HƏYAT DƏRSLƏRİ

31. SİYASİ İQTİSADDAN TƏCRÜBƏ DƏRSLƏRİ VƏ YA ŞOPİNQ

 

(əvvəli burada)

Kapitalizmdə hər şeyin alınıb-satıldığına, hər şeyin bazar üçün əmtəə olduğuna dair müəyyən bilgilərim var idi. Hər şey adlandırdığım bu hər şeyin – istər maddi, istər mənəvi olsun, satılıb-alındığını təsdiqləmiş oldum. Düzdür, bunlardan xəbərdar idim, həyatda bunları görmüşlüyüm də vardı. Hətta mən adamların adamlığını, satqınların dostlarını, xainlərin vətənini satdığını da görmüş biriyəm. Niderlanda gəlişimdən sonra bu nəzəri bilgilərimi təcrübədə də isbatlaya bildim. Əllə toxunula biləcək, gözlə görüləcək, qulaqla eşidiləcək, burunla qoxulanacaq, ağızla dadılacaq bu hər şey satlıqdır, alıcısı da sırada. Düzdür, burada sıra da, növbə də avropasayağı nizamlıdır. Nə bir qarışıqlıq, nə bir basabas.

 

Kapitalizmi istehlak cəmiyyəti kimi də xarakterizə edirlər. Kapitalizmin insanları istehlakçılığa alışdırdığını, daha çox mal tükətməyə öyrəşdirdiyini, lazım olandan artığını almağa təşviq etdiyini mən Niderlandda daha yaxşı anladım. Marketə, alış-veriş mərkəzinə əliboş girib, əlidolu çıxmağa, birinin yerinə beşini almağa vərdiş edən insanlar kapitalizmin həyat qaynağıdır. Yeri gəlmişkən, inkişaf etmiş kapitalist cəmiyyətində istehlakçılığın yaratdığı fəsadlar arasında istifadə müddəti başa çatdığına görə yararsız hala düşən ərzaq məhsullarının zibil kimi atılması adi haldır. İstifadə edəcəyindən artıq ərzaq alan müştəri saysız-hesabsızdır. İstifadə müddəti azalan məhsulların mağazalarda endirimlə, hətta maya dəyərindən aşağı satılması müştəriləri lazım olandan artıq almağa təhrik edir. Az pula çox mal aldığını düşünən müştəridə get-gedə almaq asılılığı, alışqanlığı yaranır, almasa durub dincələ bilmir. Bu onun adətinə çevrilir. Canına-qanına hopur. Adətin də tərk edilməsinin xəstəlik yaratdığından da xəbərimiz olmalıdır. Və bu müştəri də onu tərk edə bilmir, bu vərdiş onun xarakterinin ayrılmaz ünsürünə çevrilir, almaq həyat tərzinə çevrilir. Alış-veriş mərkəzlərinin gurultusuna, gözqamaşdırıcı parıltısına aludə olan insanı oradan aralamaq get-gedə çətinləşir. Onun bu məkanlardan qoparılması müxtəlif psixi pozulmalarla müşayiət olunur.

 

Örnək üçün IKEA alış-veriş mərkəzinə daxil olmamız, bir az onun içərisinə nəzər yetirməmiz mövzunun anlaşılmasında bizə yardımçı olacaq. Amersfoortda, Rotterdamda olduğum IKEA mağazaları nəhəngliyi ilə diqqətimi cəlb etmişdir. Kiçik fərqlərə baxmayaraq hər iki məkanda da eyni mənzərəni müşahidə etmək olar. Hansı birinə istəsəniz daxil ola bilərik. IKEA əsası 1943-cü ildə İsveçdə 17 yaşlı İngvar Komprad tərəfindən qoyulan, müxtəlif mebellər və ev avadanlıqları hazırlayıb satan bir şirkətdir. Şirkətin dünyanın çox yerində mağazalar şəbəkəsi mövcudur. Bu mağazalardan birinə daxil olan alıcının oradan əliboş çıxacağına kiçik bir ehtimal belə yoxdur. Çoxmərtəbəli bu alış-veriş məkanlarında sadəcə dolaşıb çıxmaq üçün 3-4 saat vaxt xərcləməlisən. Burnu yemək qoxusu alan, bununla da arıq 3-4 saat vaxtın keçdiyini, yemək vaxtı olduğunu anlayan müştərilərin əksəriyyəti mərkəzin restoranlarından birində mütləq ya nahar, ya şam etməyi də yaddan çıxarmırlar. Hər şey nəzərə alınıb. Alış-verişini bitirib məkandan çıxmaq istəyənləri çıxışa qədər müxtəlif malların bolluğu müşayiət edir. Sanki birdən yadından nəsə çıxmış olar, məsələn, bu ucuz bıçaqdan da al, bu kiçik oyuncaqla uşağını sevindirə bilərsən, axşam çay içmək üçün bir-iki şirniyyat götür kimi mesajlar verilir, sənin beyninə müxtəlif yollarla ötürülür. Və sən almaq istəməsən də, alırsan. Özünü saxlaya bilmirsən, əmtəə asılılığı səni buna məcbur edir. Cibin boşalır, hesab kartın sıfırlanır.

 

Artıq tükətmək ehtirasının bizlərdə də ayaq açıb yeridiyini müşahidə etmək olar. Müxtəlif əmtəələrin istehlakı, müxtəlif xidmətlərdən gündəlik istifadə bu qəbildəndir. Hətta kənd xanımlarımız artıq gözəllik salonlarında soluqlarını almağa, alış-veriş mərkəzlərində nəfəs dərməyə adətkar olublar. Bunu onların həmin məkanlardan çəkdikləri selfiləri, müxtəlif markaların mağazaları qarşısında müxtəlif rakursdan çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə bir sənət nümunəsi kimi paylaşmaları daha yaxşı anladır.

 

Nə olursa olsun, almaq xatirinə alış-veriş etmək narkotik asılılığı qədər təhlükəlidir. Narkotik tapa bilməyən narkomanın həyacanından da artıq bir maniyaya tutulan almaq xəstəsi bu azarını öldürmək üçün müxtəlif yollara əl atır, onun bu həyacanı qonum-qonşuya da sirayət edir və az qala bütün cəmiyyəti bürüyərək kütləviləşir.

 

İstehlak cəmiyyəti israfçı cəmiyyətdir. İstifadə etdiyindən artıq almaq, müddəti keçincə atmaq bu cəmiyyətin xarakterik cizgiləridir.

 

Bu barədə yuxarıda bir neçə kəlmə ilə fikrimizi ifadə etsək də, israfçılıqla bağlı daha geniş danışmaq ehtiyacını mövzunun özü tələb edir. Beləliklə, istehlakın yüksək səviyyədə olmasına baxmayaraq, burada satılmayan malların çoxluğu heyrət doğurur. Tonlarla ərzaq istifadə müddəti bitdiyindən satışdan çıxarılır. Marketlərdən hər gün tonlarla meyvə-tərəvəzin zibilə atılması bunu əyani şəkildə təsdiqləyir. Bəzi marketlər itkilərini azaltmaq məqsədilə imkan daxilində bu məhsulların ömrünü uzatmağa, onlara ikinci həyat bəxş etməyə çalışırlar. Az-çox buna nail ola da bilirlər. Çürümək üzrə olan meyvə-tərəvəzdən şirələr çəkilir, salatlar hazırlanır və müştərilərə xüsusi qablarda yenidən təklif olunur. Xarab olmağa üz qoymuş ət məhsullarına ədviyyatlar vurulur, onlardan qiymə çəkilir, müxtəlif yeməklər bişirilərək müştərilərə təqdim olunur. Digər məhsulların da belə əməliyyatlardan sonra satışa çıxarıldığı məlumdur. Bundan sonra satılan satılır, satılmayan isə ömrünü başa vurub zibil qabına yola salınır. Bəzən satışı ağır, ləng gedən və istifadə müddətinə az qalan mallara endirim tətbiq olunur. Birini alana ikincisi pulsuz verilir və bu aksiya bütün Niderland miqyasında ən çox yayılmış satış formalarından biridir. Bununla marketçilər “ziyanın yarısından qayıtmaq da xeyirdir” prinsipi ilə çalışırlar.

 

Əhalinin aztəminatlı, kimsəsiz təbəqələrinə yardım edən qeyri-hökumət təşkilatlarının kömək üçün marketlərə müraciət etdiklərini müşahidə etmək mümkündür. Adətən, market sahibləri bu müraciətlərə müsbət cavab verir, həmin təşkilatları əlidolu yola salırlar. Amma, onlar bu xeyirxahlıqlarını vaxtı keçmiş mallarla edirlər. Müraciət edənlər də məmnun qalır, marketçilər də. Bu da hər iki tərəfin xeyriyyəçiliyi anlamına gəlir. Əslində, marketçilərin özləri də, ailələri də istifadə müddəti keçmiş mallardan geninə-boluna yararlanırlar. Hətta elə dükan sahibləri var ki, mətbəxlərində yalnız istifadə müddəti keçmiş ərzaq, yarı iylənmiş, yarı çürümüş meyvə-tərəvəz işlədirlər. Onların soyuducusuna istifadəyə yararlı ərzaq nadir hallarda, belə demək mümkünsə, bayramdan bayrama girir. Bütün bunlara gözlərimlə şahidlik etdiyimi də deyim ki, söhbətimizin doğruluğuna kimsə şübhə etməsin.

 

Bir-iki cümlə ilə Avropa standartı, onun görünən və görünməyən tərəfləri barədə də danışım. Avropa standartı nədir? Hər şeydən öncə, Avropa standartı ölçüdür, meyardır. Avropada mal və xidmətlərin eyni ölçüyə malik olmasını anladan bir ölçü standartı, ölçü vahididir. Bu standarta bütün Avropa ölkələrində əməl olunur. Avropa standartı maddi kimi anlaşılsa da, onun mənəvi sahəni də öz içərisinə aldığını söyləmək olar. Ölçünü verən və ya standartı müəyyənləşdirən Avropa insanıdır. Mal və xidmətlərin bu standarta uyğun yaradılması üçün iş yerlərini açan, onu avadanlıqlarla təmin edən də Avropadır. Bu standartın qara işlərini görənlər isə gəlmələrdir. Nədən belədir? Gəlmələrin Avropa cəmiyyətinə inteqrasiyasını çətinləşdirən bir sıra səbəblər var. Avropa dillərini zəif bilmək, fərqli mədəniyyətin daşıyıcısı olmaq inteqrasiyanı çətinləşdirir, bəzənsə mümkünsüz edir. Bəzən üzə vurulmasa da, dini, irqi ayrı-seçkilik də buna mane olan səbəblərin önündə gəlir. Bütün bunlar gəlmələrin, sonradan Avropa ölkələrində vətəndaşlıq alanların alın yazısına çevrilir və onlar Avropa standartı deyilən ölçünün ən ağır və ən kirli işlərini görməyə məhkum olurlar.

 

Mən gec də olsa Avropadan insanın məqsədinə çatmasına dair nələrisə də əxz edə bildim. Problemləri çeşidləməyi, onları təxminən idmanda olduğu kimi yüngül, orta, ağır çəkilərə bölməyi mənimsədim. Bu bölgüdən sonra onların bir-birindən fərqli qaydada həll olunmasını, hərəsinin fərdi həll tələb etməsini anladım.

 

Burada zəruri bir haşiyə çıxmalı oluram.

 

Uşaqlıqdan təbiəti – bitkiləri, heyvanları müşahidə etməyi çox sevirəm. Yarpaqlardan bir albom-herbarim olduğunu da deyim. Fürsət düşdükcə təbiəti müşahidə marağım indi də işimə yarayır. Uşaqlıqda qarışqa yuvasının yaxınlığına müxtəlif ölçülü üç qənd parçası qoyduğumu, qısa müddətdən sonra hər qənd parçasının ölçüsünə müvafiq sayda qarışqa toplaşdığını heç unutmamışam. Qarışqaları saymadan da, adi gözlə müəyyən etmək olurdu ki, onların sayı qəndin ölçüsü ilə mütənasibdir. Kiçikdə az, böyükdə çox.

 

Problemlərin həllinə də qarışqalar kimi qərar vermək, enerjini onların böyüklüyünə-kiçikliyinə görə paylaşdırmaq lazım gəlir. Bunları etmədən heç bir problem çözümünə qovuşmayacaq, hər şey bir-birinə qarışacaq. Ara qarışıb, məzhəb itəcək demirikmi? Yəni insan ağız boşluğuna çeynəyib uda biləcəyindən artıq yemək ala bilmədiyi kimi, onun bütün problemləri eyni vaxtda həll etməsi də mümkünsüzdür. Problemlər öncə dəyərləndirilməli, onların ən təxirəsalınmazı irdələnib ayrılmalı və ilk olaraq onun çözümündən başlanılmalıdır. Ən kiçik problemin həlli insana pozitiv enerji verə bilər, onun daha böyük problemlərin həllinə köklənməsi üçün motivasiyaedici mahiyyət daşıya bilər. Bu qənaətlərim özünün son şəklini Niderlandda aldı. Bunu deməsəm bu ölkənin haqqına girmiş olaram.

 

Siyasi iqtisaddan təcrübə dərslərim burada yekunlaşır. Əslində bunlara təcrübə dərsləri yox, həyatın bildiklərimə etdiyi korrektələr, düzəlişlər kimi baxmaq daha doğru olardı. Yenə siz bilirsiniz. Necə istəsəniz o cür də qəbul edərsiniz.

 (davamı burada)

Afiq MUXTAROĞLU

Niderland