Bir zamanlar Süsən-Sünbül tərəflərdə sənət atalardan oğullara ötürülürdü. Məsələn, papaqçılıq sənəti. Axı bu sənət xalqın tarixi keçmişini, milli-mədəni irsini əks etdirir! Yoxsa papaqçılıq – papaq görməyə-görməyə papaqla şəkil çəkdirib, açıq başlara gözdağı vermək deyil ki! Papaq – Süsən-Sünbüldə, özü də bütün Qafqazın ən dilbər guşələrindən olan Süsən-Sünbüldə az qala cəmi cahan demək deyilmi?! Bəlkə elə bu səbəblərdən buralarda yarımçıq papaqçılar bu qədər azdır!
...Amma Papaqçıoğlu bu “estafet”ə ehtirama, bəy papaqlarına hörmətə sanki bir etinasızlıq göstərdi; nəslinin varislik ənənəsinə sədaqətsiz çıxdı. Yəni ilk baxışda görünən bunlar idi.
Doğrudur, Papaqçıoğlu atasına bir ilə qədər şagirdlik də eləmişdi, amma könlü isinmişdimi, isinməmişdimi, bax, burasını heç danışan yox idi.
Mən onların papaqçı köşkündə bir neçə dəfə olmuşdum. Papaq haqqında arxa divara yazıb vurulmuş bir neçə bənd şeir də var idi. Bəziləri yadımdadır:
Atamın namusu, adı,
Babam onsuz yaşamadı.
Şərəf, qeyrət, ad apardı, –
Gedəndə də gora papaq.
Və:
Papaq nədir? – O bizim
Dostumuz, qardaşımız.
Sağ ikən papağımız,
Öləndə – başdaşımız!
Bir dəfə uşaqlıqda Papaqçıoğlu Novruz payı üçün qonşu evə papaq atıbmış. Buna görə papaqçı atası onu bərk tənbeh edibmiş:
– Bayramda papaq atmazlar, ay oğul, – deyibmiş. – Bayramda torba atarlar, çünki papaq qeyrətdir, namusdur.
Sonralar tanış mövzuda söz düşəndə Papaqçıoğlu ilk və son dəfə atasına söz də qaytarıbmış:
– Ata, bəs hanı bizim “papaq bülbülləri”? Papaqdan namus simvolu kimi danışırlar, amma gəlib bizdən bircə papaq da almırlar? Şlyapa çıxanda şlyapadan yapışırlar, furajka çıxanda furajkadan! Silindr də elə onun kimi...
Atası xəfif hüzn qarışıq:
– Züllə papaq, qələmi papaq, buxara papaq kişilər həmişə var. Elə bilmə ki, papaq çoxdur, kişi az. Yenidən sahib çıxanlar tapılar; yenidən gələrlər, inşallah! Qoç Koroğlu demiş, ay oğul, keçər dövran, belə qalmaz. Biz tərəflərdə yerdə, ya da hərmədə qalan kişi papağı görmədim mən, – deyibmiş.
Amma Papaqçıoğlunu Süsən-Sünbüldə saxlamaq mümkün olmadı. Xalqın uşaqları çalışmaq üçün indi Türkiyəni, Polşanı seçirlər, Almaniyaya, Fransaya üstünlük verirlər. Amma Papaqçıoğlu Paraqvayı seçdi. Cənubi Amerika hara, Cənubi Qafqaz (oxu: Süsən-Sünbül) hara? Doğrudanmı dünya düşünüləndən çox-çox balacadır?
Papaqçıoğlu dünya okeanlarına, dənizlərə çıxışı olmayan ölkələrlə maraqlanırmış. Ona arada-sırada belə gəlirmiş ki, bəlkə dərin-dərin dəryalara çıxışı olmayan ölkələrin adamlarının böyüklüyə, ucalığa yetmək həvəsi daha böyük, daha israrlı ola bilər! Hətta ilk olaraq Avstriyanı seçibmiş, amma ispancadakı uğurları onu Paraqvay yoluna çıxarmışdı.
Bilirəm təsəvvür edirsiniz: o, yola çıxan gecə uzaqdan qaralan sanki papaqçı köşkü deyil, köşkün başındakı gümüşü buxara papaq qaralırmış...
İnsafla danışaq. Bizim papağı qeyrətdən yoğrulmuş Qafqazda bəzi bəzirgan əskikliklər də var. Misilləmə misal üçün, adamın məmləkətinin sərhədlərini soruşursan, dərhal dənizdən-dənizə göstərir. Yəni elə şahanə qədimlik-tarixilik xəstəliyinə tutulub ki, dərhal papağını göyə atır, yəni bu mövzuda özündən çox razıdır. Papaqçıoğlu gələn kimi soruşacağam: görüm Paraqvay tərəflərdə də belədirmi? Okeana, dənizə çıxışı olmamaq onları səhər-axşam üzmür ki? Amma çox maraq doğurur, deyilmi? Adamlarının çoxu metis, mulat, sambo olan bir məmləkətin tarixə nəzəri naqafil ola bilməzmi?
Aradan keçən illər ərzində Papaqçıoğlunun “Parana” (Paraqvayın Ana çayının-ana Suyunun adıdır) adlı kitabı və paraqvaylı yazıçı Auqusto Bastosdan tərcümələri çıxdı.
Bunu elə-belə, Papaqçıoğluna azarkeşliyinizi diqqətə alıb deyirəm. O da əgər aranızda ədəbiyyatın xətrini istəyənlər varsa...
...Nə isə, fani dünyanın işi-gərdişi belədir. Heç gözləmədiyin yerdə ortadan bir gözlənilməzlik çıxır. Günlərin bir günü Papaqçıoğluna xəbər getdi ki, başını orada islat, burada qırxdır; durma, atan xəstədir, hətta gözləri tutulmaq üzrədir. Gəl!
P.S.
Nağıllarımızda, dastanlarımızda anasının-atasının gözlərinə şəfa olaraq torpaq gətirərlər. Amma Papaqçıoğlu torpaq-filan gətirməmişdi. Gözlərimlə gördüm. Amma bir neçə papaq gətirmişdi: Paraqvay papağı!
...Atası öz ustad əllərilə papaqların tikişini, butasını yoxladı, “gül”lərini, “xal”larını sığalladı. Yoxladı və heyrətə gəldi. Əlbəttə, papaqların xəz-dərisi Paraqvaya aid olsa da tikiş oğluna məxsus idi: özü də yüzəyüz!
Yəni onun oğlu asudə vaxtlarını oralarda havayı keçirməyibmiş!
...Sizi bilmirəm, amma mən Cənubi Amerikanın ədəbiyyatını, futbolunu və tanqosunu sevirəm.
Papaqçıoğluna da oralarla bağlı o qədər sualım var ki! Təki atası yaxşı olsun!..
İBRAHİMXƏLİL