İnsan beynində 14 milyarda qədər hüceyrə var deyirlər. Bu hüceyrələrin yaddaşı genetik olaraq ən azı yeddi  nəsil geri ənənələri təkrarlaya bilir – biz hiss etmədən. Bizim xasiyyətimiz – psixoloji davranışımız öz kökümüzün inikasıdır. Müasir texnodillə desək, yaddaş kartında gizli fayllarda kimliyimiz yerləşib. Kimliyimiz faylında adətimiz, ənənəmiz, ləyaqətimiz, şərəfimizlə bərabər, xoş olmayan layiqsiz xüsusiyyətlərimiz də var. Ağıllı insanlar o layiqsiz hissələri zamanın müsbət çarxında əridərək daha yaxşı yollarla irəliləyərək cəmiyyətə inteqrasiya edir.

 

Gələk fikrimin məğzinə. Bu gün Gürcüstan sosial həyatında sanki ard-arda gələn həmin o faylın xoş olmayan ənənələri şəxsən məni yetərincə utandırır. Erkən evliliyin qatilliyə aparan nəticəsi yetərincə əks-səda verdi. İndi də qısqanclıq zəminində o yeddinci babanın “saç qırxmaq” ənənəsinin müsir video çəkməklə sintezi... Əlbəttə, ləyaqət, namus, şərəf – bunlar bizim genetikanın şah əsəridir. Deyərdim, namus sözünün heç bir lüğətdə qarşılığı yoxdur. Amma unutmayaq, hələ 1141-ci il doğumlu gəncəli Nizami demişdir ki, “bir inci saflığı varsa da suda...” Vallah, billah, şərəfin də, namusun da, ləyaqətin də artığı zərər verir.

 

İcazənizlə daha sadə dillə incələyim. Psixologiyada belə bir aksiom var, yəni əks variantı yoxdur. Onu ki beyninə yeridirsən, olmazı olar edir, yoxdursa yaradır, çünki sən ona fokuslanırsan. Son vaxtlar dəbdə olan bir söz var: kompleksim var.

 

Bax belə. Hələ əsrlər öncə nənələr deyərdi ki, mərdi qovub namərd etdilər. Bəli, əminəm, bunu məhz nənələr deyiblər. Ona görə ki, analar görürdü, uşağa nəyi qadağan edirsən onu etməyə çalışır, qadağalara can atır. Sonra da Ziqmund Freyd güya elmi kəşf etdi ki, insan bilmədiyi şeyin düşmənidir. Axı bunu bizim nənələr çoxdan bilirdi və atalara da çatdırmışdı.

 

Bax, biz uşağı uşaqlıqdan “xalxın uşağı” sindromu ilə böyüdürük, olmazların girdabında. Amandı, onu etmə, bunu etmə, o olmaz, bu olmaz... Bax, “xalxın uşağı” irəli getdi, sən qaldın... Özümüz də hiss etmədən bir yekə qaya daşını – psixoloji zərbəni yerləşdiririk onun həyat yoluna. Həmin daş da ona həyatı boyu mane olur. O qadağalar uşaqda o qədər maraq yaradır ki, etməyəcəkdisə etməyə çalışır – bəzən maraqdan, bəzən hikkədən, bəzən də oğru yadına saldığınız daşla. Ancaq onu həyatın mübarizə meydanına öz analizləri ilə buraxsaq, o, heç vaxt pis işlər etməyəcək, çünki özünü analız edəcək və pis işlərdən çəkinəcək. Çünki o uşağın həmişə çəkindiyi bir “etibarını itirmək” qorxusu olacaq deyə özünü pis vərdişlərdən qoruyacaq, daim müsbət yeniliklər axtarışında olacaq. Nəinki uşaqlar, gənclər, eləcə də yetkin insanlar.

 

Elə deyək xəyanət mövzusu. Öz kobud, yersiz, bezdirici qısqanclıqları ilə həyat yoldaşında özünə qarşı nifrət yaradan insanlarda da bu eynən belədir. Bir psixologiya kursu məzunu kimi deyirəm. Sevdiyi insanı itirmək qorxusumu, qorumaq hissimi, yoxsa ətrafa inamsızlığımı adamı o həddə gətirir, bilmirəm. Bildiyim iki şey var: əgər o qadın (kişi) nəsə bir məqsədə can atırsa o, onu onsuz da edəcək, qəfəsdə olsa belə. Cavabdehlik hissi yoxdur, çünki onun seçiminin yanlış olduğunu əri (arvadı) öz kobud qısqanclıq adətləri ilə sübut edib.

 

Onlar istədikləri zaman bir-birini təhqir də edə bilərlər, hətta dəbdə olan “112 metodundan” da istifadə edə bilərlər, sonra da təzədən üzsüz şəkildə barışa da bilərlər və bu dövriyyə şəklində müəyyən həddə qədər gələ bilər.

 

İkincisi odur ki, o qadın (kişi) sevməsə belə özünü ailəsinə fəda edəcək – maddi, fiziki çətinlik çəksə də, çünki seçminin yanlış olmadığını əri (arvadı) öz mədəni, nümunəvi, insani xüsusiyyətləri ilə sübut edib. Ona böyük güvən göstərib o qədər etibarla, inamla yanaşır ki, həmin inamı, etibarı itirməmək üçün yaşayır. Çünki onlar heç vaxt bir-birini təhqir etməyiblər, əskiltməyiblər. Düşünürlər ki, elə bir şey ola bilməz, olsa həyat onlar üçün bitər. Ailəni qorumaq üçün də qarşılıqlı anlaşmayla həyat davam edir.

 

Bax o kəslər ki, qısqanclıq zəminində cinayətlər törədirlər onlar oğru yadına daş salırlar. Bəlkə də heç yada düşməyən variantları xatırladır, od olmayan yerdən tüstü çıxarmaqla atəş yaradırlar. O inamsızlıq həyat yoldaşını özündən uzaqlaşdırır, ailəsində görmədiyi qayğını, hörməti başqasında axtarır...

 

Həəə, Ziqmund Freyd bizim nənələrin sirkə nə qədər tünd olsa öz qabını çatlatdığını bildiklərini bilmirdi, hətta su qabı elə suda çatlayar...

 

Yəqin yaşlı nəslin yadında olar, sovet dönəmində din barədə heç bir mətbuatda yazılmazmış, amma dinimiz nə gözəl yaddaşımızda, əməlimizdə vardı. Heç yalançı mollalar, Allah adından danışan fırıldaqçılar, nəzir qutuları, pullu hacılar və s. görmüşdünüzmü. Onda da qurban kəsirdilər, namaz da qılırdılar, dindarlar da vardı, hamısı urvatlı. Niyə? Çünki tam sərbəstlik idi. Heç kimə qadağa qoymurdular ki, sən “xlorlu su ilə qüsl almısan, batildir”.

 

Babam danışardı ki, biz molla məktəbində oxuyanda bir nəfər namaz qılırdı, deyirdi ki, ağ qoyun, qara qoyun, başımı yerə qoyum. Biz qaçıb mollaya xəbər verdik ki, o səhv deyir. Molla dedi: əgər ürəkdən deyirsə, Allah qəbul edər. Siz el hikmətinə baxın, Allahın adından vəkillik etməklə böyük bir inam və mərhəmət hissi təbliğ etdi. Bax belə...

 

Avropaya üzv olmağa hazırlaşırıq – içimizdə köhnə faylların saralmış qanunları ilə... Dedim axı, namus yalnız özümüzə məxsus qarşılığı olmayan kəlmə, nolar o kəlməni layiqsiz əməllərlə gözdən salmayaq. İnamınız yoxdursa, etibar etmirsinizsə, ən yaxşı halda ayrılın. Heç olmasa valideyni seçmək şansı olmayan uşaqlar “xasiyyəti tutmayıb” ayrılan valideyləri olduğunu bilsinlər, namussuz ana, cinayətkar atanın balaları olduğundan utanıb psixoloji zərbəylə böyüməsinlər.

 

O Freydlər bunları görmürdü, təsəvvür edirdi. Biz isə hamımız bunların içindəyik, əsl filosof özümüz olmalıyıq. Axı Avropaya gedirik.

 

    Müəllif: Esmira Ələkbərli