TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI

 6. DON KİXOTUN NƏHƏNGLƏRİ İLƏ GÖRÜŞ

 

Koronavirusla bağlı xəbərlərin manşetlərdən düşmədiyi aprel günlərini eyvandan şəhər mənzərələrini, yarpaqlarının yaşılı gündən günə daha da qatılaşan, tündləşən ağacların evləri, binaları sarmasını, yaxınlıqdakı salxım söyüdlərin arasından güclə seçilən kanalı, axın-axın kanala və ətrafa tökülüşən quşları seyr etməklə keçirirəm və yaz günəşinin yandırıcı istisindən otağa girəndə uşaqlığımdan bəri neçə dəfə oxuduğumu unutduğum Migel de Servantesin “Lamançlı Don Kixot”unu təkrar mütaliə edirəm. Don Kixotun cəngavərlik həyatının qəribəlikləri arasında onun yel dəyirmanları ilə vuruşması səhnəsi hər dəfə məni heyrətləndirir. Bəlkə də mənim Avropaya marağım elə buradan qaynaqlanır, bəlkə də mən əsəri ilk dəfə oxuyanda Don Kixotun yox, onun vuruşduğu yel dəyirmanının tərəfini tutmuşam. Düzü, bunları ayırd etməyim artıq çox gecdir. Mən Don Kixotun macəraları ilə baş-başa qaldığım həmin günlərdə Kinderdijk dəyirmanlar kəndinə gedəcəyim, görəcəyim məlum deyildi. Don Kixotun macəraları ilə təkrar görüşümün və Kinderdijk dəyirmanları ilə ilk görüşümün eyni vaxta düşməsinə bir təsadüf, yoxsa zərurət kimi baxmağımın da mövzumuza elə bir istisinin-soyuğunun olmadığını düşünərək, yel dəyirmanları ilə bağlı düşüncələrimi sizinlə bölüşməyin daha doğru yol olduğu qənaətinə gəlirəm.

 

Sonralar da, məsələn, “Orta əsrlər tarixi” dərsliyində, televiziyada, internetdə yel dəyirmanlarını görməyimin mənə qəribə, sirli, səbəbini izah edə bilməyəcəyim bir sevinc bəxş etdiyini sizdən gizlətmək istəmirəm. Ümumiyyətlə, dəyirmanların, – bu yel dəyirmanı da ola bilər, su dəyirmanı da – bizim xalqın, elə başqa xalqların da, o sıradan hollandların da yaddaşında sirli, sehrli, magik bir iz buraxdığına dair çoxlu faktlar da gətirmək mümkündür. Dəyirmanlara, dəyirmançılara bir qədər qorxu ilə yanaşılması da burdan qaynaqlanmalıdır. Dəyirmanın, dəyirmançının taxılı – arpanı, buğdanı una çevirməsi insanlara möcüzə kimi görünürdü. Xaraba dəyirmanların oğru-quldur yuvası, şər qüvvələrin məskəni olması barədə də müxtəlif rəvayətlər, əfsanələr dildə-ağızda dolaşmaqdadır. Nədənsə Qoç Koroğlu da Keçəl Həmzəyə məhz dəyirmanda aldanır. Dastan yaradıcılarının bu epizodu oraya təsadüfən salmadığını da düşünmək olar. 

 

Mən uşaqlıqda bir-iki dəfə dəyirmana getdiyimi də yaxşı xatırlayıram. Dəyirmanın hayı-küyü, insanların bir-birini eşitmək üçün bağıra-bağıra danışmaları, üstü unlu dəyirmançılar, dəyirmanın tavanından sallanan hörümçək toruna yapışmış un dənəciklərinin toz basmış elektik lampasının zəif işığı altında yaratdığı qəribə mənzərə, üyünmüş buğdanın un şəklində tökülməsi, üst-üstə yığılmış, necə gəldi qalaqlanmış irili-xırdalı kisələr, dəyirmanın bir küncünə çəkilərək, sakitcə yaşmaqaltı qeybət qıran, növbələrini gözləyən qadınlar sırası ilə gözlərim qarşısında canlanır. Və “Dəyirmanın gözünə ölü salsan diri çıxar” məsəlimizin doğruluğunu yoxlamaq üçün dəfələrlə qorxu-hürkü ilə dəyirman adlandırılan, uşaq ağlımla bu çox mürəkkəb, əcaib qurğunu ölçüb-biçdiyimi də unutmamışam. Amma təəssüf edirəm ki, mənim gördüyüm bu dəyirmanlar yel dəyirmanları deyildi, heç onlar su ilə işləyən dəyirmanlar da deyildi. Elektriklə çalışan müasir dəyirmanlar idi.

 

Yel dəyirmanları ilə tanışlığım Kixotdan başlasa da, sonralar mən sənədli-tarixi filmlərdə, hansısa kitabda bu qurğunu görərkən, qəribə hisslər keçirirdim. Avropanın keçmişini və indisini yel dəyirmanları olmadan təsəvvür edə bilmirdim. Bu dəyirmanlar olmadan Avropanın simasının yarımçıq olacağına, natamam bir görünüşlə qarşıma çıxacağına inanırdım. Nədən ki, mən yel dəyirmanlarını Avropanın bələdçisi sayırdım. Onları Avropanı simgələyən bir simvol, bir nişan kimi təsəvvür edirdim. Bu gün də bu təsəvvürüm mənimlə birlikdədir.

 

Bu bölməyə belə bir uzun giriş verməmin mövzumuzla yaxından-uzaqdan bir bağlılığı varmı, ya bəlkə mən əsas mövzuya birbaşa girişə bilmədiyimdən belə bir yol seçmişəm? Etiraf edim ki, mən buna bir inandırıcı cavab da verə bilməyəcəm. O üzdən də, qüsura baxmayın, geçənə güzəşt deyib üstündən keçin.

 

Niderlanda ayaq basdığım ilk günlərdən yel dəyirmanlarını yaxından görmək istəyim oyanmış, bu istəyimi gerçəkləşdirmək üçün fürsət axtarırdım. Düzdür, harasa gedərkən uzaqda-yaxında gözə dəyən yel dəyirmanlarını atüstü də olsa görmək imkanım olurdu. Pərləri ilə havada nəhəng çevrələr cızan insan əlinin yaratdığı bu qurğunu yaxından görmək, onunla təmasda olmaq istəyimisə çox gec gerçəkləşdirə bildim. İlk belə fürsət təxminən bir il sonra Utrextə bağlı kiçik Vurden şəhərində əlimə keçdi.

 

Niderlandda aşağı-yuxarı min dəyirmanın qaldığı söylənilir. Niderland əhalisinin, daha çox da turistlərin yel dəyirmanları ilə yaxından tanış olması üçün Niderlandın Cənubi Hollandiya vilayətinin ərazisində, Rotterdamdan 15 kilometrlik məsafədə Kinderdijk dəyirmanlar kəndi yerləşir. Üstəgəl, ölkənin bu dəyirman qrupu 1997-ci ildə YUNESKO-nun dünya irsi siyahısına da daxil edilib. Kinderdijk Lek və Noord çaylarının qovşağında, 1740-cı ildən etibarən salınmağa başlayıb. 19 qurğudan ibarət, geniş ərazini əhatə edən bir dəyirman şəbəkəsidir. Dəyirmanların çay sularının doldurduğu əraziləri sulardan təmizləmək, qurutmaq məqsədilə inşa edildiyi və hollandların dənizdən torpaq almaq üçün necə mübarizə apardıqları da məlumdur.

 

Aprelin 16-da, koronavirusun bəşər övladını qorxu altında saxladığı günlərdən birində baş çəkdiyimiz Kinderdijk havanın günlük-günəşlik olmasına rəğmən bizi çox səssiz qarşılayırdı. Ölkələrin özünü virusdan sığortalamaq üçün qapandığı, turizmin axsadığı bu günlərdə yel dəyirmanlarını görmək istəyənlərin sayının az olması təbii görünürdü. Yel dəyirmanlarının içərisinə virus təhlükəsi ilə əlaqədər baxışlar da ertələnmiş, turistlərin gəzintisi üçün nəzərdə tutulan kiçik gəmilər dəcəllik etmiş buzov kimi, cəza olaraq sahildəki sütunlara bağlanmış, bu halından heç də məmnun olmadığını bildirirmişcəsinə yerlərində ləngər vururdular. Kinderdijkin özəlliklərini anladan, ziyarətə gələnlərin buradan xatirə olaraq aparmaq istədikləri suvenirlərin satışı ilə məşğul olan hədiyyə mağazası da qapalı idi.

 

Sözarası deyim ki, Kinderdijki həm piyada, həm də velosipedlə dolaşa bilərsiniz. Piyadaların və velosipedçilərin gəzintisi üçün bir-birinə paralel başqa-başqa yollardan istifadə edirlər. Buraya gəlişinizdə buna mütləq diqqət yetirməniz gərəkəcək. Dəyirmanların ətrafına yaraşdıqları kanallarda gəmi marşrutlarının fəaliyyət göstərməsini isə artıq bilirsiniz. Üstəgəl velosipedlərin saxlanılması üçün quraşdırılmış boş park yerləri də dördgözlə turistlərin yolunu gözləməkdə idilər.

 

Bütün bunlara – turistlərin azlığına, işlətmə yerlərinin qapalı olmasına rəğmən bu yerləri turistlərin ziyarətgahına çevirən yel dəyirmanlarının əzəmətli duruşu, pərlərinin əcaib görünüşü yerində idi və bu, mənim Don Kixotun yel dəyirmanları ilə vuruşma səhnəsini təsəvvürümdə canlandırmam üçün yetərli bir mənzərə olduğunu da qeyd etmədən keçmək istəmirəm. Bir-birindən müəyyən məsafədə yerləşən, bütöv və ya qismən görünən yel dəyirmanlarının nağıllarımızın nəhəng, bədheybət personajları olan divlərə bənzədiyinə, bu hərəkətsiz nəhənglərin nağıl qəhrəmanlarımızdan birinin, məsələn, Məlikməmmədin üzərinə atılmaq üçün məqam gözlədiyinə  və bu müqayisəmin yerinə düşdüyünə, bir anlıq da olsa sehrli nağıllar aləmində olduğuma inanmaq istəyirdim.

 

Kinderdijk yel dəyirmanları kəndinə yolu düşənlər burada təbiət gözəllikləri ilə qarşılaşacaqlarından əmin ola bilərlər. Hələ dəyirmanların yerləşdiyi məkana çatana qədər sizi yolboyu əkilmiş lalələrin, nərgizlərin, adını belə bilmədiyim güllərin-çiçəklərin dalğalanan, gözoxşayan göyqurşağı şəridi qarşılayacaq. Yalnız bundan sonra üzünüzdə xoş təbəssüm dəyirmanlar məkanına təşrif buyuracaqsınız. Kanallarda üzən vəhşi qazların, yaşılbaş sonaların, qağayıların, adını bilmədiyim kəkilli su quşlarının adama könül rahatlığı vermələri, insanlara etibar etmələri, qorxusuz-hürküsüz insanlarla təmas qurmaq istəmələri hər kəsə xoş anlar yaşada bilir. Bizim sahildən onlara baxdığımızı fərq edən, onları yeməli nəyəsə qonaq edəcəyimizi düşündükləri hər hərəkətlərindən bəlli olan bir cüt ördəyin suyun üzərində özlərindən sonra uzun bir itibucaqlı zolaq buraxaraq tələm-tələsik bizə yaxınlaşmaları o qədər heyrətamiz mənzərədir ki, bunu təsvir etmək belə çətindir. Bizim qonaq edəcək bir şeyimizin olmaması isə, sanki onları məyus edir və onlar məlul-məlul bizə baxaraq, elə bil “bir də belə etməyin, əliboş gəlməyin” mesajını verərək, suya baş vururlar. Yerin altından çıxmış kimi qarşımızda peyda olan, ilk dəfə gördüyüm ağalın, qara su quşu isə bizdən bir qənimət əldə edə bilməyəcəyini daha tez anlayıb, narazılığını xoşagəlməyən qışqırtısı ilə ifadə edərək sürətlə uzaqlaşır. Kanalın sakit bir guşəsində qarşımıza çıxan vəhşi qaz ailəsi isə, sanki adamlara övlad sevgisinin necə olmasını nümayiş etdirirdi. Yumurtadan bir-iki gün öncə çıxmış 10-15 sarışın qaz balası valideynləri tərəfindən etibarlı şəkildə qorunurdu. Bunu ata qazın sinəsini qabardaraq fısıldaması çox gözəl anladırdı. Və bu vəhşi qazların balalarını qoruma yöntəmlərinin əhliləşdirilmiş ev qazları ilə eynilik təşkil etməsini müəyyənləşdirmək də, yalan nə söyləyim, Kinderdijkdə mənim kefimi açan nəsnələrdən oldu. Uzaqdan görünən al, çəhrayı, pənbə rənglərin bir-birinə qarışmasından yaranmış mənzərəyə isə iki göz istəyirdi ki, tamaşa etsin. Maqnoliya ağacları sanki kiminsə, nəyinsə acığına, təpədən dırnağa çiçəklərini açıb, təkrarsız bir gözəllik yaratdıqlarının belə fərqində deyilmiş kimi göyüzünə doğru boy vermişdilər. Onların suyun üzərində əks olunan pənbə rəngli kölgələrinə iki göz də borc alıb tamaşa etmək gərək idi.

 

Niderlandda yel dəyirmanlarından nə vaxt istifadə olunması dəqiq deyil. Sadəcə güman etmək olar ki, yel dəyirmanlarından istifadənin tarixi maldarlığa və əkinçiliyə təlabatın artmasından və bu ərazilərdə insanların sayının çoxalmasından sonra baş vermişdir. Nədən ki, əkinçilər üçün yeni əkin sahələri, maldarlar üçünsə yeni otaracaq-örüş yerləri, biçənəklər tələb olunurdu. Bu təlabatı ödəmək üçün çox yerdə dəniz səviyyəsindən aşağı olan sahələri qurutmaq lazım gəlirdi. Bu torpaq-drenaj işlərində isə yel dəyirmanları əvəzsiz vasitə sayılırdı. İlk başlardan sahələrin sudan arınması üçün tətbiq edilən yel dəyirmanları, sonralar başqa məqsədlərin həyata keçirilməsində də istifadə olunmuşdur. Bu gün yel dəyirmanlarının ağac emalı, yağ istehsalı sənayesində uğurla tətbiq edildiyi yerlər var. Mən əvvəllər yel dəyirmanlarının yalnız dən üyütmək üçün istifadə olunduğunu düşünürdüm, onların başqa işlərdə istifadə olunduğunusa Niderlandda öyrəndim. Öyrənməyin heç zaman gec olmadığına öz təcrübəmdə bir dəfə də inandım.

 

Yel dəyirmanlarına turistlərin baxması pulsuz olsa da, onların içərisində gəzmək üçün müəyyən haqq tələb olunur. Yel dəyirmanları Niderlandın turizm obyektləri sayıldığından onların qorunması, yenilərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Hətta ekzotik mənzərələrin, qeyri-standart şəraitin vurğunları üçün yel dəyirmanlarından kiçik otel kimi istifadə olunması da təcrübə edilir.

 

Hollandlar yel dəyirmanlarının öz icadları olmasında təkid edirlər. Bu qəribə qurğunun müəllifinin hollandlar olduğunu xüsusi vurğu ilə bildirirlər. Əslində ortada mübahisə doğuracaq, hollandları yalançılıqda ittiham edəcək bir şey də yox. Bir az dərindən baxdınsa, onların ölkəsini bir az yaxından tanıdınsa, bu mübahisədə hollandların haqlı tərəf olduğu qənaətinə gələcəksən. Nədən ki, yel dəyirmanları bu insanlar üçün həyat qaynağı sayılmalıdır. Ərazisinin dörddə biri dəniz səviyyəsindən aşağı, ikidə birisə dəniz səviyyəsindən cəmi bir metr yuxarı olan bir ölkə üçün yer dəyirmanlarının xidməti danılmazdır. Üstəlik, hollandların dənizi geri çəkilməyə məcbur etdikləri, dənizi qurudaraq yeni torpaqlar mənimsədikləri də yaddan çıxarılmamalıdır. Bütün bunlar yel dəyirmanlarının holland həyatının ayrılmaz bir parçası olmasını söyləməmizə imkan verir. Yel dəyirmanlarını hərəkətə gətirən külək isə, öz varlığını, demək olar, bütün fəsillərdə göstərməkdədir. Digər tərəfdən isə, ölkənin hər tərəfində qarşınıza çıxan külək elektrik stansiyalarının çoxluğu, onları yel dəyirmanlarının varisi hesab etməyə əsas verir. Düzdür, mən bununla külək elektrik stansiyalarının da hollandların icadı olduğunu söyləmək niyyətində deyiləm. Amma küləyi Niderlandın təbii sərvəti hesab etməyə əsasımız var. Dənizi ram edib torpaq alan, küləyi cilovlayıb insana xidmətə məcbur edən hollandları yel dəyirmanlarının ixtiraçısı, Niderlandı isə yel dəyirmanlarının vətəni saya bilərik, ən azından bunu ehtimal kimi səsləndirə bilərik.

 

Düzdür, əlimizdə olan bir məlumat bunu inkar edir, yel dəyirmanlarını ərəblərin icadı sayır. Bu dəyirmanların 634-cü ildə ərəblər tərəfindən icad olunduğunu, yalnız 500 ildən sonra Avropaya gəlib çıxdığını söyləyir.

 

Kimin icadı olmasına əhəmiyyət vermədən, biz bu gün yel dəyirmanlarının Niderlandın rəmzlərindən biri olduğunu, yel dəyirmanlarının Niderlandı tanıdan semiotik bir işarəyə çevrildiyini əminliklə söyləyə bilərik. Niderlandın müasir şəkil almasında mühüm rol oynamış yel dəyirmanları bu gün yenə də onun obrazının tamamlanmasında, dünyaya tanıdılmasında, turistlərin ölkəyə axın etməsində üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməkdədir.

 

Afiq MUXTAROĞLU

Niderland