Bəli, mən yekəxanayam, sadəcə öz dəyərimi bilirəm. Bəli, özümə dəyər verirəm.

 

Mən məktəblərdə heç bir işə yaramayan bəzi köhnə təfəkkürlü, rüşvətxor direktorları bəyənmirəm.

 

Məktəbə teatr gələ bilməz, sənət nəyə lazımdır – deyən bəzi müəllimlərin də əleyhinəyəm. Nə yalan danışım, belə müəllimlərdən zəhləm gedir. Uşağa hörmət etməyən, onu alçaldan, köpək oğlu, küçüyün balası, deyə təhqir edən insana mən müəllim demirəm. Belələrinə heç salam belə vermirəm, qoy arxamca desinlər ki, vaxtilə bizim tələbəmiz olub, indi isə bizi heç saymır, yaman yekəxanadır.

 

Bəli, mən cəhalətə qarşı yekəxanayam. Mən hər gördüyüm merlə, deputatla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmır, ad günlərində onları təbrik edib özümü reklam etmirəm. Mənim səviyyəm çayxana tüstüsü və boş söhbətlərlə ölçülmür. Elə yerlərə getmirəm. Bəzilərinizin heç tanımadığınız Bukovskinin aforizmlərini paylaşıb özünü çoxbilmiş kimi göstərmək cəhdlərini də bəyənmirəm. Üstəlik, insan nə qədər mənasız erotikadan və boş mövzulardan yaza bilər? Söhbət Bukovskidən gedirsə, elə onu deyirəm, bəyənmirəm.

 

Çağırdığınız çox tədbirlərə də getmirəm. Gedib orada feysbukda bir-birini yeyən, bir araya gələndə isə saxta gülüşlərlə bir-birləri ilə söhbət edənləri görəndə, sonra gəlib sənə bir-birinin arxasıyca danışanda istəyirəm mikrofonu alıb o adamları elə ordaca biabır edəm.

 

Mən sənin “fıttı-fıtış”, “ay bırat, ay bırat” mahnılarına qulaq asmıram. Heç dinlədiyim musiqini də, oxuduğum kitabı da feysbukda paylaşmıram ki, guya mədəni və kitab oxuyan oğlan görüntüsü verim. Bu saat filan kitabı oxuyuram deyib, iki səhifədən sonra atıb başqa kitaba keçənlərdən deyiləm.

 

Mən sənin izlədiyin filmi izləmirəm, sənin bəyəndiyin kitabları oxumuram. Bəyənmək məcburiyyətində belə deyiləm. Mənim öz fikirlərim, öz düşüncələrim var, bir sözlə, düşüncələrimi kiminsə keyfinə uyğunlaşdırmıram.

 

Mən sənin kimi Allaha işim düşəndə dua etmirəm. Sonra işin düzələndə, ay Allah, insanın problemi olanda ağlına nə pis fikirlər gəlirmiş deyə Allahla məzələnmirəm.

 

Mən yol kənarında, piyada keçidində maşınlarını saxlayıb piyadanın yolunu zəbt edən sürücüləri ərizə yazıb şikayət edirəm, qoy mənə suka desinlər, mən beləyəm.

 

Mən sosial şəbəkələrdə hər kəsə fikir bildirmirəm. Mən kiminsə “ChatGPT” ilə yazdığı statusları, süni pafoslu məqalələrini oxuyub heyran olanlardan deyiləm. Kimdə nə var, kimin qabı nə qədər tutur –hamısını yaxşı bilirəm, tanıyıram da. Ona görə də kiməsə supersən, qaqaş, əla çıxış etdin, möhtəşəm idin kimi şərh yazmıram deyə mənə paxılsan deyənlərə açıq deyirəm: Bəli, mən yaltaq deyiləm, kiməsə xoş gəlmək üçün yalançı tərif yazmıram. Əgər buna sizin dilinizdə paxıllıq, yekəxanalıq deyirlərsə, bəli, mən yekəxanayam.

 

Mən sənətkaram, sadəcə həqiqi sənətlə məşğul olanlara fikir bildirib, rəy yazaram. Mən heç bir siyasi fiqurun şəklini paylaşıb onu tərifləmirəm. Mən əsl sənət adamının, sənətkarın şəkilini, məqaləsini paylaşıram. Mən kiminsə sifarişi ilə heç kimə “like” vermirəm. Kim xoşuma gəlirsə, onu bəyənirəm, bu, mənim seçimimdir. Lap sizin sevmədiyiniz adam olsun, fərq etməz. Sən sevmirsən deyə mən də sevməməliyəm kimi bir qayda yoxdur. Əgər mənim fikirlərim və gördüyüm iş sənə xoş deyilsə, sən də bəyənmə, məcbur deyilsən. Nədir axı səni buna məcbur edən? Əgər bu hərəkətlərim sənə görə yekəxanalıqdırsa, bəli, mən yekəxanayam.

 

Binəli İSLAMOĞLU