Hər bir millətin və ya cəmiyyətin özünə xas adət və ənənəsi vardır. Bu adət-ənənə o cəmiyyətin yaşayış tərzinə müsbət və ya mənfi şəkildə öz təsirini göstərməkdədir. Bu ədət-ənənə hər bir toplumda illərlə davam edərək nəsildən nəslə ötürülməkdədir.

 

Adət-ənənənin formalaşmasında iqlimin, coğrafi ərazinin, sosial həyatın, ailənin, cinsi fərqliliyin, sinfi fərqliliyin, idarəetmə formasının və ya inanc sisteminin təsiri böyükdür. Xüsusən də inanc-adət münasibətlərinin səviyyəsi digər ünsürlərin əlaqəsindən daha güclüdür. İstər ilahi dinlər olsun, istərsə də batil dinlər olsun – hər birində də ədət və ənənədən təsirlənən bəzi uyğulamalara rast gəlməkdəyik. Həmçinin adət-ənənədə də dini uyğulamalar yer almaqdadır.


Bu gün bölgəmizdə bir çox adət-ənənələr vardır ki, insanlarımız mənimsəmiş və illərdir davam etdimişlər. Mən bu yazımda, əsasən, dini mərasimlər kimi bilinən yas mərasimlərimizdəki dini və adət-ənənə arasındakı bağlardan danışmaq istəyirəm. Əslində, bu mövzuda dəfələrlə yazmışam. Ancaq son zamanlarda gördüklərim məni bu mövzuya qayıtmağa vadar etdi.


Bu gün yas mərasimlərində qurulan tərtiblərin əksəriyyəti din adına qurulsa da bunların dinlə heç bir əlaqi yoxdur. Başlayaq ehsandan. Ehsan rəhmətə gedən insana savab qazandırmaq üçün varisləri tərəfi ndən edilən gözəl əməllərdir əslində. Biz isə ehsanı yalnız açılan dəbdəbəli süfrələr şəklində qəbul edirik. Halbuki həzrət Peyğəmbər bu mövzunu bizlərə başqa formada izah edir. Əbu Hüreyrədən (r.ə.) rəvayət edilən hədisi-şərifdə buyurulur: “İnsanoğlu öldüyü zaman bütün əməllərinin savabı da sona çatar. Bu üç şey bundan müstəsnadır: sədəqeyi-cariyə (gözəl əməl), istifadə edilən elm, özünə dua edən xeyirli övlad”. Demək ki, bizlər öldükdən sonra bizlərə savab qazandıracaq əsas əməlləri həzrət Peyğəmbər açıq bir şəkildə izah etmişdir.


Bəli, imkansız və ehtiyac sahibi insanları da doydurmaq savab əməllərdəndir. Bu, vəfat edən insanın ehsanı olaraq acları doydurduğumuza görə də Allahın o insana savab verməsi umulan ehtimallar içərisindədir. Ancaq gəlin görək bizlər ehsan olsun deyə bu sadalananların hansını yerinə yetiririk? Bizim etdiklərimiz ancaq "gələnlər nə deyər"; "filankəs ehsanda filan yeməyi də vermişdir, bizim ondan nə əskiyimiz var"; "filankəsdə məclisdə filan sayda camaat gəlmişdi" düşüncələridir. Bu ehsan mövzusu da bir dəfə ilə yekunlaşmır. Üç mərasimi, qırx mərasimi, hələ bu üç ilə qırx arasında da hər cümə axşamları açılan süfrələr var. Daha sonra da əlli iki mərasimi qeyd olunur ki, bu mərasimlərin haradan gəldiyi bəlli deyil. Üstəlik mənşəyi bəlli olmayan bir yığıncağı da elə rahatlıqla islam adına çıxırıq ki, dinin bu yığıncaqlarla yuxarıdan, aşağıdan bir əlaqəsi belə yoxdur. Cəfər ibn Əbu Talib (r.a.) öldürülən zaman Peyğəmbər (s.ə.s.) buyurdu: "Cəfərin ailəsi üçün yemək hazırlayın və onlara aparın. Çünki başlarına onları məşğul edəcək bir müsibət gəlmişdir" (Əbu Davud, Cənaiz, 25-26). Buradan da görünür ki, cənazə evində yox, cənazə evinə yemək getməlidir. Çünki adamların acısı var, onlar yemək bişirəcək vəziyyətdə deyillər axı. Ancaq biz bu müsibəti heçə sayaraq hətta adamın süfrəsində filan şey niyə yox idi deyərək qınaq obyektinə çeviririk. Bundan əlavə, cənazə sahibinin maddi vəziyyətini belə nəzərə almadan hər kəslə eyni səviyyədə süfrə açmasını gözləyirik. Bunun səbəbini də yazdırdığımız 3-5 lari ilə göstəririk ki, fi lan qədər yas yığılıb.

 

Nə isə, bu mövzu genişdir, uzun uzadı yazmaq olar. Ancaq diləyimiz odur ki, insanlarımız bu cür yığıncaqları dini məclis olaraq görürlərsə o zaman dinin qoyduğu qayda və qanunlarla əməl etsinlər. Yoxsa dini məclis deyib oxunan bir neçə ayə ilə dini qismini bitirdikdən sonra dil və qarın məclisi və ya yas məclisindən çox yağlı aş məclisinə çevirməsinlər.


Allahdan ölənlərə rəhmət, geridə qalanlara səbir və əzm diləyirəm...

 

Müəllif: Hacı Bəkiroğlu