Ölkəmizdə kifayət qədər istedadlı, təhsilli, sənət alovu ilə yanıb-tutuşan insanlar mövcuddur. Aktyorlarımız da var, rəssamlarımız da, musiqiçilərimiz də, yazarlarımız da. Əksəriyyətinin ortaq nöqtəsi odur ki, onlar sevdiyi, ən yaxşı bacardığı sahədən yetərli maddi gəlir əldə edə bilmirlər. Buna görə də məcbur qalırlar ki, ikinci başqa, öz sahələrinə aid olmayan işlərdə çalışsınlar. Bu isə onların yaradıcılıqlarına böyük zərbə endirir. Aktyor yalnız səhnəyə, rəssam fırçaya, yazar qələmə fokuslana bilmədiyi müddətcə heç bir zaman öz gerçək potensialını ortaya qoya bilməz. Çünki maddi sıxıntıların yaşandığı yerdə sənət ölür. Bir sənət adamı bütün günü oturub ay sonunu necə gətirəcəyinin hesab-kitabını edirsə, borcları, kreditləri, kommunal xərcləri düşünürsə, istəsə belə əsas fikrini sənətdə cəmləşdirə bilməyəcək.

 

İndi sual verə bilərsiniz ki, bu yazdıqların sadəcə sənət adamlarınamı aiddir? Xeyr! Ölkənin yarısından çoxu onsuz da bu cür, hətta bir qisim daha pis vəziyyətdə yaşayır. Lakin arada bir fərq var. Sənət adamısansa səndən eyni zamanda yaradıcılıq işləri gözləyirlər. “Yeni tamaşa nə vaxtdır? Sərgi nə zaman olacaq? Kitab yazmırsanmı?” kimi suallar gündəlik həyatda sənət adamının qarşılaşdığı suallardır. Hansı ki, bu sualların arxa fonunda sənət adamı bəlkə də, axşam evə, uşaqlarına nə alıb, nə ala bilməyəcəyini düşünür.

 

Bu yaxınlarda sosial şəbəkədə bir izləyici “ildə 1-2 tamaşa hazırlayırsınız, sonra da iş görmürsünüz” yazdı. Buradan bir daha cavab yazmaq istəyirəm, inanın, dəyərli izləyicimiz, saysız-hesabsız tamaşalarımızın olmağını o qədər çox istəyirəm ki, bunu sizə sözlə, yazı ilə izah edə bilmərəm. Amma yuxarıda qeyd etdiyim faktorlar buna imkan vermir. Biz hazırladığımız o 1-2 tamaşanı da güc-bəla, cibimizdən pul xərcləyərək hazırlayırıq.

 

17 yaşımda olarkən atam, şair Rafiq Hümmət ilə danışıb, teatr və kino universitetində təhsil almaq istədiyimi bildirdikdə, öncə mənə uğurlar arzuladı. Lakin onu da qeyd etdi ki, bu sahə çox çətin və maddi sıxıntıların, baryerlərin bol olduğu bir sahədir. O zamanlar maddi sıxıntı mənim gözümdə böyüdülməyəcək bir problem idi və düşünürdüm ki, teatr və kino sahəsi hər zaman belə qalan deyil, gələcəkdə mütləq daha geniş maddi imkanlar yaranacaq. Aradan 13 il keçdi və hələ də müsbətə doğru heç nə dəyişməyib. On il öncə məndən soruşsanız ki, yaradıcılıq işlərində planlarınız nədir? Deyərdim ki, ildə ən azı bir bədii film çəkməyi hədəfləyirəm. İndi nəinki bədii film, ildə bir tamaşa hazırlamağa belə çətinlik çəkirəm. Ona görə yox ki, bacarığım və ya həvəsim yoxdur. Sadəcə vəziyyət, yaşayış standartları o qədər ağırlaşıb ki, bu qayğılar içərisində nə düşünmək, nə də yaratmaq olmur. Düşünüb, yaratmaq istədiyin anlarda da qarşına müəyyən maneələr çıxır. Keçdiyimiz günlərdə Tbilisidə fəaliyyət göstərən “Pantomima Teatrı”na müraciət edib bir günlük icarə haqqının nə olduğunu soruşdum. Qayıtdılar ki, 2000 lari. Və həmin teatr sadəcə 80-90 nəfərlik tamaşaçı tutumuna malik olan kiçik bir teatrdır. Bəzən bizə sual verirlər ki, tamaşalarınızı niyə böyük zallarda nümayiş etdirmirsiniz? Tbilisidə fəaliyyət göstərən böyük teatrların bir günlük icarə haqqı 5000 laridən başlayır və 10000 lariyə qədər davam edir. İndi mən də sizlərə sual vermək istəyirəm. Bu şərtlərlə necə böyük zallarda tamaşa nümayiş etdirək? Avropa, Avropa deyib hər zaman Avropanın ən geridə qalmış məsələlərini ölkəmizdə gündəmə çeviririk. Bir dəfə də olsun Avropada elm insanlarının, müəllimlərin, sənət adamlarının nə qədər əməkhaqqı aldığı və burada eyni sahədə çalışan insanların hansı şərtlərlə çalışdıqları ilə maraqlandınızmı?
Maraqlanmadınızsa, mən açıqlayım. Məsələn, Almaniyada aktyorların orta aylıq əməkhaqqı 4550 avrodur. Ən aşağı əməkhaqqı alan aktyor ayda 2090 avro, təcübəsindən, iş stajından asılı olaraq ən yüksək maaş alan aktyor isə 7230 avro qazanır. Avropanın digər inkişaf etmiş ölkələrində də cüzi fərqlərlə aktyorların orta əməkhaqqı bənzər səviyyələrdədir.

 

İndi gəlin bir də ölkəmizə nəzər salaq. Gürcüstanda aktyorların orta əməkhaqqı 973 lari təşkil edir. Ən yüksək maaşları ölkənin ən qədim, ən böyük teatrı olan “Rustaveli teatrı” verir. Və bu teatrda aktyorların orta əməkhaqqı təqribən 1500 lariyə yaxındır. Tbilisidəki digər böyük teatrlarda isə orta əməkhaqqı təxminən 1000 laridir. İndi gəlin müqayisə edək. Aşağı və yuxarı yox, elə orta əməkhaqqı üzərindən dəyərləndirək. Sənin aktyorların 1000 lari (367 avro), Almaniya və əksər Avropa ölkələrində isə aktyorlar ortalama 4550 avro (12392 lari), səndən nə az, nə çox, düz 12 dəfədən artıq daha yüksək əməkhaqqı alırlar. İndi deyə bilərsiniz ki, ora Avropadı, orada hər şey bahadır, xərclər çoxdur. Onda gəlin sizə fərqli yöndən bir sual verim, bəs bizdə hər şey ucuzdurmu? Xeyr! Vaxtilə dollar bahalaşıb deyə artan qiymətlər, dollar ucuzlaşdıqdan sonra niyə enmir? Öncə bu sualları vermək lazımdır. Və Avropadakı qiymətləri də araşdırdığım üçün, sizə əminliklə deyə bilərəm ki, Avropanın əksər ölkələrində qiymətlər ya bizimki ilə bənzərdir, ya da cüzi miqdarda bahadır. Heç bir Avropa ölkəsində hər hansı bir məhsulun qiyməti Gürcüstandan 12 qat baha deyil. Amma onlar istənilən sahədə bizdən ən azı 12 qat daha çox qazanırlar. Bəli, mövzumuzdan bir az kənarlaşdıq, lakin gündəmə bir mövzu gətirərkən onun kökünə, dərinliklərinə də enmək lazımdır. Bir gün bizdə də insanların, sənət adamlarının yaxşı, qayğısız və sadəcə öz sevdikləri işdə çalışıb, yaşaya bilməsi diləyi ilə...

 

Anar RAFİQOĞLU

“Era Teatrı”nın bədii rəhbəri, rejissor