SOSİUM
8. TƏMİZLİK İMANDANDIR
Niderlandda gördüyüm, az qala insanı hər addımda kabus kimi izləyən təmizliyin aşırı dərəcədə nəzərəçarpan olması bu mövzudan ayrıca bəhs etməyimə səbəb oldu. Digər tərəfdən də Niderlandın böyüklü-kiçikli əksər yaşayış məntəqələrində diqqətimi özünə çəkən bu məsələdən hər bölümdə söhbət açmaq yükündən özümü qurtarmaq üçün bu mövzuya əlahiddə zaman ayırmam gərəkdiyini anladım.
Təmizlik imandandır. Dinimiz belə buyurur. Dinimizin bu buyruğu təkcə bizim oturduğumuz yerin, yaşadığımız məkanın təmiz saxlanmasını nəzərdə tutmur, bədənimizin, ruhumuzun da təmiz olmasını tələb edir. Bunu eşitməyən, gündəlik yaşayışında buna az-çox əməl etməyən müsəlmana rast gəlmək çətindir. Biz nə qədər təmizliksevərik? Bizim təmizliyimiz haraya qədər uzanır? Biz dinimizin bu tələbinə nə qədər əməl edirik və ya əməl edə bilirikmi? Əməl etmiriksə nədən? Sualları istənilən qədər sıralamaq da olar və həmin sualların ətrafında uzun-uzadı müzakirələr də açmaq imkanımız var. Bu suallara hərənin bir yöndən yanaşacağı, bir səmtdən cavablandırmaq istəyəcəyi, çox zaman da hərənin öz çözüm variantını ən doğru sayacağı da istisna deyil.
İndi mən söyləsəm ki, Niderland təmizliyinə görə gördüyüm ölkələr arasında ən öndə gedənlərdən biridir, burada ideal təmizlik hökmrandır, steril bir ölkədir, mənim bu fikrimi topa-tüfəngə tutanların sayı, heç də dəstəkləyənlərin sayından az olmayacaq. Birincilərin gətirəcəyi arqumentləri də bilirəm. Biri deyəcək: avropalılar hamamı, çimməyi bizdən öyrənib. Bir başqası dillənəcək ki, deməzsənmi kanalizasiya Şərqdən mənimsənilmə bir zaddır. Üçüncüsü daha uzağa gedib ayaqyolunun bizim icadımız olmasından dəm vuracaq. Bunları bilirəm. Bu adamların söylədiklərindəki həqiqət payından da xəbərim var. Mən həmin adamlara üzümü tutub desəm ki, sizin dedikləriniz doğrudur, amma bu doğrular bizim bugünümüzün doğruları deyil, dünənimizdə olmuş hadisələrdir. Onlar mənimlə razılaşacaqlarmı? Onların mənə nə cavab verəcəklərini bilmirəm. Mən bu günün Avropasından danışıram, bu günün Avropasının təmizliyindən, sterilliyindən bəhs edirəm. Belə yerdə demirlərmi: atanla atamı deyincə, özünlə özümü desən. Mən çanağından çıxıb, çanağını bəyənməyənlərdən də deyiləm. Hansı ailədə böyüdüyümü, hansı mühitdə tərbiyə aldığımı bir an da olsa unutmayan biriyəm. Yolu and yerinə çevirib ona baxmaq istəməyən, əlinə keçən hər şeyi onun üzünə çırpan, ağzının-burnunun olanını hara gəldi boşaldan, suya and içib, məişət tullantılarını hələ də suvarma kanallarına atan bir cəmiyyətdən çıxdığını da əsla yaddan çıxarmayan adamam. Sözümün təsdiqi kimi, mən sizi şəhərlərimizin, kəndlərimizin küçə və meydanlarına, su hövzələrinə ötəri də olsa bir gəzintiyə dəvət etsəm, inanmıram ki, könülaçan bir mənzərə ilə qarşılaşasınız. Qalaq-qalaq, yellərin havaya sovurduğu siqaret kötüklərinə, kağız qırıntılarına, şüşə, metal, plastik içki qablarına hər addımda rast gələcəyimizi inkar edən kimsə olmayacaq. Arxa yollarımız da, ana yollarımız da bir-birinə bənzəyir. Maşınların əzdiyi pişik, it leşlərinin günlərlə yol kənarlarında üfünət saçanadək qaldığını gözlərimizlə azmı görmüşük? Bir deyil, beş deyil, hansını deyəsən?!
Avropanın da bizdən öyrəndikləri, mənimsədikləri var. Mübahisə etmirəm. Avropa mənimsədiklərini özününküləşdirməyi bacarmış, başqa xalqlardan öyrəndiklərini öz həyatına tətbiqində heç bir qüsura yol vermədiyindən, bu gün bizim təsəvvür etdiyimizdən də irəli gedib və keçmişinə ilişib qalanların çağdaş Avropa dəyərlərinin səviyyəsinə nə vaxt çatacağı da bəlli deyil.
Mən nə doğulub boya-başa çatdığım Qarayazının beş addımlığında yerləşən və hər görüşümdə ruhi rahatlıq tapdığım Tiflisdə, nə gəncliyimin ən gözəl anlarını yaşadığım Bakıda, nə xəyallarımın şəhəri İstanbulda, nə sovetlərin hər mənada beyin mərkəzi Moskvada, nə Rusiyanın Avropa üzü sayılan Sankt Peterburqda və nə də başqa bir yerdə Niderlandın istənilən məkanında rastlaşdığım təmizliyə, səliqə-sahmana bənzər mənzərəyə rastlaşmamışam.
Xalqların tarix boyu bir-birindən istər maddi, istər mənəvi dəyərləri əxz etməsi faktı inkar edilməzdir. Avropalılar da inanmıram ki, haradansa – istər şərqdən, istər cənubdan öyrəndiklərini inkar etmək kimi bir addım atsınlar. İbn Sinanı, İbn Rüşdünü yüzillər boyu yaşadanlar da avropalılar deyilmi? Bu gün bizim minib səyirtdiyimiz maşınların əksəriyyəti Avropanın maşın qəbiristanlıqlarının girişindən geri qaytarılanlardır. Bu gün bizim can atdığımız, görmək istədiyimiz, təhsili ilə bir pillə yuxarıda duracağımızı dəqiq bildiyimiz, zənginlərimizin villalar aldığı, mühacirlərimizin sığındığı, müəyyən şeyləri bizdən mənimsədiyini bildiyimiz də həmən Avropadır. Avropadan öyrəndiklərimizi dana bilmərik. Müasir məktəbləri, müasir maarif sistemini Avropadan mənimsəməklə mədrəsə-mollaxana təhsilindən çıxdığımızı da – ancaq yenə də bir çoxumuzun təkrar ora qayıtmaq istədiyini də deməsəm olmur – unuda bilmərik. Hərçənd ki, müasir tipli, ilk universitetlərin müsəlman aləmində meydana gəldikdən sonra avropalılar tərəfindən mənimsənilməsi faktı da ortadadır. Avropa universitetlərinin ildən ilə artan şöhrəti ilə müqayisədə bu gün İslam ölkələrində mövcud olan universitetlərin nə qədər geridə qaldığını söyləməmiz yetərlidir. Şərq ölkələrindən Qərbə gəlib, bir ətək pul xərcləyərək, təhsil almaq istəyənlərin hər ötən gün saylarının artması da dediklərimizi təsdiqləmirmi? Əgər Şərqdə təhsilin səviyyəsi yüksəkdirsə, şərqlilərin burada nə işi var? Südlü qoyun sürüsündən niyə aralı düşməlidir ki?
Bu, Şərqə səkkiz xaç yürüşü təşkil edən həmin Avropadır. Bu yürüşlər nəticəsində yüzminlərin qurban getdiyini nə qərbli, nə şərqli, heç kim dana bilməz. Səlib müharibələrinin avropalılar üçün necə başa çatmasını da bir kənara qoyaq. Bu savaşlardan sonra Avropa şəhərlərinin simasının dəyişdiyini, mətbəxində yüzlərlə ədviyyatdan istifadə edildiyini, evlərində, məhəllələrində hamamların peyda olduğunu, Avropa saraylarında Şərq şahlarının həyat tərzinə bənzər dəbdəbənin tətbiqini, bundan sonra Avropa şəhərlərində ilk universitetlərin qurulduğunu və bunun Avropa universitetlərinin ildən ilə artan şöhrəti ilə müşaiyət olunduğunu kim inkar edə bilər? Bütün bunlar dünən – keçmişdə baş verənlərdir.
Niderlandda üfünət yayan, xəstəlik mənbəyi zibil qutularına rast gəlməzsən. Müasir binaların birinci mərtəbəsində qapısı germetik bağlı olan, zibil qutularının sıralandığı xüsusi bölüm quraşdırılır. Həmin zibil qutularına sakinlər çeşidlənmiş məişət tullantılarını atırlar. Kağız-karton üçün ayrı, taxta qırıntıları üçün fərqli, qarışıq zibilin atılması üçünsə başqa qutular qoyulur. Kiçik evlərdən ibarət məhəllələrdə isə, yeraltı konteynerlər quraşdırılır və həftənin müəyyən günləri xüsusi kranları olan təmizlik maşınları həmin konteynerləri boşaldıb, təkrar yerin altındakı yuvalarına yerləşdirirlər. Bu konteynerlərin üstünlüyü heç nəyə, heç kimə mane olmamasındadır. Əsas gövdəsi yerin altında yerləşdiyindən çox yer tutmaması ilə də diqqəti cəlb edir. Maraqlı təcrübədir, öyrənməyə dəyər. Vətəndaşlar çeşidlədikləri tullantıları bu konteynerlərin müvafiq gözündən içəri atırlar. Şüşə qabların rənginə uyğun atılması üçün bu konteynerlərin bir neçə gözü olan xüsusi bölməsinin olması da gözdən yayınmır. Əski geyimlərin toplanması ilə məşğul olan şirkətlər bunun üçün bələdiyyədən icazə alaraq, xüsusi konteynerləri müəyyən olunmuş yerlərə yerləşdirirlər.
Şəhərlərdə hər addımda rast gələ biləcəyimiz kiçik zibil qutuları isə gəzib-dolaşan insanların, siqaret çəkənlərin istifadəsi üçündür. Üzərində köpək şəkli olan qutular isə, adətən onların tualetləri üçün istifadə olunur. Köpək sahibləri köpəklərinin rahatlandıqdan sonra geridə buraxdıqları pislikləri xüsusi torbalarda bu cür qutulara atmalıdırlar. Başqa yolu yoxdur. Cəza yeyə bilərsən. Vəssalam.
Afiq MUXTAROĞLU
Niderland