Nənəmin Gülüstan loğman deyilən anası varmış. Hətta bu gün tibbin sağalmaz dediyi xroniki bir çox xəstəlikləri sağaldarmış. Nənəm hərdən ondan danışardı. Çox təəssüf edirəm ki, nənəmi az dinləmişəm. Nənəm ondan sitat gətirib nə isə danışanda, düşünürdüm, inkişaf edən bu günkü səhiyyədə ot-əncərin tətbiqi təsirsiz olar. Mən bunu düşünəndə gənc idim, xoşbəxt, heç bir qayğısı olmayan tələbə idim. Məzunluqdan sonra ailə qurdum. Həyat gedişi təbii şəkildə öz xəttini cızdı. Daha nənəmi də digərləri kimi arada xeyirdə-şərdə görürdüm və görəndə də özümüzdən danışmağa vaxtımız ancaq çatırdı, nəinki olanlardan, keçənlərdən danışmağa.
İndi yadıma gələn xatirələri öz məntiqimlə analiz edəndə, nənəmin etdikləri, məsləhətləri, əslində, bir yaşam tarixinin təcrübəsindən gələn, əsrlərdən süzülən, nənəmə anasından keçən xalq təbabəti idi. Mən yenə də təəssüf edirəm ki, elə bir adamın nəticəsi olmaq şansımdan maariflənərək istifadə edən yaşım olmayıb. Bu gün sosial şəbəkənin bütün evlərdə cövlan etdiyi bir zamanda internet məlumatları o qədər çoxdur ki, hamı hər şeyi bilir. Bu bilgilər içində əsassız, doğruluğa əsaslanmayan o qədər məlumatlar var ki...
Mən nənəmdən və yaxın nənələrdən eşitdiyim bir neçə çarəni elmi əsaslarla sizə çatdıracam. Nənəmin sanballı görkəmi vardı, həqiqətən keçmiş zamanlarda rayon deputatı olsa da, vaxtilə sovet sədri arvadı olsa da, bu gün oğullar anası, nəvələr nənəsi seçilənlər cərgəsində olması onu hansı məclisdə olsa diqqət mərkəzində saxlayırdı. Nənəmin hansı şəraitdə, necə mühitdə necə qarşılanmağını tam izləməsəm də, onu bilirdim ki, nənəm mərəkədən gələn kimi bir ovuc duzu götürüb öz aurası boyu fırladar (ya fırlatdırar), sonra ya ocağa atardı, ya suya. “Mana baxan baxtafar verən bəd gözləri yandırıram” deyəndə, təbii ki, buna şahid gəlinləri istehza edər, oğlanları yəqin qürurlanar (anam bizimlə öyünür deyə), nəvələri də cahillik kimi gülərdi.
Çox təəssüf ki, mən bu ənənənin elmi açmasını illər sonra tapacaqdım. Bir daha əmin olacaqdım ki, el qaydalarında, nənələr yaddaşında heç bir ənənə səbəbsiz deyilmiş. Əlbəttə, elm elmdir, sadəcə açıqlama hər bir izahatçı müəllifin öz təfəkkür nəticəsi olmalıdır. Paşa Yaqubun “elmi-lədün” açıqlamalarını oxuduqca bir daha əmin oldum.
Çox maraqlıdır ki,əvvəllər bütün maddələr üç halda möcuddur dedilər: qaz, maye, bərk. Son iki ilə qədər dedilər, yox, dördüncü hal da varmış: plazma. Bu ilin dərsliklərində isə fikirlərini dəyişib yenidən üç hal yazdılar. Paşa Yaqub araşdırıb və elmi əsaslara söykənərək açıqlayır ki, təbiətdə efir enerjisi adlanan bir element var. Hətta onu Mendeleyev öz cədvəlində hidrogendən önə – birinci xanaya yerləşdirmişdi. Bu element o qədər fərqliliyə malikdir ki, bu barədə başqa yazıda yazaram. İndi bu enerjidən danışaq.
Plazma adlanan maddə halı bilirsiniz nədir? – Gözlə görülməyən, tutulmayan, ölçülməyən, bir olan, yəni ocağın istiliyi, günün enerjisi və s. Biz kiməsə yaxınlaşanda ona öz enerjimizlə təsir edirik. Əlbəttə, ya müsbət, ya mənfi olaraq. Adamlar da var daim müsbət, ya mənfi enerji ötürürlər.
Nənəm deyərdi ki, elə ki, gördünüz qarşınıza filankəs çıxdı, qəti yoluna davam etmə; filankəslərin yanında edəcək işlərinizi danışmayın, ömründə baş tutmaz. Valideynlərimizin “geridə qalmış fikirlər” adlandırdığı bu nəsihətləri görməzdən gəlmələri biz nəvələrdə də bu fikirlərə biganəlik yaratmışdı. Sən demə, bu fikirlərin hikməti o qədər dərinmiş ki, hətta atalar da deyərmiş: Allahın nəzərdən xəbəri yoxdur! Sən demə nənəm özünü müalicə edirmiş Allahın öhd etmədiyi nəzərdən (məcazi belə deyilir, yəni o qədər güclüdür mənasında). Deməli, hər insanın ətrafında, necə ki, işığın ətrafında orbit kimi halğa dalğası olur, eləcə də insanın dalğası olur. Buna aura deyilir. O auranın tərkibində zəif rabitəli natrium ionu olur. Mənfi enerjidən –bəd baxışdan o rabitə qırılır və natrium ionu olaraq oradan ayrılır (natrium zəif, tezliklə digər reaksiyaya daxil olmaqla), auranı tərk edir. Aurada sanki rabitə qırılır. Bu zaman adam özünü pis hiss edir, əzginlikdən, halsızlıqdan xəstəhal olur. Əlbəttə, psixoloji dəyanət dərəcəsindən asılı olaraq fərdi reaksiya olur. Xeyli (bir neçə saatdan bir neçə günə qədər) davam edən bu hal get-gedə özünü bərpa edir və cərgəyə qarışır. Bərpa etməsə psixoloji fəsaddan ciddi xəstəliklərə qədər apara bilər. Bərpa üçün natrium ionu lazımdır. Nənələr korafəhim olaraq zamanın sınağıyla bu çarəni duzda tapdılar. Duzu başa fırlayıb suya, ya ocağa atardılar. Bu zaman duzun tərkibindən – natrium xlordan aura natriumu çəkir və özünü bərpa edir. Od və su mənfi enerjini – bədnəzəri götürür.
Deməli, biz nənəmlə lağlananda o özünü və bizi bədnəzərdən qoruyarmış. Üzdə sakit görünən birindən daim ailəsini qoruyardı ki, onun nəzəri pisdir. Olanları, keçənləri öz-özümdə analiz edəndə fərqində olmadığımız nələrin olduğunu görürəm.
Nənəm daim su için deyərdi: acqarına su iç, yatanda su iç... sən demə, su maddələr mübadiləsini sürətləndirir, həm də lazımsızların kənarlaşmasında güclü rol oynayır.
Nənəm mütləq hər gün bir bitkidən çay dəmləyərdi. Nənəm, demək olar ki, təbiəti mətbəxə gətirərdi. Qəsəvə adlandırdığı (qaxdan) meyvə şorbasının dadını özüm hələ alındıra bilməmişəm. Qurudulmuş meyvələr daha keyfiyyətli olur, çünki sırf vitamin deposu olur, çünki suyu çəkilib. Nənəmin qaxları da rəngarəng olardı.
Bakıda bizimlə yaşayırdı. Hər kənddən gələn olanda bitki quruları istəyərdi. Biz də anlamadan, hikmətinə varmadan utanardıq. Nənəmin bir balaca çaydanı vardı, içməzdik o çaylardan. Guya modern idik. Əvəlikli əriştəni bəyənib yeməzdik. Nənəm özü tək yeyərdi. Anamız öyrətməmişdi axı...
Amma mən araşdırmalardan və təcrübədən irəli gələrək uşaqlarıma bitki çayları və əvəliyi yeməyi öyrədə bildim. Bir az yekəxanalıq olmasın, mən analıq həyatımda Allahın verdiyi təbii çarə olan nənələrin nəsihətli menyularından istifadə edirəm. Üçillik pandemiyada mən və ailəm qəti qorunmadıq. Hətta maskanı da az –cərimədən qorunmaq üçün istifadə edirdik. Dəfələrlə məktəbdə tənbeh edilsəm də maska geyinmədim. Mənim izah etdiyim qənaəti səhiyyə təşkilatı pandemiyanın sonunda dedi: maska xəstəliyə aparır (əlbəttə, onsuz da özləri bilirdilər).
Xalq təbabətindən dolu-dolu səhifələr yazaram – bildiklərimi, amma bu çox az. Mənim biləyən yaşlılarımın cərgəsi azalıb. Nənəm kimilər yoxdur, demək olar. Yəqin sizin də belə nənələriniz var. Amandı, qoymayın bildiklərini özüylə aparsın. Onların sözləri də, özləri də təcrübədir. Öyrənin və öyrədin.
Həyat sürət qatarıdır, istəmədən bizi çatacağımız mənzilə doğru aparır. Yaxşı bildiklərimizi ömür pəncərəmizdən geridəkilərə ataq. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır – bunu da nənələr öyrənmək istəməyən gəlinlərə deyərmiş...
Müəllif: Esmira ƏLƏKBƏRLİ