İnsan ağıl və zəkanın nəticəsi olaraq gəldiyi bu həyatda özünü müdafiə etmək, özünü qorumaq duyğusuna sahibdir. Bu duyğunun müsbət tərəfi olaraq insan özü ilə yanaşı sevdiklərini də gözlə görünən, hiss edilən təhlükələrdən maksimun dərəcədə müdafiə etmək istəyinə sahibdir.
Təhlükələr bəzən açıq-aşkar gözlə görünən olur və müdafiəsi də asan olur, bəzən də təhlükəni fərq edə bilmək üçün düşünmək qabiliyyətinə sahib olmalıyıq. Ancaq sizi inandırım ki, XXI əsrin təhlükəsini idrak edə bilmək üçün alim, filosof olmağa gərək yoxdur. İnsan olmaq, insan kimi düşünə bilmək kifayətdir... Yenə deyirəm, düşüncə qabiliyyətinə sahib olmaq əsasdır. Bizlər bu həyatda şüursuz canlılar deyilik. Bizi digər məxluqatdan ayıran bir özəlliyimiz də düşüncə qabiliyyətimizdir. Düşünməyi bacarmalı, düşüncənin nəticəsinin istiqamətinə baxılmalı və ondan sonra yönümüzü seçərək nəyi necə edəcəyimizə qərar verməliyik.
Bu gün bir fərdi olduğumuz bu cəmiyyətin istiqamətinə nəzər salmalıyıq, ətrafımıza nəzər salmalıyıq, həyatımızda olan insanların etdikləri seçimlərə, atdıqları addımlara baxmalıyıq. Eyni ailəni, eyni iş yerini, eyni məhəlləni paylaşdığımız insanların həyatımızdakı izlərinə baxmalıyıq. Ətrafdakı insanların bizim qəlbimizdə və zehinlərimizdə buraxdıqları izlərə baxmalıyıq. Özümüzü və sevdiklərimizi təhkükələrdən müdafiə etdiyimiz kimi, ətrafdakı insanların hal və hərəkətlərindən gələn təhkükədən də müdafiə etməyi bacarmalıyıq. Bu gün ətrafdakı insanlardan gələn mənfi yönlü düşüncələr inkişaf etmiş texnologiyanın insanlığa qazandırdığı silahlardan daha təhlükəli hala gələrək zehinləri işğal edir. XXI əsrin vəba xəstəliyi olaraq da adlandırmaq olar bunu. Bu gün insanların insanlar üzərində mənfi yöndəki təsir qüvvəsi güclüdür. Müsbət istiqamətdə yol gözəldir, al-əlvandır, ancaq onu seçən insanlar nadirdir. Lakin mənfi yönlü istiqamət xoş olmasa da, gəl gör ki, onu seçənlərin sayı boldur. Bol olmasının da səbəbi düşünmə qabiliyyətimizin zəif olmasıdır.
İnsan olaraq şəxsiyyətini qoru, kimliyini qoru, dilini qoru, qulaqlarını və gözünü qoru. Dünyanı paylaşdığımız insanların insanlığa, ədəbə, həyaya, vicdana uyğun gəlməyən mənfi görüntülərini görmək, dinləmək bizlərə zərər olaraq kifayətdir. Nə üçünmü? Çünki insan ilk mənfi bir səhnə gördüyündə verdiyi reaksiyanı o səhnəni 5 dəfə gördüyündə artıq vermir, ona görə ki, artıq göz və beyin o görüntünü ardıcıllıqla və tez-tez gördüyü üçün ona alışdı və beynində ona olan reaksiyası zəiflədi. Beləliklə, mənfiliklər yayıldıqca bizlər də tamaşa edərək dinləyərək bunu özümüz üçün adiləşdirdik. Hər şeyin bir qaydası, qanunu olduğu kimi, dünyada insan kimi yaşamağın da qaydası var, qanunu var, ancaq o qaydalar hər kəsin öz daxilində insanlığı və tərbiyəsi nisbətindədir. İnsanlığı düşünən, dərdi insanlıq olan, tərbiyəsi izin verməyən kimsələr qaydalara riayət edərkən bəziləri dünyanı şəxsi mülkləri zənn edərək hədsizcəsinə kirlətmə haqları olduğunu düşünürlər. Əslində, onlar böyük bir yanlış içərisindədirlər. Bizlər bu tərbiyəsizliyin qarşısını almaq məcburiyyətindəyik, bu, hər birimizin gələcək nəsillərə olan insanlıq borcumuzdur.
Yəni bizlər bu dünyanın ortaq vətəndaşlarıyıq, birimiz təmiz tutarkən, digərimizin bunun əksini etməyə haqqı yoxdur. Bu, bizim ortaq yaşam mülkümüzdürsə, hər birimiz əl birliyi ilə hər bir küncünü, hər bir tərəfini təmiz tutmalıyıq. Bu, hər mənada keçərlidir. Gözlə görülən tullantılar mövzusunda da, ədəbsizliyi, əxlaqsızlığı və vicdansızlığı yaymaq mövzusunda da.
Kimsə günahı kimdəsə görməsin, hamımız günahkarıq, qaydalara riayət edilmədiyini görüb hiss etdiyimizdə “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsi ilə yanaşdığımız üçün bu gün böyük bir təhlükə ilə qarşı-qarşıyayıq. Elə bir təhlükədir ki, bunu anlayıb idrak etmək və qarşısını almaq üçün iş sadəcə alimlərə düşmür, düşünmə qabiliyyəti olan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Yenə deyirəm, hər kəsin məsuliyyəti insanlığı və tərbiyəsi nisbətindədir. Bu səbəbdən əvvəlcə insanlıq və tərbiyə dağarcığını inkişaf etdirməyi bacarmalıyıq. Gerisi corab söküyü kimi özü gələcək, Allahın izni ilə.
Müəllif: Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri