Adından da göründüyü kimi, əlyazma – əl ilə yazılmış mətnə deyilir. Amma əl ilə yazılsa da qabar olan qəlbdir, bunu da mütləq demək lazımdır! Əlyazmada, daha çox bədii əlyazmada, son nöqtəni qoymaq – həm də sinədolusu nəfəs almaq deməkdir. Axı hər nəfəs alıb-vermək hələ tam mənası ilə yaşamaq demək deyildir! Yazıçı, şair üçün əlyazmalarını qadağan eləmək... sanki körpəni döşdən vaxtsız ayırmağa, süddən kəsməyə də bərabər tutula bilər.

 

Təkcə ədəbiyyatda deyil, tarixdə də – narrativ və narrativ olmayan mənbələr qarışıq – əlyazmalara minnətdarıq. Run əlifbası ilə yazılmış daş kitabələrdən, papirus və perqament üzərində yazılmışlardan, sanskritdən, hər cür manuskriptdən tutmuş bugünkü əlyazmalara qədər, hər biri həm ayrılıqda, həm də birlikdə nur çeşməsi, gur işıq mənbəyidir. Məsələn, bizə və bütün sivil dünyaya aid Orxon-Yenisey, Gültəkin (Kül Tigin) abidələrimiz olmasaydı, onda biz arazbarı... “sinədolusu nəfəs almaq” nəyə deyərdik?

 

Yazı adamlarına, “leylək” qələm sahiblərinə görə, bu dünyada, cəmi cahanda əlyazmaların azadlığından heç olmaz! M.Bulqakovun öz “Master və Marqarita”sında işlətdiyi “Əlyazmalar yanmır” ifadəsi də hər şeydən öncə, insan düşüncələrini-fikirlərini qadağan eləmək, tamamilə məhv eləmək olmaz anlamını verməkdədir. Əlbəttə, əgər günümüzdə kompüterin bircə düyməsini basmaqla yazıları tamamilə silməyi nəzərə almasaq. Amma bu, əlbəttə ki, zarafatyana deyiləndir.

 

Hər halda, misilləmə misal üçün, Dostoyevskinin ölməzliyi bizə çox ölməz mətləblərdən xəbər verməlidir! Başqa sözlə, niyə Mirzə Halaypozan, Mirzə İvan, Mirzə Simon və Mirzə Aşot dəfnsonrasıca unudulur, amma Nizami, ya da Şekspir hər gündə, hər əsrdə yenidən çağlayır?!

 

Tarixin dolanbaclarında, çiskinli-dumanlı dönəmlərində yazıçılar əlyazmalarına görə nələr çəkmişdilər! Və bəlkə də indi daha o formada əlyazmalar yoxdur deyə, daha o boyda qadağalar olmadığı üçün əzabları da o boyda deyil? Kim bilir...

 

Öz əlyazmalarını yandıran söz sahibləri də az olmayıb: ya qadağalar zamanında ələ keçməsin deyə, ya da yüz bir ayrı hüzn, həsrət, əskiklik üzündən: F.Kafka, B.Pasternak, A.Axmatova, M.Hadi. Onlarla saymaq olar...

 

...Vaqif Bayatlının Məhəmməd Hadiyə həsr elədiyi bir “Donurdu Hadinin əlləri” şeiri var. Oxumayan şair namərddir. Özü də birbaşa!

 

...sınıq pəncərələrə tutulmuş

 qəzet kimi

şairlərə gəlir dünyanın soyuğu...

...donurdu Hadinin əlləri,

od vurdu şeirlərinə,

saldı əlini odun içinə...

 

Yəni belə də olurmuş! Donmamaq üçün, ya da həbsə, sürgünə atılmasınlar deyə əlyazmalarını yandranların, ana dili yolunda canını fəda edənlərin, hətta əlyazmalarını kəfən eləyənlərin sayəsində ölümsüz olan məmləkətləri mənmi sayım, yoxsa sizmi sayarsınız!

 

Bir zamanlar redaksiyalar onlara göndərilən əlyazmalarla bağlı bir bildiriş ünvanlayırdı: əlyazmalar qaytarılmır! Buna görə də müəllif əlyazmasının bir nüsxəsini mütləq özündə saxlamalı idi. Gəl sən indi “Anna Karenina”nın, ya da “Salambo”nun üzünü dəfələrlə köçür, görüm necə köçürürsən!

 

Bəzən də göndərilən əlyazma çapa getdikdən sonra mətndə getmiş bir səhv ucbatından redaksiya, ya da nəşriyyatla “Bir hərfin savaşı” başlayırdı. Görünür, Oskar Uayld buna görə deyibmiş: “Şair hər şeyə dözər, yazısında getmiş bir səhvdən başqa”!

 

Başqa sözlə, özgəsinin əlyazmasına düzəliş eləmək, arada-sırada başqasının alın yazısı ilə – o alın yazısı ki, altında bizim imzamız yoxdur – qurdalanmaq kimidir.

 

Bəzi ədəbi düşüncələrə görə isə, insan deyilən sanki gildən deyil, əlyazmalardan, kitablardan yoğrulubmuş...

 

...Bu il mənə ən çox təsir eləyən, bu çağda məni bir yeniyetmə kimi yerimdən oynadan bir məktub oldu. Yox-yox, vaxtı ilə Stefan Sveyqə yazılmış yarıalmatək oxşar sevgi məktubları misilli deyildi bu məktub. Qalaktion Tabidzenin ömür-gün yoldaşı Olqa Okucavanın sürgündən yazdığı məktub idi.

 

Onun 1941-ci il avqustun 30-da Qalaktiona yazdığı məktubun sonunda belə deyilir. Əslində deyilmir, hıçqırtılar dolu hönkürülür: bütün əlyazmalarını öpürəm; kitabların qarışıq...

 

Bəlkə yeri gəlməsə də deyim: Qalaktionun bir kitabının adı “Bədii çiçəklər” olub. Axı bu çiçəkləri, özü də bədii çiçəkləri, bu əlyazmaları necə gülləbaran eləmək olardı! Axı Qalaktion Pasternaka qarşı yazılmış əsassız ittihamlar dolu məktuba qol çəkməmişdi: əvəzində açıq pəncərədən atlanmışdı:

 

sanki bir bir qalaktikadan

o biri qalaktikaya

usdufca atlanmaq kimi...

 

P.S.

Deyirlər ki, yaşamaq ölülərin də haqqıdır. Olsun. Amma bu yaşamaq haqqı həm də əlyazmalarında, kitablarında sevgini, həsrəti, dağları, dənizləri, vüsalı və ayrılıqları yaşadan “leylək” qələm sahiblərinin haqqıdır!

 

Sevgiyə gəlincə, bir şairin məzar daşına yazılıbmış: səni ayaqüstə qarşılaya bilmirəm, bağışla.

 

Amma onlar həmişə ayaqdadırlar: Pasternak, Qalaktion, Bayatlı Vaqif... və qalan hamısı da! Özü də diri və duru!..

İBRAHİMXƏLİL