Bir neçə gün öncə yaxın bir qohumun cənazəsində iştirak edirdim. Gördüklərim, duyduqlarım, illərdi bu səhnəyə aşina olsam da, yenə də məni təəccübləndirmədi desəm yalan demiş olaram.

 

Cənazə məclisi əslində o cənazənin ailəsinə, yaxınlarına başsağlığı vermək, onların acılarına, dərdlərinə, kədərlərinə ortaq olmaq üçün əhalinin toplaşdığı bir məclisdir. Əslində bu məclisdə rəhmətə gedənin yaxşı əməllərindən danışılmalı, ölüm və bu kimi mövzular haqqında söhbət getməlidir məncə.

 

Yadımdadır, əvvəllər din xadimləri danışardılar, camaat da onları dinləyərdi və camaatı maraqlandıran dini suallar cavablandırılardı. Ancaq bu gün cəmiyyətin bütün problemləri, siyasət, iqtisadiyyat, texnoloji yeniliklər və s. bu məclislərdə müzakirə olunur. Ancaq gəl gör ki, bir Allah bəndəsindən eşitmirsən deyə ki, ölüm var. Bax bir gün bizi də beləcə uğurlamaq üçün toplaşacaqlar. Özümüzə çəki-düzən verək. Dini məsuliyyətlərimizi yerinə gətirək. Cənazə məclisini xatırladan yeganə əməl isə o məclisə yeni gələnin əllərini açması və mollanın amin deyərək fatihə surəsini oxumasıdır.

 

Elə bu cənazə məclisində də günün əsas mövzusu olan Ukrayna və Rusiya məsələləri müzakirə mövzusu idi. Zelenskini artist olaraq adlandırıb qınayanımı deyim, Putini təhqir edənimi deyim, yoxsa onu bir siyasi dahi olaraq müdafiə edənimi deyim? Bir addım kənara çəkildikdə isə buradakı qruplaşmanın da iqtisadçı topluluğu olmağa çalışdıqlarını hiss edirsən ki, onların da ölkədəki bahalaşmanın müzakirəsini apardıqlarına qulaq müsafiri olursan. Başqa bir tərəfə də yön çevirirsən, artıq milliləşmiş mübahisəmiz – 5 və 41 mübahisəsi gedir. Partiya rəhbərləri, namizədlər, nə bilim, siyasi xadimlər oturub birlikdə keyf çatırlar, bunlar da burada qardaş-qardaşla onların üstündə mübahisə edirlər. Nəymiş, əfəndim, bunlara seçkiyə adam gətirmək üçün 3-5 lari pul ödəyirlərmiş. İllərdir bir para əkin sahəsinin, mal-qarasının otlaq yerinin, yaşadığı evin reyestrini həll edə bilməyənlər oturub Rusiya-Ukrayna münaqişəsini həll edirlər. Görürsən ki, orta məktəb təhsilini belə tamamlamayıb məktəbi yarıda buraxaraq qazanc dalınca qaçan, heç bir sosial aktivliyi olmayan şəxslər siyasi şərhçi, politoloq, iqtisadçı, nə bilim nəçi kəsiliblər. Xeyr, yanlış düşünməyin, mən kimsəyi təhqir etmək, onun savadına və ya savadsızlığına söz atmaq istəmirəm. Mənim demək istədiyim odur ki, bu kütlə anlayışı olmadığı mövzulardan danışmaqları yerinə bildikləri mövzulardan danışsalar və ya susub o məclisin başına gətirilən din xadimini dinləsələr, yaradılış məqsədləri haqqında məlumat əldə etsələr daha faydalı olar.

 

İllərdir ağız birliyi edib bir balaca rayonda bir qərar qoya bilmirlər ki, yas yerlərinin hamısında da eyni adət olsun. İndi gəlib dünyanın yönünü, gedişatını dəyişdirməyə qərar verirlər.

 

Əzizlərim, əgər dünyanı düzəltmək, sülh və əminamanlıq yaratmaq istəyirsinizsə gəlin birinci özümüzdən, öz ailəmizdən, öz ətrafımızdan başlayaq. Gəlin elə qız uşaqlarımızı uşaq yaşda ər evinə yox məktəbə, universitetə göndərək. Oğlanlarımıza “müəllim kimdir ki, səni vurur” demək yerinə, “müəllim haqlıdır, oxumalısan”, deyə tərbiyə verək ki, o da üz görüb daha betər əxlaqsızlıqlara əl atmasın. Gəlin müzakirələrimizi bu yöndə aparaq. Özümüzü, öz gələcəyimizi necə qurtara bilərik, övladlarımıza hansı gözəl gələcəyi miras qoya biləcəyimizin söhbətini aparaq.

 

Kimə deyirsən? Kimdir ki səni dinləyən?

 

Hacı BƏKİROĞLU