“Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən də zəhərli”.

 

Böyük şairimiz Hüseyn Cavidin iki misrası bugünkü yaşamımızın bədii öncəgörməsidir sanki. Dünyanı cənginə alan balaca bir virus bizlərə nəyi xatırlatdı?! Mənasız həyatımı? Əbədi dünyanımı? Yoxsa ölümün belə dəyərlisinin olduğunumu?! Əslində hamısını.

 

Bəyənmədiyimiz həyatımız, sıxıldığımız insanlar, bezikdiyimiz, getməyə can çəkdiyimiz iş yerlərimiz nə qədər dəyərli imiş. Ürəkdən gülmək, danışmaq, çıxıb gəzmək, rahat nəfəs almaq kimi adi görünən nə qədər qiymətli xəzinələrimiz var imiş.

 

Ölümün də dəyərlisi olarmış. Ucuz ölüm dedikləri budurmu yoxsa? Arxandan son namazına duracaq bir nəfərin belə olmaması. Ölümümüz də qiymətli imiş, ölərkən belə “xoşbəxt” imişik sən demə.

 

Bəlkə də bu virus biz insanları özümüzə qaytarmaq üçün, insan olduğumuzu xatırlatmaq üçün göndərilmiş bir işarədir?!

 

İnsan üçün övladdan şirin nə ola bilər ki. Bu gün həmin övladı doyunca qucaqlaya bilmiriksə, milyonlarla körpənin içindən qoxusuyla tapa biləcəyimiz ətri duya bilmiriksə, Kəbə qapılarını üzümüzə bağlayıb yalnız Əbabil quşlarıyla görüşmək istəyirsə, demək ki, qəbahətimiz böyükdür Allah qarşısında, özümüzü bir daha vicdanımızın süzgəcindən keçirməliyik. Axı nə ola bilər günahımız ki, bu qədər ağır cəzaya layiq olduq? Bəlkə ölən insanlığımız? Bəlkə Haqqa yumulan gözlərimiz, doğruya dönməyən dilimiz? Ya da harama uzanan əllərimiz?!

 

Hər dəqiqə ömürdən gedir və biz sadəcə izləyə bilirik. Malın-mülkün əsl sahibini tanıdın artıq, ey fani insan?!

 

Nə qəribədir, hər kəs hər kəsi unudub, öz “çanağına” çəkilib, qapılarını bağlayıb. Neyləyək? Bəlkə səyahətə çıxaq kitablarla?! Özümüzə qayıdaq. Kim deyir ki sərhədlər bağlıdır? Hər kitab bir səyahətdir. Bəzisi bir insan ömrünə, bəzisi keçmişə, bəzisi hətta gələcəyə. Bəli, bir kitab bir insanın gələcəyini dəyişdirə bilər. Cəmiyyətimizdə kifayət qədər belə faydalı kitablar var, gözləri yollara dikilmiş, bəni-insan üzünə həsrət qalmış kitabxanalarımızda səhifələri toz tutmuş faydalı kitablar. Artıq bu kitablar elektronlaşıb ayağımıza “minnətə” gəlir, ancaq biz nədənsə oxumamaqda israrlıyıq. Onların əvəzinə faydasız oyunları və bəzi üzdəniraq verilişləri seçirik biz. Ata-babalarımızı, minlərlə bədii və tarixi qəhrəmanlarımızı qoyub “avropalaşırıq” biz. “Coni”yə bənzəməyə çalışırıq, “Anna”ya çatmaqdır hədəfimiz. Yetmir bizə Qaçaq Nəbilər, Koroğlular, ruhumuzu oxşaya bilmir Nigar xanımlar, qoçaq Həcərlər... Avropa gözümüzü “qamaşdırır”. Axı biz insanıq, parıltıya “uçan” insanlarıq. “Korona” başımıza parıltılı tac qoyacaq bu gedişlə. Allah axırmızı xeyir eyləsin.

 

Bəlkə səyahətə çıxaq kitablarla? Bir az uzaq keçmişə səyahət edək. Başımıza tac qoyulmadan, ölümün dəyərsizini dadmadan özümüzə qayıdaq, doğru yönə dönək. Axı bizim yönümüz bəllidir. Allahdan gəlib Allaha dönəcəyik elə deyilmi?! Bəs onda nəyin israrındayıq?!

 

Oxumağa vaxtımız yox idi, ibadətə vaxtımız yox idi (guya) , hətta ailədəki əzizlərimizə belə “vaxt tapa bilmirdik”. Allah bizə yetərincə vaxt göndərdi.

 

Bəlkə səyahətə çıxaq kitablarla? Səyahətimizə “Quran” mayak olsun. Mayakı “Quran” olanın dayağı Allah olar. Allah hər birimizə bu gözəgörünməz düşmənlə mübarizədə dayaq olsun.

 

Lətafət Kərimova

Mollaoğlu orta məktəbinin tarix fənni üzrə baş müəllimi