Bunu yazmasam, deməsəm elə biləcəklər ki, uşaqların üzərindən milyonlar qazanıram. İlk öncə 2004-2020-ci illərdə Tiflis dram teatrında işlədiyim dövrə qısa nəzər salaq. Bu yazıda teatr haqqında ümumi danışmayacam, çünki bu barədə çox danışmışıq, sadəcə həmin illərdə nə qədər maaş aldığımı qeyd edəcəm. Sonra isə keçək bədii rəhbəri olduğum “BEEZ” Uşaq Teatrına.
Deməli, teatra ilk başladığım 2005-2006-cı illər idi. Maaşımız da bir möcüzə – 45 lari 65 tetri (65 tetrini də buğalterə verirdik). O vaxt yol pulu gündəlik 4 lariyə başa gəlirdi. Ayda məşqlərə gedib-gəlmək üçün cəmi-cümlətanı 104 lari xərcləyirdik. Vasifin sözü olmasın, “toparlayacaq olsaq” maaşdan 58 lari 35 tetri ziyanla çıxırdıq. Yəni kişinin oğlanları işə gedir. Sonra maaşımız artdı, oldu 128 lari. Elə artdı ki, sevincimizdən əlavə borc aldıq. Vallah, düz sözümdür, borc alıb gedirdik teatra. Bir müddət sonra maaş 288 lariyə çatdı. Amma yox, bu dəfə də yol pulu, yemək xərci artdı, ayın sonunda yenə də “əldə var sıfır”.
Nə qazandım bu illərdə? Şəhərin mərkəzində 3 otaqlı ev, villa, maşın? Yox, mənim teatrdan yeganə qazancım rejissorlardan dərs almaq, məşq proseslərini izləyib sənət öyrənmək oldu. Nə isə, çox da keçmişdə ilişib qalmaq istəmirəm, keçək günümüzə.
Teatrdan uzaqlaşdırıldıqdan sonra yaxın dostumun təklifi ilə, heç bir iş təcrübəm olmadan onların təşkilatında işləməyə başladım. Tez bir zamanda verilən işlərin altından bacardığım qədər məharətlə çıxmağa çalışırdım. Əlimdən nə gəlirdisə, əsirgəmirdim. Zaman keçdikcə başqa yerlərdən daha yüksək maaşlı iş təklifləri də gəldi. Amma mən bu istiliyi, bu ailə atmosferini buraxıb gedə bilmədim. Çünki bura sadəcə iş yeri deyildi, bura bir ailə idi (15 il teatrda mən o ailə ortamını görmədim).
Uzun sözün qısası, hazırda da həmin təşkilatda çalışıram. Üstəlik, özümə məxsus kiçik bir iş yerim də var, çox şükür. Onu da xüsusi olaraq qeyd edim ki, bütün bunlar, bu dəyişikliklər, bu inkişaf teatrdan çıxdıqdan sonra baş verdi.
İndi isə keçək “BEEZ” Uşaq Teatrına.
2021-ci ildə teatrı qurduq. Həmin il Gürcüstanın Mədəniyyət Nazirliyi tərəfindən elan olunan müsabiqənin qalibi olduq. Sağ olsunlar, ilk tamaşamıza onların dəstəyi ilə başladıq.
Bəs qazancımız nə oldu?
1. Teatra iki böyük banner qaldı.
2. Qastrol səfərlərində nəqliyyat xərclərimizi qarşıladılar.
3. Tamaşa üçün hazırlanan kostyumlar teatra qaldı.
4. Bir də bəzi rekvizitlər.
Sonra nə baş verdi?
Jurnalistlər bizə tərəf axın etdi. Sağ olsunlar, başladılar teatrımızı işıqlandırmağa.
Bəs sonra? Sonra, heç nə. Öz cibimizdən tamaşa hazırlamağa başladıq.
Bir az keçdi, Azərbaycanın Gürcüstandakı səfirliyi 12 kostyum üçün 1000 lari maliyyə dəstəyi verdi.
Sonra nə oldu? Sonra, yenə heç nə. Növbəti tamaşamız üçün kostyumları valideynlərin dəstəyi ilə və öz cibimizdən tikdik.
Bəs niyə dəstək olmurlar deyəcəksiniz.
Əzizlərim, bu gün dəstək olmaq istəyənin belə öz marağı var. Amma biz kiminsə marağı naminə tamaşa hazırlamırıq, nə də klounluq etmirik. Bəzən zəng edirlər ki, gəlib toyda və ya hansısa yığıncaqda heyvan kostyumları ilə hoppanıb-düşə bilərsinizmi. Təbii ki, bizim cavabımız da “dur hoppan burdan” olur. Teatrda çalışan uşaqlar kloun deyil. Bu qədər uzun-uzadı yazmağımın səbəbinə gəlirəm indi.
Sən demə, camaat elə bilirmiş ki, guya mən qrant udub, pul yeyirəm! Əslində isə vəziyyət tam tərsinədir. Biz “BEEZ” Uşaq Teatrını öz cibimizin hesabına ayaqda saxlayırıq. Ona görə də ildə iki tamaşa zorla hazırlayırıq. Nə bir sponsorumuz var, nə də daimi maddi dəstəyimiz. Əmin olun, nə zamansa qrant udsam aldığımı qəpiyinə qədər yazacağam, hətta nə qədər “yediyimi” də.
Eh, Tofiq əmi, sən də elə bilirsən mən teatrda məşq edib milyonlar qazanıram. Amma desəm ki, toyda səpələdiyin pullardan 10 manatını gətir bir bilet al, dərhal başlayacaqsan ağlamağa. Bilet demiş, sata bildiyimiz biletlərin pulu da transport, yemək, bir də teatrın bəzi xərclərinə gedir.
Elə bilirsiniz boşmu otururuq, hansı qapıya gedirik qapını üzümüzə bağlayırlar. Niyə? – Bunu da deyim, yazımı bitirim.
Məsələn, hansısa quruma müraciət edəndə, o qurum bizi, əslində, yaxşı tanıyır, amma hər kəsin söz aparıb-gətirəni – “sukası” olur, ondan soruşurlar, biz bu teatra yardım eləmək istəyirik, nə deyirsən. Cavab isə YOX olur. Yəni məhz bu “sukalar” üzündən doğru-düzgün iş görə bilmirsən. Hansı daşı qaldırırsan altından bunlar çıxır. Başlayırlar səni qaralamağa, ay onlar belədir, ay nə bilim Tofiqi tənqid edib, ay nə bilim Jalə xalanı incidib... Türklər demiş, koskoca qurumdur, yenə də hansısa söz aparıb-gətirənləri ilə məsləhətləşirlər. Çünki onları nə teatr, nə də o teatrdakı uşaqlar maraqlandırır. Amma sosial şəbəkələrdə, cəmiyyət içində danışanda ağızlarına çullu dovşan sığmır, milli dəyərlərdən danışırlar. Bəs uşaq teatrı sizin üçün dəyər deyilmi?..
Siyavuş Aslanın sözü olmasın: “Sizdən adam olmayıb, olmayacaq da!” (“Yol Əhvalatı” filmindən).
Binəli İSLAMOĞLU