Atamın qəribə, özünəməxsus, yerində işlətdiyi cümlələri var. Məsələn, deyər: “Atalar deyib bir əlinnən ver, o birinnən al” və sair. Hər dəfə də mövzuya uyğun atalar sözü deyər.

 

Uşaqlıqda düşünürdüm, atam nə qədər atalar sözü əzbərləyib. Sonralar bildim ki, bunlar aforizm deyil, atamın mövzuya uyğun nəticə hesab etdiyi fikirləridir. Sadəcə “imzalanmış protokol” kimi özünü sığortalayaraq “atalar demiş” ifadəsiylə nöqtə qoyurmuş. Atam hələ də hər keçən gün bir yeni təcrübədən bir yeni ata sözü yaratmağındadır. Atamın söyüşü də özünəməxsusdur. Məsələn, “ay sənin tarixinə nəhlət” söyüşü kənddə qohum, tanış arasında qəbul olunması artıq təbii bir həyat tərzimizə çevrilib.

 

Mən artıq başa düşmüşəm ki, sən demə, o atalar elə biz olmalıyıq. Məgər hər gün yeni bir təcrübə deyilmi?!

 

Nə tökərsən aşına, o da çıxar qaşığına – ən çox işlətdiyimiz aksiomadır, eləmi? Yəni isbatsız teorem.

 

Həmişə belə düşündük ki, bir əlin verdiyini o biri bilməsin və cavab haqdan gələcək.

 

Vallah, daha mən də keçirəm atamın metoduna. Atalar sözünü özüm yaradacam. Niyə də olmasın. Yaşım o hikməti göstərməsə də dünya görüşüm pis deyil. Nənəm deyərdi: “Bunnan ciddi danışın balaca adam döyül, Heydar Alıyovun məktəbində oxuyur!”

 

Vallah hə! O boyda professorların mühazirələri, seminarları, müxtəlif ölkə, şəhər, rayon adamları... hər ailənin, ərazinin bir nöqteyi-nəzəri və üstəgəl kitablar, qəzetlər, jurnallar, iki ölkədə iş təcrübəsi, müxtəlif mühit və müxtəlif yaş dərəcələri – bunlar azmı ki, mən həyat təcrübəmi yaşla ölçüm?..

 

Atam çörəkli adam... kimliyindən asılı olmayaraq onun çörəyini kəsənlər çox. Hətta həyətə gələn dilənçini də yedirtməmiş buraxmaz. Bəzən aldığı çörəyin, yediyi yeməyin yarısını belə itə, pişiyə verir. Deyəndə ki, çox əliaçıqsan, qənaət nədir bilmirsən, cavab verir ki, atalar deyir: “Səxavətlinin cibi dolu, qənaətlinin cibi boş olar”.

 

Bilirəm, bu da atalar sözü deyil, atamın sözüdür, amma doğru. Mən xəsis deyiləm, amma o qədər qənaətliyəm ki... məntiqli qənaətcil – əslində düzgün qəbul edirəm, çünki olana şükür deyirəm. Amma illərdir görürəm atam deyən doğruymuş – mənim heç cibim dolmur, gözüm doysa da.

 

Atam bir də bunu deyir: “Beynindəkini çağıran adam eşitməz”. Bunu uşaqlıqdan atamdan eşidərdim, amma elə bilirdim bizim – uşaqların “fikri dərsdə deyil” mənasında deyirmiş. Sonralar bu cümlənin elmi əsasını da öyrəndim (qulağa səs gəlmə), həyatda isə məcazi məna ilə doğrudan da inadkar adamlar var ki, deyir: qatıq qaradır. Aləm yığılsa belə onu fikrindən döndərə bilməz, axı o elə görür, elə qəbul edir. Başqaları onun üçün maraqsızdır.

 

Son vaxtlar rastlaşdığım ədalətsizliklərdən yaraqlanan təcrübə məni yeni bir ata sözü yaratmaq qənaətinə gətirdi. Sözümü deməmiş yaranma səbəblərini izah edim: Demək olar, yarı yaşı çoxdan keçmişəm. Dediyim kimi, həyat təcrübəm, məncə, yetərlidir, yaşıma görə hətta çoxdur. Valideynlərim bizi hərtərəfli böyütdülər. Dünyagörüşü maddidən mənəviyə əhatəli təmin olundu deyə yaşımdan da xeyli böyük düşünə bilirəm. Uşaqlıqdan ədalətli böyüdüm. Burada səbəb valideynlərim deyildi, mən heç onların ədalətiylə razılaşmırdım. Mən ədaləti, haqqı, vicdanı kitablardan – bədii əsərlərdən öyrəndim. Həyatı anlayandan vicdan çərçivəsindən heç kənara çıxdığım yadıma gəlmir. Heç vicdansız, haqsız işlər görmədim, bacardığım yaxşılığı, köməyi etdim – bəzən maddi, bəzən də mənəvi. Mənən elə yaxşılıqlarım olub ki, vallah, qiyməti hesablanmaz. Neçə ailələri dağılmaqdan qurtarmışam, neçə uşaqları düzgün olmayan yoldan çəkindirmişəm, neçə küsülüləri özləri də bilmədən “saxta ssenariylə” barışdırmışam və s. Desəm ki, heç vaxt “sağ ol” eşitməmişəm inanarsız?

 

Düzü, mən balıqdan çox, xaliqdən qiymət görmüşəm. Əslində yaxşılıq edəndə nə balığı, nə də xaliqi düşünmüşəm, sadəcə qarşıdakı insanın hörmətsizliyini görəndə şükr demişəm, “bilmir bilməsin, Allah bilir, bəsimdir” düşünmüşəm. Etiraf edim ki, bu ədalətsizlik adamı çox qırır. Əvəz istəmirəm ki, sadəcə qiymətləndir, hörmət qoy. Bundan gözəl qiymətmi var?.. Ancaq, inanın, elə mərifətsizlik görürəm ki, saymaqla bitməz, əvəzində bacardıqları qədər quyu qazmağa çalışırlar, qırılmayasan neyləyəsən?

 

Yaxşılığa yamanlıq hər kişinin işiymiş, kənar adam səni nə tanımır, nə də maraqlanmır, pisliyi elə səni yaxşı tanıyan, hörmətini görən edir. Deməli, heç bir yaxşılıq cəzasız qalmır bu imiş... Odur ki, yeni bir ata sözünə qadın, qız, ana olaraq imza atıram: Özünüzü yaxşılıq etdiyiniz adamlardan qoruyun.

 

P.S.

 

Dəfələrlə qırılaraq özümü dəyişmək istəsəm belə bacarmıram. Atam demiş, beyin bildiyini çağırır.

 

Esmira ƏLƏKBƏRLİ