Yuxunu nə qədər sevirsiniz, neçə saat yatırsınız? Məsələn, mənim yaşıdlarım var, səhər saat 11-ə, 12-yə kimi yatırlar. Günə, həyata başlamaq üçün, gələcəyimizi planlaşdırmaq üçün, həyatda bəzi şeyləri öz qaydasına salmaq üçün bu, gec deyilmi? Bu qədər yatmaq yerinə insan gərək qarşısına bir məqsəd qoya axı...

 

Məsələn, mən universitetə qəbul olmaq üçün hazırlıqlara gedirəm, boş vaxtlarımda rəsm çəkirəm, son zamanlarda pianino kursuna getmək haqqında düşünürəm... Ən birinci məqsədim isə 12 illik təhsilimi başa vurmaqdır. Bütün bunlara isə yuxuda nail ola bilməyəcəyimi də yaxşı bilirəm.

 

Bəs siz məqsədlərinizə çatmaq üçün nə edirsiniz? Ümumiyyətlə məqsədləriniz varmı? Yuxu qədər şirin məqsədlərdirmi onlar?.. Məqsədsiz həyat heç vaxt oyanmayacağımız bir yuxudur. Ona görə də əgər məqsədimiz yoxdursa günün neçə saatını yuxuda keçirməyimizin fərqi yoxdur.

 

Qaldı ki, çox yatmağa və ya gec qalxmağa, məncə, gec oyanan insanların əksəriyyəti gec yatanlardır. Ötən günlərdə məktəbdə “Əşya insanı idarə edə bilərmi?” başlığı altında çox maraqlı bir dərs keçdik. Başlığı eşidən kimi hamı “bəli, telefon” deyə cavab verdi. Təbii ki, haqlı idilər. Doğrudan da indi uşaqdan tutmuş gəncinə, gəncindən tutmuş yaşlısına qədər hamının meyli telefondadır. Kim ki gec qalxır, səbəbini soruşanda gecənin bir vədəsinə kimi seriala, verilişə, nə bilim nəyə baxdığını deyir; tik-tokda canlıya girdiyini, instaqramda eşələndiyini və bunun kimi bir çox vaxt itkisi yaradan səbəblər deyir. Belə olanda gec yatırsan, gec yatanda da gec oyanırsan təbii. Bu da məktəbə gecikməyinə, dərs buraxmağına səbəb olur. Gör həmin gün nələri itirirsən. Amma vaxtında oyanıb dərsinə də vaxtında gedə bilərdin...

 

Və bir daha əmin olursan ki, telefon doğrudan da insanları idarə edir. Bəlkə bu dediklərim kiməsə mənasız gələ bilər, amma, əslində, mənim burada sizə çatdırmaq istədiyim bir mesaj var: saat durmadan irəliləyir, bizi məqsədlərimizdən bir addım daha uzaqlaşdırır, biz isə yenə də telefonun robotu olmağa, saatlarla yatmağa davam edirik. Mən demirəm yatmayaq, yatmağın insan orqanizmi üçün nə qədər vacib olduğunu hamı yaxşı bilir. Sadəcə lazım olan qədər yatmaq lazımdır. Əgər çox yatmağa davam etsək gələcəyə məğlub olarıq. Həyat isə gec oyandığımız üçün bizi əsla bağışlamayacaq.

Sübhanə Abdullayeva