Sosial mediada bir çoxumuzun qarşılaşdığı məşhur bir ifadə var: 2013-cü ildə Moskvada keçirilən beynəlxalq konfransda sinxron tərcümə qulaqcığından imtina edən alim – Kərəm Məmmədli...

 

Bəli, bu yazılan şişirdilmiş deyil, həqiqətən də o ucalıqda olan bir ŞƏXSİYYƏT idi Kərəm Məmmədli.

 

Keçmişlə maraqlanan, tarixə həvəsi olan insanlar Kərəm müəllimin fikir və düşüncələrini, onun türklük, soyumuz, keçmişimiz barədə yazdıqlarını istər məqalələrindən, istərsə də sosial şəbəkədə paylaşdıqlarından bilirlər.

 

Yazımda tarixi bizlərə sevdirərək özü tarixə çevrilən, hər kəsin tanıdığı Kərəmi deyil, oğul, ata, baba, eloğlu olan Kərəm haqqında yazmaq istədim.

 

İlk tanışlıq

 

1997-ci ildə Bakı Dövlət Universitetində yay sessiyası idi. İmtahan yorğunluğu, gecə yuxusuzluğu və həyəcanı geridə qoyaraq universitetin həyətindəki sıralı ağacların kölgəsindəki açıq kafedə oturmuşduq. Tələbə dostlarımızdan biri söylədi ki, bu gün Tarix fakültəsində Kərəm müəllimin “Türklüyün əsasları” adında maraqlı mühazirəsi olacaq. Müəllim mühazirəni hər kəs üçün açıq elan edib, kim istəsə gedə bilər. Biologiya sahəsində oxusaq da, yorğun və yuxusuz olmağımıza baxmayaraq intellektual və vətənpərvər gənclər olaraq bir fincan qəhvə içərək mühazirəni dinləməyə getdik. İki saatdan çox davam edən mühazirədə eşitmədiyimiz, oxumadığımız, bəlkə də hələ ilk dinləyicisi bu auditoriyada olan yeni araşdırma və təhlilləri dinlədik. Hər nə qədər yorğun olsam da, təhlilləri böyük acgözlüklə dinlədim. Günü bu gün də həmin mühazirə otağı və Kərəm müəllimin həvəslə, qürurla, ürəklə danışığı gözlərimin önündədir.

 

Sonralar bir neçə dəfə bu cür açıq mühazirələrdə iştirak etdim. Mühazirələri bəzən auditoriyanın son partasında oturub dinləyən, sonra isə kölgə kimi yox olan mənim heç ağlıma da gəlməzdi ki, bu cür ləyaqətli, savadlı, yurdsevər bir insanın vaxtsız sonlanan ömür yolunun xatirəsi barədə yazacağam...

 

Uşaqlığın keçdiyi yerdir Vətən

 

Gəyliyən dağlar qoynunda axar-baxarlı bir kənd... Mənzərəsi qədər ziyalısı da nisbətdə çox olan bir el...

 

Azərbaycana bir neçə tanınmış şəxsiyyət verən kənddə Hətəm müəllim ilə Həmayil xanımın ailəsində 1965-ci ilin fevral ayının 22-də böyük sevinc var idi. Ailənin son beşiyi Kərəm dünyaya gəlmişdi.

 

Uşağın adı Həmayil xanıma röyasında söylənmişdi. Digər övladları böyüyüb evdən köçdüyü bir anda, yaşlı vaxtlarında Tanrı onlara yeni bir övlad vermişdi. Zarafatla Yanıq Kərəmimiz dedikləri bu övladı böyüdən valideynlər yenidən gəncləşmişdilər. Hamının sevimlisi olan Kərəm sonbeşik olduğu üçün ərköyün böyüsə də, dəcəllikləri qədər istedadlı olmağı da diqqətdən kənarda deyildi. Hətta tarix müəlliminə bir neçə sual verdikdən sonra Abbas müəllim dedi ki:

 

– Ay Kərəm, bəsdir, a bala, başını hər yerə soxma, yoxsa doğrudan da Yanıq Kərəm kimi yanarsan.

 

Zaman keçdi, özü də enişdən, yoxuşdan keçdi və gün gəldi bu cümlə öz yerinə düşdü.

 

Beləcə qayğısız, xoşbəxt, ailə sevgisi dolu uşaqlığını yaşayan Kərəm elm öyrənmək ardınca Azərbaycana, daha sonra isə Rusiyaya yola düşəcəkdi. Ucalığa gedən yol onu həyatı qədər sevdiyi anasından, anasını isə “ağzında dili kimi istədiyi” Kərəmindən uzaqlaşdırdı. Bu uzaqlığı ailə daha öncə altı dəfə yaşamışdı. Orta məktəbi bitirən övladları ali təhsil almaq üçün Bakıya üz tutmuş, sonra isə ailə həyatı qurmuşdular. Həyatın qanunu budur deyərdi Həmayil xanım...

 

Borçalı ənənələrinə görə, sonbeşik oğul yurdda qalmalı, ocağın işığını yandırmalıdır, Kərəm isə nəinki bu kəndə, Başkeçidə, Borçalıya, heç Azərbaycana sığmayan bir ümman hiss edirdi özündə. Hər nə qədər çılğın olsa da içindəki sual dolu dünyasıyla arzularının ardınca getməli idi.

 

Niyyətdən mənzilə gedən yol

 

Mühəndis atanın, müəllim ananın övladı kimi Başkeçidin Gəyliyən kəndində başladığı uşaqlığı... Hər dağda, daşda tarix axtardı, tarix gördü. Elə bu amalla Bakıya tarixçi olmağa gəldi. Sovet dövründə “Raykomluq fakültəsi” adlanan Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi ona neçə sualların cavabı, neçə yalanların həqiqəti, neçə sirlərin açarı olacaqdı...

 

Bir il sonra o zamankı Sovet qanununa uyğun olaraq hərbi xidmətə getdi. Sanki həyat onu daha da möhkəmlənməsi üçün keşməkeşli yollara saldı. Xidmətini dövrünün ən çətin, gedər-gəlməzi sayılan Əfqanıstan müharibəsində iştirak etdi. Burada iki il boyunca həyatın “ən”lərini görən Kərəm xidmətini başa vuraraq yarımçıq qalmış təhsilini davam etdirdi.

 

Qeyd: Kərəm müəllim Əfqanıstanda hərbi xidmət keçdiyi dövrü xatırlamaq istəməzdi. Orada aldığı iki qəlpə yarasını, xüsusi kitabçasını heç zaman istifadə etməz və oradan danışmazdı. Tariximizin utanc yeri deyərdi.

 

Borçalıda qapalı qalan tarixi, Əfqanıstanda yalnız haqq-nahaqq toqquşması 20 yaşlı gənc üçün böyük bir motivasiya idi. Tarixçi olmaq az idi. Haradan başlayır Vətən? O qaranlıqları işıqlandırmaq lazım idi. Tarixin sükutla keçdiyi məqamların səsi çıxmalı idi. Buna səbir, savad, dəyanət lazım idi. Bunları özündə cəmləşdirib işə başlamlı idi.

 

Təhsilini başa vurdu. Ondakı istedadı yaxşı ki, qiymətləndirənlər var idi. Kərəm müəllim artıq Sankt-Peterburq universitetindən antropoloq və etnoqraf kimi qayıtmışdı. Artıq aspirantura və elmi işlərinə də başlamışdı. Yolu bəlli idi – böyük zəhmət, əziyyət tələb edəcək işlər, edəcəkləri, bağlı qalmış tarix səhifələri və onun fikrinə görə səhv olan nəzəriyyələr...

 

Bu arada, Kərəm müəllim “vətən” ifadəsinə qəti etiraz edirdi, “yurd” ifadəsini isə daha dolğun və yerində olduğunu əsaslandıraraq izah edirdi.

 

Sevginin sönməz nuru

 

“Etdiklərim, düşündüklərim, edəcəklərim” deviziylə addımlayarkən yolunda bir sevgi işığı yandı. Gözləmədiyi bir məkanda rastına çıxan bir qız “sevgi yönünü” dəyişdi. İş həyatının içində ağıl-kamalla özəl həyatını qurmağı düşündü. Elə “Qazax, Tovuz da özümüzündür” deyən Kərəm müəllim yaşayacağı ömür yolunda çırağı olacaq sevgisini tapmışdı. Raisə xanımla qurduğu ailə həyatı ona iki oğul və bir qız övladı bəxş etdi. Qızına anasının adını versə də, oğlanlarına Oğuz və Səlcuq, nəvələrinə isə Selcan və Baybars adları verərək gələcək iş planının daim gözü önündə təkrarlanmasını istəmişdi. Səmimi ata, qayğıkeş həyat yoldaşı kimi yaşadı ailə həyatını.

 

Elə bil həyatdan tez gedəcəyini bilirmişmi ki, bu qədər ailə bağı yaratmışdı. Xüsusən də qızı Həmayil ilə ana-oğul demişdilər bir-birinə... Raisə xanımın gözündə Kərəmdən yüksəkdə yüksəklik yox idi...

 

Ailə bağı o qədər möhkəm idi ki, Kərəm sevgisi ailəsi üçün əbədi bir nur qoyub getmişdi.

 

Həsrətin yarası

 

Borçalıya tez-tez gələrdi, hətta tədbirlərdə iştirak edərdi. Sarvanobada (dağlarda el bayramı) iştirakı onu o qədər sevindirmişdir ki, gözləri yaşararaq özümü tarixin içində gördüm demişdi. Zəlmixan Yaqubu xüsusi olaraq öz ata yurduna qonaq çağırmışdı. Kəndə gedəndə hər kəs başına toplaşır, bəzən tarixi söhbətlərdən, bəzən ədəbiyyatdan, bəzən isə duzlu əhvalatları dinləyərək ondan ruh alırdı. Kərəm müəllim isə öz növbəsində onlara mənəvi dəstək olurdu.

 

Kənddə oxuduğu məktəb onun həyat yaddaşının ilk müqəddəsliklərindən idi. Türkiyədə konfransda olarkən TİKA şirkətindən tanış olduğu nümayəndəyə məktəbin təmirini xahiş etmişdi. Kənddə sosial vəziyyətin yaxşı olması üçün çabalayanlardan idi. Bakıda tələbə olan gənclərə, nəinki həmkəndlilərinə, bütün borçalılara dəstək olurdu. Gənclər də hər problemlərində böyük kimi, dayaq kimi Kərəm müəllimə üz tuturdular.

 

Bütün varlığı ilə el-obası, milləti, Vətəni üçün yanğısı doğrudan da Kərəm yanğısı idi. Bu elin gözü tərəzidir deyənlərin növbəti qələbəsi idi.

 

Ona çəkilən sədlər həyatının ən böyük zərbəsini vurdu. Onun ürəyini çatladan həsrət idi yurd həsrəti...

 

Tarixdə tarix yazan

 

Kərəm müəllim deyirdi ki, tarixi yazanlar iki cür olur: qələmi ilə və qılıncı ilə. Türklər tarixi qılıncla yazmağa başları qarışarkən, tarixi qələmlə yazanlar yazdı – görmədən, bilmədən, tanımadan, həqiqətdən uzaq.

 

Azərbaycanda, hətta türk dövlətlərində yeganə antropoloq və etnoqraf idi ki, belə köklü dəlillərlə, həttə Sankt-Peterburqdakı professor müəllimlərinin redaktəsiylə türk kəllə skeletinin radiusunu sübut edirdi. Bu isə böyük nəticələr idi, hansı ki bu nəticələrlə öz həyatını sona doğru apardı...

 

Son söz

 

Şəxsi tanışlığım olmasa da, elini, obasını, millətini sevən biri kimi Kərəm müəllimin hər çıxışını, yazılarını, araşdırmalarını yaxından izləyir, onunla fəxr edirdim. Azərbaycanın tarixi Kərəm itkisi yaşadı, borçalılar üçünsə Kərəm həqiqi mənada evdən, ocaqdan yox, eldən getdi...

 

Müəllif: Esmira Ələkbərli