirəm. Taleyin kinayəsimi deyim, yoxsa cilvəsimi, bilmirəm. Niderlanda gəldikdən sonra mənim də köhnə bir velosipedim oldu. Artıq 50 yaşını keçmiş bir adamın velosipedə sahib olması, bu uşaqlıq arzusunun gerçəkləşməsinin bunca gecikməsini taleyin kinayəsi adlandırmaq daha doğru deyilmi? Sovet dönəmində “Ukrayna”, “Desna”, “Şkolnik” kimi velosipedlər indi də gözümün qabağındadır. Mən o velosipedlərdən birinə sahib olacağımın, onunla yel kimi düzü-dünyanı dolaşacağımın xəyallarını neçə dəfə qurduğumu belə unutmuşam. Qaçış velosipedi adlandırdığımız, hansı marka olduğunu indi də bilmədiyim idman velosipedlərini görməyim isə uşaqlığımın nadir hadisələrindəndir. Qısa kəssəm, mən uşaqlığımı velosiped, biz tərəfin yaşlı insanlarının təbirilə desəm, “ayaqmaşını” həsrətilə keçirmişəm.

 

Velosipedin Niderland həyatına dinamiklik, sağlamlıq gətirən bir vasitə olduğunu artıq bilirik. Onun nədən bu qədər populyar nəqliyyat vasitəsi olması barədə nələrisə qeyd etdik. Amma, deyəsən, bu populyarlığın qaynağı olan əsas məsələni unutmuşuq. Velosiped bir nəqliyyat vasitəsi kimi hamı üçün əlçatandır. Bu barədə də məlumatımız var. Onun bu dərəcədə kütləviləşməsinin, əhali tərəfindən sevilməsinin əsas mənbəyi dövlətin bu sektora qayğısı ilə bağlı olmalıdır. Bu nəqliyyat növünün dövlət səviyyəsində təşviq olunması, elitanın da bundan yararlanması cəmiyyətin digər təbəqələrinin də velosipedə can atmasına, velosipedli olmaq istəyinə gətirib çıxarmışdır. Məncə, Niderland insanlarında kütləvi velosiped sevgisinin kökündə məhz bu durur. Digər bir tərəfdən də velosiped istehsalının günü gündən inkişafı, hər gün yeni, daha təkmil, daha yaxşı dizayn edilmiş, daha cəlbedici modellərin satışa çıxarılması insanların diqqətindən yayınmır və insanların velosiped sevgisini daha da körükləyir.

 

Qaldı bir məsələ. Əhalinin kütləvi şəkildə velosipeddən istifadə etməsində bu nəqliyyat vasitəsinin hərəkət etməsi üçün xüsusi yolların, xüsusi infrastrukturun yaradılması vacibdir. Bunlar olmadan velosipeddən istifadənin kütləviləşməsi mümkünsüzdür. Niderlandda velosiped yolları hörümçək toru kimi bütün ölkə ərazisini əhatə edir, bütün yaşayış məntəqələri bu yollar vasitəsilə bir-birinə bağlanır. İstər şəhərlərdə, istər də kəndlərdə belə yolların çoxluğu, rahatlığı diqqəti cəlb edir. Üstəgəl, digər infrastruktur elementləri – xüsusi keçidlər, xüsusi tunellər, xüsusi dayanacaqlar bu sahənin inkişafına, bu nəqliyyatdan istifadənin artmasına nədən olur.

 

Velosiped ildən ilə dərinləşən ekoloji böhranın həllində, meqapolislərin baş ağrısına çevrilmiş nəqliyyat tıxaclarının azaldılmasında müstəsna rol oynayır. Bundan yararlanmağa dəyər, həm də heç fikirləşmədən.

 

Bir az da özümüzdən danışaq. Səhv etmirəmsə 2016-cı ildən Azərbaycan velosiped istehsal etməyə başladı. Buna nə qədər müvəffəq olduğuna dair də bir fikrim yox. Məni insanımızın bu xəbərə münasibəti maraqlandırır. Bu xəbər mətbuatda görünən kimi, bizim ənənəvi lağlağı kampaniyamıza start verildi. Kiminsə sevincindənmi, nədənmi “İlk milli velosipedimiz” deməsi bizim lağlağılığımıza yeni bir vüsət qazandırdı. Sosial şəbəkələrdə dərrakə dağarcıqlarımızdan biri “mən də milli roqatka düzəldəcəm” deyərək, özünə əl qatmışdı. Niyə də olmasın axı? Çinin hansı zibildən düzəldildiyi bilinməyən quşvuranları niyə dünyanın dörd bir yanında satıla bilər, səninki yox? Sən də düzəlt, sən də sat və qazan! Velosiped yollarının çəkilişinə başlanılıb. Yenə eyni münasibət. Biri uzun dedi, biri gödək. Eh, bizim yanımızda bir it küçüyünün qulağı kəsiləsi deyil. Birimiz uzun deyəcəyik, birimiz gödək. Biz hər dəyərimizə bu cür yanaşmırıqmı? Dövlətin, xalqın simvollarından biri sayılan pulumuzu “Şirvan”, “Məmmədəmin”, “Nizami”, “Qız qalası” deyərək ucuz tutmadıqmı ki, bunları da tutmayaq? Heç bir xalq öz dəyərlərinə bu qədər etinasız, bu qədər barmaqarası münasibət bəsləməz. Bunu da düşünməmiz gərəkir.

 

Gürcüstan da velosiped istehsalına başlayacağını bəyan edib. Bu xəbərin nə qədər sevindirici olduğunu da vurğulamadan keçmək istəmədim. Gürcüstanda, daha dəqiq desəm, ilk dəfə Rustavidə gördüyüm velosiped yollarının davamının da inşa ediləcəyinə inanıram. Nədən ki, bunların olması, yaradılması zamanın tələbidir.

 

Koronavirus günlərində, Gürcüstan hökumətinin avtomobillərin hərəkətinə qadağa tətbiq etdiyi günlərdə kəndimizdən sosial şəbəkələrdə paylaşılan videogörüntü diqqətimi çəkdi. Kəndin əsas yolunda xeyli velosipedi bir arada görmək, bu velosipedləri sürənlərin içərisində yaşlıların da olması məni çox sevindirdi. Bunun koronavirus karantini ilə məhdudlaşmayacağını, davamlı olacağını da düşündüyümü bunun üzərinə əlavə etməkdən özümü saxlaya bilmirəm. Hər ziyanda bir xeyir olduğu düşüncəsi, pandemiyadan sonra bizdə də velosipedə təlabatın artacağına, velosiped sürmək istəyənlərin sayca çoxalacağına ümidlərimi birə beş artırır.

 

P.S. Qonşu Beliçkada da velosipeddən istifadə edənlərin sayı çoxdur. Lakin burada Niderlanddan fərqli olaraq velosipedlərin hərəkəti üçün xüsusi yolların azlığı diqqəti cəlb edir. Məsələn, Bürüssel kimi bir şəhərdə tramvayların, avtomobillərin arası ilə necə gəldi velosiped sürmək, düşünürəm ki, təhlükəlidir. Belçikada avtomobillərin hərəkətində də bir qarma-qarışıqlıq olması diqqətdən yayınmır. Görünür Belçikada yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr az, cəzalar isə yumşaqdır. Niderlandda isə belə qarma-qarışıqlıq yaradanlara, nizam-intizama tabe olmayanlara qarşı sərt cərimələr tətbiq edilməsi nəqliyyatın qüsursuz işləməsində mühüm rol oynayır.

 

Afiq MUXTAROĞLU

Niderland