Ailə qurmağın əsas məqsədlərindən biri də övlad sahibi olmaqdır. Çünki Hz. Peyğəmbərin ifadəsiylə desək, uşaq qəlblərin meyvəsi və gözün nurudur. Onları halal qazancla bəsləmək, oxutmaq, tərbiyəli və əxlaqlı yetişdirmək, zamanı gəlincə uyğun biriylə evləndirmək, təhlükələrdən qorumaq, yaxşı bir insan olmaları üçün onlarla maraqlanmaq ana-ataların əsas vəzifələrindəndir. Bu vəzifələrin ilki isə uşağa gözəl bir ad verməkdir. Uşağa veriləcək adın onun həyat yolunda böyük bir əhəmiyyətə sahib olduğunu xatırlayaraq inancımıza, mədəniyyətimizə, adət-ənənələrimizə, tarixi şəxsiyyətlərimizə uyğun və gözəl mənası olan adlar verməyə diqqət yetirməliyik.

 

Hz. Peyğəmbər bir hədisində buyurub: “Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gəlincə evləndirmək övladın atası üzərindəki haqlarındandır” (Əbu Nuaym). Başqa bir hədisdə isə buyurub: “Siz qiyamət günündə öz adlarınız və atalarınızın adlarıyla çağırılacaqsınız. Elə isə (uşaqlarınıza) gözəl adlar qoyun” (Əbu Davud, Ədəb, 68).

 

Ad qoyularkən diqqət yetiriləcək xüsus bu adın mənasının gözəl, başqaları tərəfindən yadırğanılmayacaq və alçaldılma səbəbi olmayacaq bir ad olmasıdır. Qoyulacaq adların ərəbcə olmasına və ya Quranda keçən adlardan olmasına ehtiyac yoxdur. Övladlarımıza müsəlman olduqlarını xatırladacaq, dini və milli dəyərlərimizə uyğun, anlamlı adlar verilməlidir. Psixoloqlara görə, uşağa verilən adlar eyni zamanda uşaq üçün bir xitabdır. Adların mənalarının uşağın şəxsiyyətinin inkişafında əhəmiyyətli bir yeri vardır.

 

Yenə də psixoloqların fikirlərindən sitat gətirəsi olsaq bunları yaza bilərik: “Adla əlaqədar duyğusal təsirlər uşaqlar üzərində etiketləndirmə təsiri göstərir. Psixologiyadakı təbirlə stiqmatizasiya, yəni damğalamaq düşüncəsini meydana gətirir. Bunun üzərinə uşaq ucaldılan bir ada sahibdirsə ona uyğun rollar və mövqelər alıb bu şəkildə reaksiyalar verir. Hadisələr arasında ona uyğun məna bağları qurur. Bunun nəticəsində də sahib olduğu adı özünə uyğunlaşdırma halına gətirir. Bu səbəblə uşağa ad vermək əslində ona “belə ol” deməkdir. Uşağa vurmaq, döymək, qırmaq kimi aqressiya ehtiva edən adlar vermək risklidir. Məsələn, oğlan uşağıdırsa – hirsli olmağa təşviq edir; qız uşağıdırsa – onun kişi kimi davranmasına səbəb olur. Bu xüsusiyyətlər səbəbiylə uşağın cinsiyyəti nəzərə alınaraq ad verilməlidir”. Çünki adlar insanlar üzərində təsir və təlqin gücünə malikdir. Ehtimalla bu təsirə görə Hz. Peyğəmbər (s.ə.s.) adlar üzərində israrla durmuş, yalnız cahiliyyə dövründən qalan pis mənalı adları deyil, heyvan, əşya və məkanlarla əlaqədar bəzi pis məna verən adları da dəyişdirmişdir (Əbu Davud, Ədəb, 68-69).

 

Bu gün cəmiyyətimizdə meydana gələn əsas hadisələrdən biri insanların baxdıqları teleseriallardakı fiqurların adlarını övladlarına vermələridir. Bu xüsusda valideynlər bu rola olan simpatiyaları səbəbi ilə bu adları verirlər, ancaq bu adların hansı mənanı verdiyinə, bölgədəki tələffüzünün qarşılığının nə olduğuna diqqət etmirlər. Bu səbəblə də yuxarıda da qeyd etdiyimiz kimi, türk, rus və ya hər hansı bir xalqa məxsus olan filmlərdə səsləndirilən və izləyicinin xoşuna gələn xarakterin adının uşağa verilməsi onun cəmiyyətdə alçaldılmasına, lağlağı halına gəlməsinə də səbəb olur.

 

Əziz valideynlər, özümüzün o qədər gözəl milli, dini və tarixi adlarımız varkən başqa mədəniyyətə, başqa mənalara gələn adların övladlarımıza verilməsinə nə ehtiyac var axı?

 

Müəllif: Hacı Bəkiroğlu