Nənəm üstümdə yarpaq kimi əsirdi, məni hər şeydən qorumağa çalışırdı. Bu hər şey də bir deyildi, beş deyildi. Nənəm məni havadan qoruyurdu. Havanın soyuğundan, istisindən qorumaq istəyirdi. Mənim soyuqlamağım, istilənməyim nənəmin faciəsi ola bilirdi. Sabahın, axşamın düşməsiylə, günün-ayın dəyişməsiylə havalar da dəyişirdi. Nənəm də məni bu dəyişkənliyə uyğunlaşdırırdı. Soyuq oldumu gərək başı zehli örmə corabımı, boğazlı istiliyimi geyinəydim. Qulaqlı papağım, boğazlığım, çəkməm, əlliyim də öz yerində. Bir az havanın qızmasına bənd idi ki, əynimdəki paltarları pırtadıb çıxaraydı.

 

Nənəm məni oddan qoruyurdu. Düşünürdü ki, yanıb külə dönərəm, qıvrım saçlarımdan, maviyə çalan gözlərimdən bir şey qalmaz. Nənəm bu fikri ağlından keçirdiyinə görə də özünü qınayırdı. “Ağlımdan keçənlər dağlara-daşlara getsin, iraq olsun, qulaqlara qurğuşun”, – deməkdən özünü saxlaya bilmirdi.

 

Nənəm məni sudan qoruyurdu. Ola bilsin ki, nənəm mənim suda batmağım səhnəsini beynində yüz yol canlandırmış, həmin səhnəni özündən uzaqlaşdırmaq üçün nə zülmlər çəkmişdir. Əli hər yerdən üzüləndə: – “Allah kərimdir”, – deyib, məni Allahın ətəyinə tullamışdı.

 

Olmayan iş ha deyildi, nənəm o qədər odda yanan, suda batan görmüşdü, görməsə də az eşitməmişdi.

 

Nənəmin işi-gücü məni qorumaq idi. Elə bil məni qorumaqdan savayı əlindən başqa bir iş gəlmirdi, ayrı işi-gücü yox idi.

 

Dedimmi, yoxsa unutdummu?

 

Nənəm məni hər şeydən, hər kəsdən qoruyurdu. Havadan, sudan qorumağı asan idi. Arşınını xəbər almırdı, heç kimə gənəşmədən edirdi edəcəklərini.

 

Məni adamlardan qorumağı asan iş deyildi. Nədən ki, məni kimdənsə qoruyarkən, istər-istəməz, nənəm onun xətrinə dəyməli olurdu. Kimsə məni öpmək istəsəydi, nənəm bir yol tapıb məni onun caynağından saldırırdı. “Atam-anam, öpdürməklə arası yoxdur”, – deyib məsələni yoluna qoyurdu. Ən çox da qadınlar məni öpmək istəyirdilər. Öpərkən də qızımı sənə verəcəm, nəvəmi sənə verəcəm deməyi unutmurdular. Düzü, öpülməkdən çox onların bu sözlərini eşitmək xoşuma gəlirdi. Amma nə edə bilərdim, yüz mənim xoşuma gəlsin, nənəm mənim adımla öz qərarını verib, məni o qadınlardan gələ biləcək hər şeydən – xəstəlikdən, yaman gözdən, tər qoxusundan qoruyurdu. Qadınlarsa nənəmə xoş gəlsin deyəmi, yoxsa adət-ənənənin tələbiyləmi məni öpüb, əzizləmək istəyirdilər. Daha orasını deyə bilməyəcəm.

 

Nənəm yaxın-uzaq, doğma-yad – kiminsə mənim əşyalarıma toxunmasını heç cür qəbul edə bilmirdi. Deyək ki, mənim paltarımı kiminsə geyinməsinə razı ola bilməzdi. Böyüdükcə daralan ayaqqabılarımı, paltarlarımı yuyub təmizləmək, onları harasa yığıb saxlamaq nənəm üçün az qala müqəddəs bir vəzifəyə çevrilmişdi. Nənəm onları kiminsə uşağına verməyi ağlının ucundan da keçirmirdi. Bunu da nənəmin qıyımsızlığına yazmayın. Elə düşünməyin ki, nənəm xəsis adam idi. Nədən ki, nənəm hoya yetən, əltutan idi, qarşılıq gözləmədən kiminsə işinə yaramaq, olanına yox demək kimi xasiyyəti yox idi. İş gəlib mənə çatanda nənəm bir başqa adama çevrilirdi, elədikləri yerdən göyə qədər dəyişirdi.

 

Mənim qabımı-qaşığımı ayrı tutmaq da nənəmin vəzifəsinə daxil idi. Allah eləməsin, kimsə, lap elə öz qardaş-bacım, qohum uşaqlarından biri mənim fincanımdan su içərdisə, nənəm onların gününü göy əskiyə bükər, yüz sözün başına çıxardı. Həmin fincan dəfələrlə sürtülər, dəfələrlə suya çəkilib təmizə çıxarılardı. Nənəmin düşüncəsinə görə, öz bacı-qardaşım belə məndən ötrü yad idilər. Onlardan mənə pis nəyinsə bulaşacağı qorxusu nənəmi ehtiyatlı davranmağa vadar edirdi. Allah eləməmiş, mənə nəsə olsaydı, sözgəlişi, gəzənlərdən-zaddan dəysəydi, ağzımın-burnumun suyu bir-birinə qarışsaydı nənəm bunu mənə kiminsə yoluxdurduğuna özünü inandıra bilirdi və üstəlik bunda özünü günahkar hesab edirdi. Bütün günü özünü danlamaqla, özünə qarğış eləməklə keçirər, mənə yaxşı göz-qulaq olmadığını təkrarlamaqdan yorulmazdı.

 

Bütün günü mənim hara getdiyim, haradan gəldiyim, nə yediyim, nə içdiyim, kimlə oturduğum, kimlə durduğum, acmı qaldığım, susuzmu qaldığım kimi suallara cavab axtarması nənəmi əldən salırdı, nənəmə əzab verirdi. Nənəm günü ağın qızı da mənimlə bağlı bu zülmlərə o qədər alışmışdı ki, sanki zülm çəkmədən dura bilmirdi.

 

Müəllif: Afiq Muxtaroğlu