Həyatımızda pulun nə kimi rolu var? Həyat və pul arasında hansı əlaqələr mövcuddur?..
Hər birimiz “həyat” və “pul” sözünü müxtəlif cür mənalandırırıq. Belə ki, bəzi yaxınlarıma sənin üçün həyatın mənası nədir, bu həyatda məqsədin nədən ibarətdir deyə suallar verirəm. Aldığım cavablar həmişə müxtəlif olsa da həyatının mənasını ailəsində, övladlarında görənlərlə yanaşı pul, gəzmək, yeyib-içməkdə görənlər də üstünlük təşkil edir. Həyatdakı məqsədləri də fərqlidir: biznesə sahib olmaqdan tutmuş özü üçün yaşamağa qədər...
Pulun həyatımızda rolu böyükdürmü sualına aldığım cavablar isə, demək olar ki, hamısı eyni məzmundadır: “Pul varsa həyat da var; pulun varsa həyatda yerin böyükdür; həyatın mənasını mən pul adlandırıram” və sairə. Düzdür, pul çox şeydir, amma hər şey deyil.
Fikrimcə, əsl həyat, xoşbəxtlik pul, var-dövlət olmamalıdır. Pul ilə dəbdə olan geyimləri, maşınları, istədiyin evi ala bilərsən, istədiyin həyatı yaşaya bilərsən, amma əgər sən xoşbəxt, sağlam deyilsənsə pul buna kömək edəcəkmi? Pul bizim sağlamlığımızı, keçmişimizi, uşaqlığımızı, gəncliyimizi geri qaytara bilərmi? Əlbəttə ki, yox!
Əsl həyat var-dövlət, maşın, ev və sairdən ibarət deyil. Zaman heç bir vaxt bizi gözləməyib, gözləməyəcək də. Hər şeyi vaxtında etmək lazımdır. Pulun arxasınca deyil, xoşbəxtliyin arxasınca qaçaq. Mənim üçün də əsl həyat xoşbətlikdir. Çünki tanıdığım o qədər ailə var, kənardan durub baxan elə fikirləşir ki, şahzadə kimi yaşayırlar. Amma əslində elə deyil. Aralardakı məsafə qalxdıqca, yəni daha çox yaxından tanış olduqda anlayırsan ki, əslində heç nə göründüyü kimi deyil. Milyonlara sahib olanların çoxu heç də göründüyü kimi xoşbəxt deyil. Bir insan ki həyatı doya-doya yaşamırsa, həyatı boyu pulun arxasınca qaçırsa, o pulu yığıb saxlayırsa, xərcləmirsə, axı o pulun nə önəmi qaldı. Axı pul xərcləmək üçündür. Yüz də qazan, villan, milyonların olsun...
Artur Şopenhauerin ən sevdiyim ifadəsidir: “Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır”. Əgər insan xoşbəxtdirsə onda ailəsini, dostlarını, ətrafındakı insanları da xoşbəxt etmək gücünə sahib olar. Ona görə də, biz həyatın içində hər hansı bir yeri deyil, öz yerimizi tapmalıyıq...
Düzdür, danılmaz bir gərçəklik də var. Biz pulu sevsək də, sevməsək də artıq ondan asılı olmuşuq. Babamın dediyinə görə, əvvəllər pul qazanmaq yolları çox çətin və az idi. Amma indi pul qazanmaq üçün birinci insanın özünün böyük istəyi olmalıdır. Əlbəttə ki, indi də asan deyil işləmək. Yəni istənilən insan bunun öhtəsindən gələ bilər deyə bir şey yoxdur. Deməklə deyil, göstərmək, əmək sərf etmək lazımdır. Deyildiyi kimi, “Allahdan buyruq, ağzıma quyruq” deyə bir şey yoxdur. Çünki pul tənbəlləri sevmir.
Həyatımızda pulun dəyəri də çoxdur. Maddi arzularımızı pulla həyata keçiririk. İnsanlar və pul arasındakı əlaqə danılmazdır və daima bir-biri ilə əlaqəlidir. Fikrimi Deyl Karneginin sözləri ilə bitirirəm: “Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar”.
Müəllif: Validə Fətullayeva