Unudulmaz Mirzə Ələkbər Sabirə min rəhmət! Nəinki satiraları, hətta sadəcə olaraq “Hophop” gizli imzası ilə yazmağı da çox incə, vaqifanə mətləblərdən xəbər verir. Müxtəsəri, Sabirlə sinədolusu nəfəs ala bilirsən!
Amma bu yerdə Sabir dili ilə deyil, Süsən-Sünbül dili ilə desək, “hop” eləyib qalxmaq var, hop götürmək var, maneəni-əngəli hoppadan atlanıb keçməklə, sıçrayıb aşmaqla ən şahanə sıçrayışlara imza atmaq olar!
Yeri gəlmişkən, bəzi xalqlarda, məsələn, əski almanlarda vaxtilə bir “kral hoppanışı” ifadəsi də olub. Sadəcə olaraq, qədim salnamələri oxumaq lazımdır.
Müxtəsəri, möhtəşəm kral sıçrayışları dövründən də, müzəffər Sabir dövründən də xeyli zaman keçib. İndi Süsən-Sünbüldə toy toğlusutək tullananları, Skandinav trolları kimi hoppanıb-düşənləri gördükcə, arxı hoppanmamış “hop” deyənləri dinlədikcə, bir oturuma bir toğlu yeyənlərə və il ərzində bircə tikə toğlu əti görməyənlərə şahid olduqca adamın dəli könlündə çəpəki yağışlar başlayır. Sanki payızın ən nisgilli, ən xiffətli vaxtlarıdır.
Amma Allahın altı həmişə böyükdür; daş dövründə də, dəmir dövründə də, elə indiki kağız və bilgisayar dövründə də! Yəni bu Böyük Altda Allahdan aşağı olan ulduzlara da, yalqızlara-yavuzlara da, gözəl-çirkin qızlara da, xınalı quzulara da... Sınıq körpüyə, ağzı yanıq kirpiyə, müxtəsəri, hamıya, hamıya yer var! Necə deyərlər, həyat həmişə gözəldir: istər adrenalin və endorfin bolluğu olsun, istərsə də antidepressant!
Lakin Mirzə Qələm heç dözmür. Dözmür, amma bircə dəfə “ya səbir!” də demir. Məsələn, Sabir səviyyəsini saymayanlara, Heminquey hündürlüyünü görməyənlərə, yüksək insanlıq dəyərlərinə, sarsılmaz düzlüyə biganələrə sarsılır. Da, də ədatını -da, -də yerlik hal şəkilçisi ilə qarışdıranlara qızır. Xaliqə gedən yoldan xəbərsiz ola-ola xalqın adından danışanlara əsəbiləşir.
Onu sakitləşdirmək üçün zarafata üz tuturam. Sabirdən ikicə sətir sitat da gətirirəm:
Çırmanırıq keçməyə – çay gəlməmiş.
Başlayırıq qızmağa – yay gəlməmiş...
Amma Mirzə Qələm dinləyirmi? Coşub-çağlayır ki, bəs deməzsənmi, bir halda ki, Süsən-Sünbüldə bu qədər hoppanıb-tullanan var, atılıb-düşən var, onda niyə idmanın hündürlüyə (elə uzununa da) tullanmaqdan ibarət yüngül atletika növündə bircə təmsilçimiz də yoxdur? Hələ bu bir yana, bu feysbuk filmanları, bu vurhəşir cəncəlləri, qalmaqal quldurları, Süsən-Sünbül “hündürlükölçənləri” hər hündürlüyü niyə öz alaşa-talaşa arşınları ilə ölçürlər?
Susuram. Əlimdən özgə nə gəlir?
Axı Mirzə Qələm də yaxşı bilir ki, bəzi adamlar elə bu qalmaqallı çıxışları ilə, bu cür hoppanmaq şəklində özlərini göstərə bilirlər, guya gündəm qazanırlar, guya ən üstün “problemçözən”dirlər. Əslində bunlar görkəm xəstələridir, uydurma ucalıq, saxta yüksəklik vərəminə tutulanlardır. Bunun idman növlərindəki hündürlük plankasına, ya da sənətdəki, məsələn, ədəbiyyatdakı plankaya: ədəbi ölçüyə, meyara nə dəxli var?
Ən doğrusu, bir vaxtlar Mirzə Qələmi dəmir əsəbli dağlara bənzədirdim: yoxsulu, ərbabı, şahı, gədanı bir-birindən aralı tutmayan dağlara. Qüdrətdən səngərli, qalalı dağlara!
Amma indi... İndi Mirzə Qələmə mütləq yaxşı psixoloq köməyi lazımdır.
...Hər şey onun London səfərindən sonra başladı. Hey oralardakı Hayd-parkdan (ing. Hyde Park) danışırdı, bu dünyalarca məşhur parkdakı “Natiqlər guşəsi”ni hər dəfə sözünün başına gətirirdi. Sən demə, Hayd-parkda istənilən fikri, istənilən ideyanı səsləndirmək olurmuş.
O, Süsən-Sünbüldə də bu misilli kiçicik bir park, amma Hayd-parkın oxşarı olan bir guşə yaratmaq istəyirdi.
Murazı gözündə qaldı. Çünki Sovetlər buna icazəmi verərdi?
Sonra aylar ötdü, illər dolandı, dövran dəyişdi və Süsən-Sünbül də çamur atmağı kopyaladı, bəzi rüsvayçılıqları dəstəklədi, söyüşə, yamanlığa keçdi. Hamısını da söz və fikir azadlığı adıyla...
Yəni o plankalar, o ölçülər-meyarlar ki, Mirzə Qələm yaşayırdı, Nəcib Fazil Qısakürək demiş, bir ot yığını oldu kökündən kəsilənlər.
Planka demiş, Mirzə Qələmi ən çox odlandırıb yandıran budur ki, bəzi süsən-sünbüllülər, sənət plankasından-göstəricisindən fərqli olaraq, müxtəlif məqsədlər üçün yonulub hazırlanmış tamasanı – nazik hamar ensiz lövhə-taxtanı tanıyırlar. Yəni reykanı!
...İraq sizdən! Dünən Mirzə Qələmi Tiflis xəstəxanalarından birinə yerləşdirdilər. Yox, yox, narahat olmayın. Sadəcə, təzyiqi düşmürdü. Görünür, yüksək təzyiq də gedib elə yüksək planka, həqiqi göstərici istəklisini tapırmış.
Həkim Mirzə Qələmə məsləhət verib ki, bu taclı virus zəmanəsində burulğanlarda yerimək yerinə, sevgi hekayələri yazsa yaxşıdır, məhəbbət şeirləri oxusa yaxşıdır.
Məsələn, Nizar Qəbbaninin bu sevgi şeiri misilli şeirlər:
O zaman ki, balıqlara gözlərinin ünvanını verdim
bütün köhnə ünvanları unutdular.
O zaman ki, şərq dünyasının tacirlərinə
bədəninin xəzinələrini dedim,
Hində sarı gedən karvanlar
qayıtdılar ki, səndən bəyaz fildişlərini alsınlar.
O zaman ki, küləyə dedim
qara saçlarını darasın,
üzr dilədi ki, ömür qısadır,
amma sənin saçların uzun...
P.S.
Dərdinizi unudun, sözünüzü unutmayın. Şeirin-sözün tərcüməsi gənc şair, qələm dostum Ümid Nəccariyə məxsusdur.
Mirzə Qələm də xəstəxanadan çıxıb. Yaxşıdır. Ziyarətinə getmişdim. Hələ ki, kefinə təzə Süsən-Sünbül soğanı doğranmayıb. Özü də stadion tikdirmək fikrinə düşüb. Yəqin ki, hündürlüyə hoppanmaq məşqləri üçün...
İBRAHİMXƏLİL