Gürcüstanın Borçalı mahalı özünəməxsus gözəlliyi, tarixi olan bir diyardır. Bu bölgə uzun əsrlərdən gələn qədim mədəniyyəti, milli şüuru, adət-ənənələri olmaqla yanaşı, xalqın yaddaşında iz buraxan şəxsiyyətləri ilə də məşhurdur. Bu şəxsiyyətlər Borçalının özü qədər qədim mədəniyyətinə, ədəbiyyatına, tarixi yaddaşına öz adlarını yazmışlar. Əsrlərdən üzü bəri gələn qədim tariximizin, mədəniyyətmizin və milli mənsubiyyətimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz xidmətlər göstərən insanlar bizim üçün çox dəyərlidirlər. Məhz belə şəxsiyyətlər tarixin müxtəlif dönəmlərində xalqına xidmət etməklə onun tərəqqisinə, inkişafına xidmət etmiş olublar. Öz yurduna, elinə xidmət edən,  ona sevgi və qayğı ilə yanaşan insanlarımız bizim milli sərvətimizdir.

 

Belə insanlardan biri Vəkil Xəlilovdur. O, 1937-ci ildə Bolnisi rayonunun Əsmələr kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alan Vəkil müəllim daha sonralar Qoçulu və Arıxlı kəndlərində yerləşən məktəblərdə orta təhsilini tamamlamışdır. Vəkil Xəlilov öz arzusunun dalınca Azərbaycana, Bakıya getmiş və 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsinə qəbul olmuşdur. Öz istedadı, bacarığı sayəsində universitetin fəal tələbələrindən olmuş Vəkil Xəlilov müəllimlər və tələbələr arasında böyük hörmət və nüfuz sahibi olmuşdur. 1964-cü ildə universiteti uğurla bitirdikdən sonra qısa bir müddət ərzində Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun botanika ixtisası üzrə aspiranturasına  qəbul olub. Sonrakı illərdə elmi tədqiqat işlərini Rusiyanın Moskva şəhərində yerləşən Ümumittifaq Elmi  Tədqiqat Vitaminologiya İnstitutunda davam etdirib və 1971-ci ildə biologiya elmləri namizədi dərəcəsi alıb. Daima elmi yaradıcılıq axtarışında olan Vəkil Səməd oğlu respublika və keçmiş Sovet məkanında olmuş elmi konfranslarda mütəmadi iştirak etmişdir. O, elm sahəsində müəyyən önəmli işlər gördükdən sonra pedagoji fəaliyyətlə məşğul olmuş və müəllim kimi çalışmışdır.

 

Ömrünün böyük hissəsini Gürcüstanda keçirmiş Vəkil Xəlilov müəllimlik fəaliyyətinə də məhz burada başlamışdır. O, Bolnisinin Qoçulu  kəndində yerləşən və nə vaxtlarsa təhsil aldığı məktəbdə kimya- biologiya müəllimi kimi çalışmışdır. O, xalqın sevimli alimi olmaqla yanaşı, sevimli müəllimi də olub. Müəllim kimi çalışdığı məktəbdə sonralar direktor vəzifəsinə qədər yüksəlmiş, uzun illər bu vəzifədə layiqincə çalışmışdır. Həmkarlarının, şagirdlərinin yaddaşında əsl ziyalı kimi iz buraxan Vəkil müəllim həm də “Gürcüstanın Əməkdar müəllimi” adına layiq görülmüşdür.

 

Mütəmadi olaraq müəllimlər qurultaylarının mötəbər nümayəndəsi olmuş Vəkil  müəllim pedaqoji fəaliyyətlə yanaşı, kənd, rayon sovetlərinin deputatı olmuşdur. Eyni zamanda rayon partiya komitəsinin sədri vəzifəsində də çalışmışdır.

 

Ömrünün son illərini Azərbaycanda yaşayan Vəkil  müəllim elmi yaradıcılığını davam etdirmiş və 30-a yaxın elmi məqalə və kitablar yazmışdır. Bütün ömrünü elmə, inkişafa, təhsilə həsr etmiş və müxtəlif vəzifələrdə çalışmışdır.

 

Dəyərli ziyalımız eyni zamanda gözəl ailə başçısı olub. Vəkil müəllimin böyük ailəsi, çoxlu sayda nəvələri var və onlar Xəlilov soyadını qürurla daşıyırlar. Öz torpağına, xalqına bağlı olan dəyərli ziyalımızın xalq arasında nüfuz və örnək sahibi olması minlərlə gəncin düzgün istiqamətdə yetişdirilməsinə əvəzsiz töhfəsini vermişdir. O, artıq həyatda olmasa da adı həmişə yaddaşlarda yaşayır, hər zaman hörmət və sonsuz sevgi ilə anılır. Vəkil Xəlilov kimi insanlar ölümündən sonra belə örnək olaraq qalırlar.

 

Leyla YUSİFOVA