Dil – hiss və düşüncələri ifadə etmək üçün ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqların formalaşması və yaşaması üçün mühüm əsasdır, bəlkə də ən mühümü dildir. Eyni dildə danışan insanlar toplusu millət adlanır ki, dilin də millətin həyatında böyük əhəmiyyəti var.

 

Biz Gürcüstan azərbaycanlıları əsrlərdir bir ölkədə sözdə eyni hüquqlara malik şəkildə yaşayırıq. Hazırda Gürcüstan ərazisində azərbaycanlılar yaşayan kəndlərin sayı 200-dən çoxdur. Ulu babalarımızdan bu yana biz burada məskunlaşmışıq. Dilimiz, dinimiz fərqli olsa da gürcülərlə bərabər yaşamışıq. İllərdir, elə bu gün də başlıca problemlərdən biri gürcü dili problemi olub. Dövlət dili rəsmi olaraq gürcü dili elan edildikdən məktəblər, xəstəxanalar, banklar, dövlət idarələri, sənədlər və sair, bir sözlə, gürcü dili öz taxtına geri qayıdıb.

 

Gürcü dilini bilməyən bir çox adam işsiz qalıb, gənclər gürcü dilini bilmədiyi üçün öz vətənlərində ali məktəbi oxuya bilmirdi. İmtahanlardan uğursuz nəticələr qazanırdı, buna görə də ailə məcbur olub övladını təhsil üçün Azərbaycana göndərirdi.

 

Daha sonralar isə dövlət məktəblərdə gürcü dilinin keçirilməsinə, dərsliklərin gürcü dilində olmasına imkanlar yaratdı. Həmçinin valideynlər uşaqlarının gürcü dilini öyrənmələri üçün əllərindən gələni edirlər. “Biz dil bilmirik, uşaqlarımızsa bilsin” deyib uşaqlarını gürcü məktəblərinə qoyurlar, müəllim yanına göndərirlər, əlavə dərslərə, kurslara qoyurlar və s.

 

Başqa dövlətlərdə diplomu, savadı olmayanlara iş yoxdur, bizim burada isə diplomun olsa da, olmasa da dil bilmirsənsə işin yoxdur deməkdir. Bu gün bizim üçün sevindirici haldır ki, gürcü dilini bilən gənclərimizin sayı keçmişlə müqayisədə olduqca artıb. Ancaq bunda dövlətin nə qədər payı olsa da bir o qədər də sui-istifadəsi var. Dövlət öz dilini azərbaycanlı tələbələrə pul qarşılığında öyrədir. Axı nəyə görə? İllərlə öyrədə bilmədikləri dili bilməməyimiz bizimmi günahımızdır? Yoxsa müəllimlərin ağızdolusu dediyi həftədə beş saat keçirilən dərsinmi günahıdır? Bir sinifdə ortalama 25-30 şagird oxuyursa və onların içərisində üçü-beşi dili bilirsə, qalanlarının dərsdən belə xəbəri yoxdursa, bu keçirilən dərsin keyfiyyətsizliyindən xəbər verir. Əgər bu halın əksi olsaydı – o 25-30 şagirdin əksəriyyəti dili bilib, bir-iki uşaq bilməsəydi, o zaman bu, elə həmin uşaqların məsuliyyətsizliyi olardı. Tutaq ki, azərbaycandilli məktəblərdə gürcü dilinə verilən əhəmiyyət yox deyiləcək səviyyədədir. Bəs gürcü məktəblərində? Valideynlər uşağı dil öyrəşsin deyə gürcüdilli məktəblərə qoysalar da nəticə olmur. Uşaq bəlkə də bir neçə il keçdikdən sonra az-çox nəsə öyrəşir, amma müəllim qayğısından, məktəb sevgisindən məhrum olur. Hər fürsətdə tənqid edilir. Bizim uşaqlar o siniflərdə yoxmuş kimi dərs keçilir. Uşaq hansı həvəslə dərs oxumalıdır. Uşaqlar da böyüyəndə bu sıxışdırılmalara dözə bilməyib məktəblərini dəyişdirirlər. Neçə belə şagird tanıyıram, sinif yoldaşlarımızla, müəllimlərimizlə aramızdakı isti münasibətə baxıb “sizdə nə yaxşı belə mehribanlıq var, bizim məktəbdə müəllimlə belə səmimiyyətlə danışmaq üçün cəsarət istəyir, kaş zamanında bizi də azərbaycandilli məktəbə qoyaydılar” kimi sözlər deyirlər. Dil uğrunda bizim uşaqlar təkcə müəllim qayğısından, məktəb sevgisindən, sinif yoldaşlığı münasibətindən məhrum edilmir, həm də öz doğma dillərindən məhrum edilirlər.

 

İbtidai sinifdə oxuyarkən Ana dili kitabının elə ilk səhifəsində Heydər Əliyevin rəsmi var idi. Müəllim bir gün bu haqda danışırdı və Heydər babanın bu sözünü dedi: “Öz ana dilini bilməyənlər şikəst adamlardırlar”. Bu sözü indi ətrafıma baxanda daha yaxşı başa düşürəm. Valideynlərin dil bilsin deyə gürcü, rus məktəblərinə qoyduqları uşaqlar nəinki öz doğma dilində, heç 12 il öyrəndiyi dilin əlifbasında neçə hərf olduğunu bilmirlər. Özlərinə yeni əlifba kəşf ediblər: “ş” hərfi olub “w”; “ğ” hərfini demək üçün səs telinizi daha incitməyə ehtiyac yoxdur, “q” deyə bilərsiniz; “e” hərfi iki səsi ifadə edir – həm “ə”, həm “e”; “ç” hərfi haradan çıxıb elə, “c” demək deyilmi o da; “ı”, “ü”, “ö” – bunları heç demirəm, əlifbadan siliniblər, bu hərfləri heç tanımırlar da...

 

“Bir dil bir insan, iki dil iki insan” deyimi var, bəli, insan həyatı boyunca öyrənib, öyrətməlidir, amma uşağa öz doğma dilində məlumat vermək valideynin borcu olmalıdır. Gələcək bizim əlimizdədir.

 

Aytən Fətullayeva