SOSİUM
8. TƏMİZLİK İMANDANDIR
Küçələrin, meydanların, səkilərin, dalanların süpürülməsi, yuyulması işini xüsusi maşınlar icra edir. Bu kiçik maşınların girə bilmədiyi yerlərdə isə, əllərində xüsusi maşalar, sorucu-üfürücü elektrik süpürgələr olan təmizlik işçiləri dövrəyə girirlər. Bu cür işçilərin sayca az olması da diqqətdən yayınmır. Yaşıllıqların, qazonların baxımı da mexaniki vasitələrlə, daha doğrusu xüsusi, adətən kiçikölçülü maşınlarla həyata keçirilir. Bu cür texnika ilə qazonla örtülü böyük sahəni qısa müddətdə biçmək mümkündür. Təmizlik işinin, yaşıllıqların baxımının nizamlı həyata keçirilməsində, qrafikə, rejimə əməl edilməsində hansısa gecikmə, yubanma mümkün deyil. Nəyin nə vaxt edilməsində hər hansı bir axsama qeydə alına bilməz. Hər şey vaxtında və dəqiq yerinə yetirilir.
Bütün bunların bizim şəhərlərə də ayaq açmasını, yollarda maşınların təkərləri altında can verən insanlarımızın qurtulmasını o qədər ürəkdən istədiyimi bu sətirləri yazarkən, bir daha hiss etdim. Bir süpürgə, bir xəkandazla klassik qaydada təmizlik işləri ilə məşğul olan, həyatlarını riskə atan insanlarımızın haradasa işləyib, çörəkpulu qazanmaları üçünsə iş yerləri açmağın arzu kimi qalmasını yox, gerçəkliyə çevrilməsini isə hər birimiz anlayırıq.
Şəhərlərin təmizlik işlərində qoyunların da xidmətindən istifadə olunur. Bilirəm inanmaq istəməyəcəksiniz, amma bu gerçəkdən də belədir. Bəzi şəhərlərdə bələdiyyələr bu məqsədlə kiçik qoyun sürüləri saxlayır. Texnikanın girə bilmədiyi, əl əməyindən istifadənin çətin olduğu, bəlkə də baha başa gəldiyi yerlərdə qoyunların xidmətindən yararlanmaq, məncə, pis ideya deyil. Kanalların sahillərini basan qamışlıqlara, alaq otlarının kükrəyib qalxdığı yerlərə buraxılan, bizim qoyunlara nisbətən daha iri olan holland qoyunları həm qarınlarını doyurur, həm də şəhərin təmizlik işlərində yardımçı olurlar. Buyur, bu da sənə təmizliyin holland metodlarından biri. Mən bələdiyyənin xidmətində duran bu kiçik qoyun sürülərinə Amersfortda da rast gəlmişdim, Hoogvlietdə də. Mənim “Allah, allah, bu qoyunların şəhərin ortasında nə ölümləri var” təəccübümə səbəb olan bu mənzərənin sirlərini isə çalışdığım marketin sahiblərindən biri Sinan mənə anlatmışdı. Atası türk, anası holland olan Sinan milli kimliyini soruşanlara özünün yarıtürk, yarıholland olduğunu söyləyirdi.
Müasir Avropa həyatından bəhs edən bəzi filmlərdə qəhrəmanların evdə ayaqqabılarını soyunmadan dolaşması səhnələrini hamımız izləmiş və məhz bu məqama diqqət yetirərək, ola bilsin ki, onları qınamışıq da. Adam da ayaqqabısını çıxarmadan evə girərmi sualını da vermişik. Vallah, nə gizlədim, Niderlanda gələnə qədər mən eyni sualı bəlkə də daha kobud şəkildə dəfələrlə vermişəm. Ancaq bir sıra məsələlərdə olduğu kimi, bu sahədə də yanıldığımı görmüşəm. Burada yaşadığım müddətdə ayaqqabılarımı nadir hallarda silib təmizlədiyimi də demədən keçməyim. Niyə təmizləməlisən, nədən təmizləməlisən ki? Toz yox, torpaq yox. Küçəsi, səkisi, həyəti, meydanı evdən də təmiz saxlanılan bir mühitdə bu cür davranış normal görünür. Təmizlik baxımından evin içi ilə çölü arasında bir fərq yoxdursa, ayaqqabı soyunmağa bir gərək qalmır. Ancaq bu o demək deyil ki, avropalılar, elə hollandlar da evlərində ayaqqabılarını soyunmurlar. Onlar da adətən bizim kimi evlərində ayaqyalın dolaşırlar. Bunu etmirlərsə bizim onları yuxarıda göstərdiyim səbəblərdən dolayı qınamağımız, mühakimə etməyimiz doğru deyil.
Mən bu təmizlik söhbətinin yönünü bir balaca dəyişib, ağzını başqa səmtə salmaq istəyirəm. Sizin üçün də maraqlı olacağını düşünürəm. Bir qədər mübahisəli olduğunu da anlayıram. O üzdən də, onu müzakirəyə açıq da hesab edə bilərsiniz. Növbəti iki abzasımız məhz bu mübahisəli məsələ barədədir.
Bir anlıq düşünək ki, insanlar bir günlük, lap elə olsun bir neçə saatlıq təmizlik işlərinə ara verir, təmizləmək və təmizlənmək fikrindən daşınırlar. Bu müddət ərzində necə bir mənzərənin yaranacağını təsəvvür etmək belə mümkün deyil. Təmizlənməsək, təmizləməsək olmur. Bədənimizi, ətrafımızı, evimizi, məhəlləmizi təmizləməsək yaşaya bilərikmi? Dünyanın ibtidasından insan özünün fəaliyyətindən sonra yaramayan artıqlardan təmizlənir. Bu proses onun gündəlik həyat normasıdır. Özümüzü, ətrafımızı təmizləmək üçün çeşid-çeşid vasitələr düşünürük, yeni-yeni icadlarımızla bu vasitələri daha da genişləndiririk. Təbii-kimyəvi yuyucu vasitələr, kosmetik məhsullar özümüzü və ətrafımızı təmizləməyə, paklamağa xidmət edir. Qab-qaşığımız da yuyulur, təmizə çıxarılır. Ancaq olmur, yenə də dünyanı zibilə döndəririk. Təmizləmək üçün süpürgə güc eləmir. Elektrik tozsoranlar, hətta tozüfürənlər, süpürgələr də bəzən bu zibildən bizi arındıra bilmir. Amma yenə də öhdəsindən birtəhər gəlirik. Pal-paltarımız gül kimi, ayaqqabımız par-par. Daha nə lazımdır?
Bütün bu təmizlik mücadiləmizin fonunda tez-tez mənəvi deqradasiyadan, mənəviyyat ekologiyasının pozulmasından da danışırıq. Nə etməli? Çıxış yolu nədədir? İnsanın beyni hər gün eşitdiyi qara xəbərlərlə yüklənir. Savaş görüntüləri, qasırğaların, vulkan və zəlzələlərin arxada buraxdıqları qorxunc mənzərələr, xəstəliyin və aclığın ortaya çıxardığı faciə səhnələri, təyyarə, qatar, avtomobil qəzalarının qanlı tabloları insan mənəviyyat ekologiyasının pozucularıdır. Hər gün bu görüntülərlə üzləşən insanın gözü döyənək olur, eşitdiyi xəbərlərin ağırlığından qulaqları batır. İnsanın yaddaşı bu qara xəbərlərin qəbiristanlığına çevrilir. Hər bir xəbər toz dənəcikləri kimi bədənimizə hopur. Yalanlar, dedi-qodular, şaiyələr bədənimizi, ruhumuzu kosmik zibilliyə çevirməkdədir. Arınmaq, paklanmaq üçünsə vasitələr tükənmiş kimi. Nə ədəbiyyat, nə sənət bizi mənəvi zibildən arındıracaq gücdə deyil. Şoular bu sahələrin də zibilini çıxardı. Elm böyük güclərin əlində alətə çevrilib. Elm adamları insanlıq adına çalışsalar da, onların kəşflərinin, ixtiralarının əsl sahibləri böyük inhisarlardır. Elmdən də mədəd ummağa dəymir bu aralarda. İdman sağlamlıq olsa da, totalizatorlar, mərc iddiaları onu başımızdan aşağı zibil yağdıran vasitəyə çevirib. Dinlər siyasiləşdiyindən, siyasi vasitəyə çevrildiyindən insanları saflaşdırmaqdan, təmizləməkdən daha çox onun varlığını zibilləməklə məşğul olmaq yolunu tutub. Saqqalla, təsbehlə də bunun altından çıxa bilmirik. Qərbdə də eyni mənzərə, Şərqdə də. Əlac, deyəsən, hər kəsin özünə qalır. Eləmi? Başlı başını saxlasın zamanımı? Nə etməli? Çıxış yolu nədədir?
Təmizlik imandandır. Bu, təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Təmizlik insana ilahi bir rahatlıq bəxş edir. Təmiz yerin adamları saf olur. Təmizlik insanın gözəl keyfiyyətlərini üzə çıxarır. Beyninə girmək istəyən yaman fikirləri qovur, içinə toplanmaq istəyən kindən-küdurətdən arındırır. İnsanın qəzəbini soyudur, davadan-şavadan uzaq tutur. İnsan təmizlik qarşısında tərki-silah olur, şeytani hisslərdən uzaqlaşır, ruhi dincliyinə qovuşur. Yaşadığın yerin, səni əhatə edən mühitin təmizliyi sənin mənəvi dünyanın təmizliyi üçün bir başlanğıc olur. Evini, həyətini, bədənini təmizliyə qovuşduran insanın ruhi-mənəvi dünyasının təmizlənməsi üçün stimul yaranır. Demirlərmi “evini təmiz saxla, qonaq gələr, özünü təmiz saxla ölüm”, bax, təmizlik bu deməkdir. Təmizlik insana insan ömrü yaşamağa imkan verir.
Afiq MUXTAROĞLU
Niderland