Bu mövzunu yazmağa məni vadar edən gündəlik həyatda qarşılaşdığım, eşitdiyim insan kütləsinin necə də duyğusuz, qayğısız, gündəlik həyatla məşğul olmalarını görməyim oldu. Yəni biz insanlar robotlaşmağa üz tutmuşuq, duyğular aradan istirahətə çəkilərək robotlaşma öz işini heç yorulmadan görməkdədir.
Doğrudur, həyat getdikcə daha da çətinləşir, hər kəs onu asanlaşdırmağın dərdinə düşərkən ehmal etdiyimiz gələcək qayğısı var. Bizlər bu gün gələcəyi düşünüb qayğısını çəkməsək, gələcək bizi heç vaxt bağışlamaz. Axı gələcəyin fundamental məhsulu bu gündən yerləşdirilir.
Sanki həyat gündəlik yaşantıdan ibarətdir. Gündəlik işləri gör bitir, sonra yenə təkrar et və budur, ömür bitir, geridə bir iz varmı? Gələcək nəsil üçün, gələcək övladlarımız üçün xeyir yoxdur, ola da bilməz.
Bugünlə məşğul olanlar gələcəyə iz buraxa bilməzlər. Gələcəyə iz buraxmaq üçün düşüncə və duyğulara istiqamət verməyi bacarmalıyıq.
Yaşamaq üçün istiqamət lazımdır. İstiqaməti bəlirləmək üçün isə insanoğlunun qərarlar verməsi şərtdir. Bu qərarlar da hissələrdən ibarətdir. Əl çəkilməz ilklər və daha sonrası üçün planlaşdırılmış hissələr.
İnsanın ilkləri ona kimlik qazandıran motivlərdən biridir. İlklər insanın sərhədlərini də təyin edər. Bu sərhədlər istiqamət almağımıza da böyük yardımçı olar. İnsanoğlu həyatda nələri önə çəkməli, nələrə dəyər verməlidir, bunu özü müstəqil seçməlidir.
Yəni həyat başıboş buraxılmış insanların aktyor kimi oynadığı səhnə olmamalıdır. Belə olarsa xüsran dolu aqibətdən qaçmaq mümkünsüz olar.
İlklərimiz vətən, millət, qeyrət, torpaq, haqq, ədalət olarsa, bir də bu duyğular indiki dövrdə dünyanın robotlaşdırmağa çalışdığı gənclikdə olarsa, o zaman necə də gözəl gələcək bizləri gözləyir deməkdir. Bir insan fərd olaraq özünü cəmiyyətin bir hissəsi, bəlkə də ən dəyərli hissəsi hiss etməlidir. Nəyə görəmi? Əgər belə olmazsa, o zaman arada qayğısızlıq düşüncəsi yaranar.
İlklər həyatın qaranlıq yollarında bizlərə işıq saçaraq doğruyu, yanlışı görməyimizə köməkçi olar və bununla yolumuz aydınlanar. Aydınlıq bir yolda insanın yıxılma ehtimalı daha azalar. Bunun üçün də öz həyat rəhbərimiz olan ilkləri seçməli və bu yolda davam etməyi bacarmalıyıq.
Həyat boyunca yazılan kitabların, əsərlərin əksəriyyəti insanoğluna haqqı-nahaqqı göstərmək və yanlışdan çəkindirmək üçün dərc olunmuşdur və bu kitablar insanoğluna xidmət etməkdədir. Bizlər zamanımızda həyatın acı küləklərinin daha şiddətli əsdiyi bu dövrlərdə daha az zərərlə dünyamızı aydınlığa çıxara bilmək üçün gec qalmamalıyıq.
İnsan duyğudan düzgün isdifadə edər və bu duyğunu düzgün yönləndirə bilərsə, o zaman hər şey daha asan və daha rahat olar.
Heç kimsə cəmiyyətdən özünü kənar etməməlidir, cəmiyyətin dərdi, sıxıntısı fərd olaraq hər birimizin sıxıntısı olmalıdır. Axı bizlər də bu cəmiyyətin parçasıyıq.
Gündəlik qayğılarla birgə cəmiyyətin gələcək narahatlığı, dünyamızın düzəninin pozulmaması, insani duyğuların yaşanması, haqqın, ədalətin qorunması kimi dərdlərimiz olmalıdır.
Keçmişlə bağlı gözəl sözlər sərf edərkən, bugünümüz və sabahımızla bağlı ümidsiz olmağa haqqımız yoxdur.
Hər kəs daşın altına əlini qoyarsa, yükün altına çiyin verərsə yük qoyulduğu yeri dağıda bilməz.
Həyat səhnəsi hər birimizindir, səhnə davam edərkən hər kəs hünərini sərgiləyir, sən də, mən də, biz də səhnələrimizi oynayırıq. Gəlin elə bir tamaşa nümayiş etdirək ki, izləyən bir də dönüb baxmaq istəsin.
Lamiyə HACIYEVA
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri