Ötən saydakı yazımı davam etdirmək istəyirəm. Mövzumuz insanlığa zərər vuran asılılıqdan biri olan narkomaniya idi. İndi isə yenə eyni asılılığın başqa növündən danışmaq istəyirəm – qumar oyunlarından.
Qumar pul və ya dəyərli bir şeyi ortaya qoyaraq oynanılan oyundur. Qumar haqsız yerə başqasının malını götürmək, oğurluq etməkdir. Qumar bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da nə halaldır, nə də qanuni. Qumar insanı halal qazanc əldə etməkdən yayındırıb asan gəlir yollarına yönəldir, boş xəyallar qurdurur. Qumara aludə olan insanlar cəmiyyətə faydalı olmaq, halal yolla, alın təri ilə çalışmaqdan qaçınırlar. Qumar evlərin, ailələrin dağılmasına, varlı ailələrin kasıblaşmasına, o cümlədən hörmətli şəxslərin xalq içində hörmətini itirməsinə səbəb olur. Qumar insanlarda stres, xəstəlik və əsəb gərginliyi yaradır. Çox zaman isə aludəçini bir çox yaxşı olmayan şeylər etməyə vadar edir, məsələn, qəsbçilik, oğurluq və s. – oyun üçün müəyyən miqdarda pul lazım gəldikdə hara əl atacağını bilmir və bu kimi şeylər edir.
Bu oyunun tarixi çox uzaq keçmişə dayansa da bu gün daha müasirləşmiş şəkildə oynanılır. İnternet vasitəsilə onlayn oynanılması mümkün olan bir çox kazino, qumar saytları var. Ölkəmizdə ötən ilə qədər 18 yaşını tamamlayan hər kəs sayta daxil ola bilirdi. Sonra bu yaş həddini 25-ə yüksəltdilər. Ancaq yaşı hətta 18-dən az olan gənclər, əsasən də oğlanlar bu saytlara asanlıqla daxil ola bilirlər. Yaşı çox olan insanların adı ilə və ya öz valideyninə “elə-belə şeydir” deyib valideyninin adı ilə qumar saytlarında qeydiyyatdan keçirlər. Valideynlərinin məktəb xərcliyi üçün verdiyi pulu o saytlara köçürürlər. “Bilirsənmi, dünən 5 lari yükləmişdim 40 lariyə qaldırdım; səndə nə qədər var, ver qoyaq mənimkinin üstünə, qaldıraq 100 olsun” – bu kimi sözlərlə bir-birini şirnikləndirirlər.
Bu günlərdə isə “Evoulation” adlı məşhur şirkət peyda olub. Hər kəsin qeydiyyatdan keçmək üçün sıraya durduğu, yüksək maaşlı, iş saatı az olan, heç bir ali təhsil, dil səviyyəsi istənməyən həmin iş... Bu xarici şirkətin Tbilisidə filialları var. Demək olar ki, tələbələrin çoxu universitetdən sonra orada işləyirlər. Hər il şirkət öz işçisi olan bir neçə tələbənin illik universitet ödənişini edir. Xəstəxanalarda heç bir ödəniş etmədən həkim müayinəsindən keçə bilirlər.
Bəs bu zamanda iş tapmaq ali təhsilli insanlar üçün belə bu qədər çətin olduğu halda bu nə işidir görəsən? Orada gənclər nə edirlər?
İşçilər masaüstü, planşet və smartfon oyunçularına real masalarda canlı kazino oyunları oynamağa xidmət göstərirlər. Bir sözlə, kazino oyunlarının onlayn şəkildə oynanıldığı yerdir, işçilər isə saatlarca masa arxasında əyləşib oyun kartlarını paylayırlar. Kimisi “haram puldur, oradan gələn pulu bilmirəm necə boğazımdan keçirəcəm” deyir, kimisi də “mən orada öz zəhmətimlə pul qazanıram, niyə haram olsun” deyir.
Qumardan əldə olunan qazanc birdəfəlik gəldiyi kimi birdəfəlik də gedir, o pulun bərəkəti olmur.
Asan qazanc yollarının hamısı qumardır.
Yaşadığımız yerdə faydalı iş yerlərindən çox bu kimi “iş yerləri” açılır. Qardabanidə bir dənə də olsun insanların, gənclərin səmərəli vaxt keçirəcəyi yer yoxdur. Ancaq totalizatorlar, qumarxanalar, kazino saytlarının ofisi var.
Niyə? Axı bu yolla daha çox və asan pul qazanıldığı düşünüldüyü üçünmü... Sonra da indiki gənclərin sonunun olmadığını deyirlər.
Müəllif: Aytən Fətullayeva