Bəzən uşaqlığım yadıma düşür, heç vaxt reallaşmayacaq, ağlasığmaz istəklərim... Uşaq vaxtı çox istəyirdim ki, qeyri-adi güclərim olsun, xüsusən də zamanda yolçuluq etməyi çox istəyirdim.
Uşaq vaxtı dostlarla söhbət edəndə gələcəkdə uçan maşınların olacağından, dünyanın daha inkişaf etmiş, daha yaxşı bir yer olacağından, müharibənin olmayacağından, insanların sülh içində yaşayacağından danışardıq. Bir-birimizə suallar verərdik ki, görəsən gələcəkdə dünya necə bir yer olacaq? Mən də həmişə cavab verərdim ki, kaş gələcəyi görmək üçün xüsusi gücüm olaydı. Sanki gələcəkdə məni gözləyən möhtəşəm nələrsə var idi, sanki nələrisə vaxtından əvvəl görsəm içim rahatlayacaq və ya nəyisə vaxtından əvvəl bilsəm onu dəyişdirə bilməcəyimi düşünürdüm.
Yəqin ki, uşaqlığında seriala baxmayan insan olmayıb. Xüsusən də sehrlə və ya xüsusi güclə əlaqədar seriallara. Özünü baş rol qəhrəmanının yerində hiss etməyən, keşgə mən də onun kimi sehrli olaydım deməyən çox az uşaq olub məncə. Mənim ağlasığmaz istəklərimin mənbəyi də elə onlar idi deyəsən.
Dediyim kimi, mən daha çox zamanda yolçuluqla maraqlanırdım. Böyüdükcə belə bir şeyin – sehr, qeyri-adi güc deyə bir şeyin olmadığını başa düşürdüm. Ancaq buna baxmayaraq, qəlbimin dərinliyində bunların bir yolunun ola biləcəyinə inanırdım. Çox keçmədən bu yolun kitablar olduğu qərarına gəldim. Hər kitab bir hekayə, bir həyat, bir pəncərə, bir xüsusi güc imiş, sən demə. Uşaqlıqdan axtardığım zamanda yolçuluğu kitablarla edə biləcəyimi gördüm. Əlbəttə, oxuduğum bütün kitablar haqqında burada bir-bir danışmaq imkanım yoxdur, sadəcə mövzunu daha yaxşı izah edə biləcəyini düşündüyüm bir kitabdan misallar gətirəcəm. Məsələn, türk yazıçısı Tunç Kılınçın “Sıfır” kitabından. Oxuduqca kitabın içində itirdim və axtardığımın bu olduğu qərarına gəlirdim.
“Yalnız bir dəqiqə! Atmosferdəki bu seyrəklik nədir? Ozon dəliyimi? Qütblərdəki buzlaqlar, meşələr... Hamısı nə qədər azalıb. Mənzərəni yaxınlaşdırdıqca heyrətlənirəm. Dünya necə bu qədər pisləşib və mənim bundan necə xəbərim olmayıb?”
Bu abzası oxuduqdan sonra boğazım düyünləndi. Həqiqətlər bu qədərmi ağırdır? Dünya həqiqətən də bu qədər pis vəziyyətdədirmi?
Oxumağa davam etdim: “Gəl, mən səni çox uzağa deyil, sadəcə 2050-ci ilə aparım”.
Zamanda yolçuluq etmək istəyim gerçəkləşirdi deyəsən. Bəs mən bu həqiqətlər, görəcəklərim üçün hazır idimmi? Dərindən bir nəfəs aldım və davam etdim:
“İnsanlar astma, vərəm və yeni yayılan viruslarla mübarizə aparır. Az bir baş ağrısı olduqda antibiotik qəbul edənlərə artıq dərmanların da xeyiri dəymir. Xəstəliklər işıq sürətilə yaranır və işıq sürətilə yayılır”.
Bu cümlələri oxuyana qədər bəlkə də özümü bu qədər kitabın təsirinə salmamalıyam deyə, kitabda yazılan hər şey real olacaq deyə bir şey yoxdur deyə düşünürdüm. Ancaq günümüzün reallığı və pandemiya şərtləri gəldi ağlıma.
Boğazım qurumuş halda oxumağa davam edirdim. Sanki kitab məni özünə əsir götürmüşdü. Bilmirəm, bəlkə də səbəb reallığı bu qədər gözəl əks etdirməsi idi.
“Yağış meşələri azalıb. Göllər və çayların çoxu quruyub. Biz suyun hakim olduğu bir dünyayıq, bu qədər quraqlıq necə mümkündür? Lakin digər tərəfdən sel daşqınları, böyük qasırğaların, elektrik enerjisinin kəsilmələrinin şahidi oluram... Və böyük meşə yanğınları görürəm... bu necə bir mənzərədir? Bunları dərhal dünyaya göstərməliyik!”
Özümü kitabın təsirinə o qədər salmışdım ki, bir an oradakı mənəmmiş kimi, kaş dünyadakılara bunları görstərə bilsəm deyə düşündüm. Sonra axı mən elə o dünyada yaşayıram dedim. Həm də 2050-ci ildə yox, məhz 2021-ci ildə. Dünya üçün hələ də gec olmayan, dünyanın 2050-ci ildə bu hala gəlməməsi üçün nələrisə etməyin mümkün olduğu bir ildə.
“Səncə bunu göstərmək lazım gəlirmi? Təbiət elə də illərdir bunu öz metodları ilə deyir. Ayrıca, yalnız bunlar deyil. İstehsal olunan içməli su və qida miqdarı artıq dünya əhalisinə kifayət etmir. Diqqətlə baxsanız kənd təsərrüfatının nə qədər azaldığını da anlayacaqsınız. Bu səbəbdən buğda, düyü və qarğıdalının qiymətləri sürətlə artır. Dünya ac, susuz uşaqlar və bunun ucbatından ölən milyonlarla insanla doludur”.
Dəhşətlə kitaba baxıram. Çıxış yolu nədir? Necə düzəltmək olar? Kim necə düzəltməlidir? Ağlıma gələn düşüncələri, çıxış yollarını hara çevirsəm də oxlar yenə də bizə, insanlara tuş gəlirdi. Digər tərəfdən kitab sualların cavabını da özü verirdi.
“Ozon qatındakı deşiyi necə bərpa edəcəyinizi bilmirsiniz. Nəsli kəsilmiş heyvanları necə geri qaytaracağınızı bilmirsiniz. İndi yerlərində böyük çöllər olan meşələri necə geri qaytaracağınızı da bilmirsiniz. Əgər necə bərpa edəcəyinizi bilmirsinizsə, xahiş edirəm, məhv etməyi də dayandırın!”
Bəli, çıxış yolu, həll yolu bizik. Biz insanlar. Düzəldə bilmiriksə, ən azından məhv etməyək. Ancaq biz insanların bunu nə qədər edəcəyindən əmin deyiləm. Hər kəsin şəxsi marağı, öz hirsi gözlərini bürüyüb. Bəlkə də Tunç Kılınçın kitabın adını “Sıfır” qoyma səbəbi elə insanlara qarşı olan gözləntilərinin SIFIR olmasıdır.
Ayhan HƏSƏNOV