Ölüm – sadəcə dörd hərfdən ibarət sözdür. Amma bu dörd hərfin ağrısı, əzabı o qədər ağır olur ki, onu çiyinlərində daşımağa heç bir insan özündə güc tapmır. Çünki ölüm təkcə bir insanın həyatdan köçməsi deyil, ölüm eyni zamanda yarımçıq qalan arzular, deyilməmiş sözlər və bir daha geri dönməyəcək xatirələr deməkdir.
Bir çox insan öz doğmasını, əziz bildiyi yaxınını itirənə qədər ölümün nə demək olduğunu tam dərk etmir, sadəcə başqalarının yaşadığı bir hadisə kimi görür. Amma bir gün ölüm qapını döyür və doğmasını alır. İnsan onda başa düşür ki, hər kəs bir gün, bir şəkildə mütləq ölümlə tanış olacaq.
“Ölüm bir eve girince sağ kalanlar da biraz ölüyor”, – deyir türkiyəli məşhur yazar Peyami Safa. Bunun nə demək olduğunu, təəssüf ki, o ağrını yaşayanlar bilir. Artıq o evə bir səssizlik hakim kəsilir – insanı günbəgün məhv edən səssizlik. Ona görə ölənə yox, geridə qalana yazıq deyirlər.
Ölümün ağır yanlarından biri də ayrılığın özündən çox, öyrəşdiyin insanın yoxluğuna alışmaqdır. Hər səhər o insanın səsini eşitməyəcəyini bilmək, hər gün onu görməyəcəyini qəbul etmək, ən adi bir xəbəri belə onunla paylaşa bilməmək... Bax, insanı hər an içdən-içə parçalayan da məhz budur.
Deyirlər ki, zaman hər yaranı sağaldır. Mən düşünürəm ki, zaman hər yaraya dərman olub sağaltsa da, ölümün yarasını sağaltmır. Sadəcə, insanı həmin ağrısı ilə yaşamağı öyrədir.
Bəzən o yara qaysaqlayır və sağalmış kimi görünür, amma qəlbin ən dərin yerində həmişə toxunulmamış bir sızıltı qalır. Bəzən bir mahnı, köhnə bir şəkil və ya təsadüfən eşidilən bir söz həmin yaranı yenidən qanadır.
İndiki zəmanədə heç kim ölümü fikirləşmir. Bir qarış torpaq üçün hər cür şeyi edirlər. Miras davaları haqqında hər gün xəbərlərə rast gəlirik. Təəssüf ki, övladlar valideynlərdən qalan mirası paylaşa bilmirlər. Necə deyərlər, iki qardaş bir sot torpağı bölə bilmir. Çünki hər şeyin bu dünyada qalacağı ağıllarına gəlmir. Elə bilirlər hər şey əbədi onlara aid olaraq qalacaq, amma elə olmur.
Onsuz da bu dünyada heç kim əbədi yaşamır. O dava edənlər də həyatdan köçərkən həmin mirasın tək bir zərrəsini belə apara bilmirlər. Qazancları sadəcə bir neçə metr ağ parça olur. Ona görə də hər kəs bunun fərqində olsa, daha yaxşı olar. Ölüm yaddan çıxardılmamalı və hər an gözlənilən bir həqiqətdir.
Ölüm bizə həyatın nə qədər kövrək olduğunu da xatırladır. Bu gün gördüyümüz, yanımızda olan insanı sabah da görəcəyimizə əmin ola bilmirik və bunu qəbul etmək çox çətindir. Elə buna görə də çox vaxt sevdiklərimizi qucaqlamağı, onlara “səni sevirəm” deməyi, inciklikləri bağışlamağı təxirə salırıq. Halbuki ölüm heç vaxt xəbər göndərmir, qapını döymür. Gəldiyi an hər şeyi yarımçıq qoyub gedir.
Ən ağır peşmanlıqlar da elə ölümdən sonra gəlir. “Kaş son dəfə daha möhkəm qucaqlayaydım”, “Kaş onu incitməyəydim”, “Kaş son danışığımız başqa cür olaydı”, “Kaş onu nə qədər sevdiyimi deyərdim”. Zamanla bu “kaş”lar insanın ömrü boyu qəlbini göynədə-göynədə daşıdığı görünməz yükə çevrilir.
Ölüm birisi üçün son, başqası üçün də dərsdir. Həyatda olduğumuz hər anın nə qədər qiymətli olduğunu xatırlamağımız üçün bir dərs. Biz fani olduğumuzu qəbul etdiyimiz zaman yaşamağın dəyərini və ölüm adlı həqiqətlə yan-yana yaşadığımızı daha yaxşı başa düşürük. Sevdiklərimizin yanımızda olmaqları, nəfəsləri, gülüşləri, səsləri, varlıqları – bunların heç biri adi deyil. Hamısı həyatın bizə verdiyi ən böyük nemətlərdir.
Məncə, insan ölümdən yox, unudulmaqdan, eyni zamanda da itirdiyi doğmasını unutmaqdan qorxur. Mənim özümün də ən böyük qorxum qardaşıma aid nəyisə unutmaqdır. Çünki sevdiyimiz insanlar yalnız torpağa tapşırıldıqları gün yox, adları çəkilmədikləri gün, xatirələri yada salınmadıqları gün, həqiqətən, yox olurlar. Buna görə də onları yaşatmağın ən gözəl yolu xatirələrinə sahib çıxmaq və sevgilərini ürəyimizdə yaşatmaqdır.
Ölüm dörd hərfdir, amma o dörd hərfin arxasında minlərlə göz yaşı, milyonlarla susqunluq, saysız-hesabsız yarımçıq qalmış hekayələr gizlənir. Etməli olduğumuz tək şey vaxtımız varkən sevdiklərimizi tez-tez qucaqlamaqdan çəkinməyək, küsülülüyü böyütməyək, sözlərimizi sabaha saxlamayaq. Çünki sabahın gələcəyinə heç kimin zəmanəti yoxdur.
Afaq Azər