SOSİUM
7. AVROPADA AZADLIĞIN DOZASI
Mən bu düşüncələrimi, qənaətlərimi Niderlandda yaşadığım aylar ərzində gördüklərimə, eşitdiklərimə, kənardan müşahidələrim əsasında yazıram. Buna diqqət etmənizi rica edirəm. Bu mövzu mənim şəxsi düşüncələrimə əsaslanır və hər kəsin də bu mövzuya aid fərqli münasibəti olacağını anlayıram. Mövzu müzakirələrə açıqdır, kim istəyir qoşulub fikrini söyləyə bilər.
Azadlıq, demokratiya, insan haqları, gender bərabərliyi və daha nələr son dönəmlərdə bizim insanlarımızın dilindən düşmür. Günü-gündən də bu istilahların işlənmə sahəsi genişlənir, təkrarlanma dövrülüyü isə sürətlənir. Bunun nəzərəçarpanlığı danılmazdır. Və bu istilahlara Renesans dönəmindən başlayaraq, Avropa maarifçiləri, yeni dövr filosofları tərəfindən işləklik qazandırılması da bəllidir. Avropanın böyük mütəfəkkirləri bu ideyaların insanların beynində oturuşması üçün yüzillərini xərcləməli olmuşlar, bu yüzilliklər ərzində dəfələrlə ölüb-dirilmişlər. O da bəllidir ki, bu istilahların cəmiyyət həyatına daxil olması, yaşarılıq qazanması xristian kilsəsinin müqavimətinin sındırılması, ona yerinin tanıdılması bahasına başa gəlmişdir. Bütün bunların qazanılması üçün Avropa insanının böyük müharibələrdən, inkivizisiya tonqallarından, cəmiyyəti sarsıdan inqilablardan keçməsi lazım gəlmişdir. Biz bugünkü Avropaya milyonlarla insanın qurban verilməsinin sonucu, məhsulu kimi baxmalıyıq və bu məqamı unutmamalıyıq.
Avropa bugününü qazanmaq üçün savaş meydanlarında axıtdığı qanlarla, inkivizisiya tonqallarından yüksələn nalələrlə yanaşı, parlamentarizm müstəvisində apardığı müzakirələrlə, fikir toqquşmaları, ideya fərqlilikləri ilə, bunların nəticəsində varılan razılaşmalar, ortaq məxrəcə gəlmələr yolu ilə nail olmuşdur. Bəzən razılaşmaların, ortaq məxrəcin tapılmasının yumruqlaşma ilə əldə olunduğunu da vurğulamadan keçməyək.
Avropada insanlar azaddır. Azad olduqları qədər də öz hüquqlarını bilən və öz haqlarını heç kimə yedirmək istəməyəcək qədər də mübarizdirlər. Avropa insanı şəxsi azadlığının bir yerə qədər olduğunu, onun sonsuzluğa qədər davam etmədiyini də anlayan və buna əməl edəndir. Fərdi məsuliyyətini dərk etmək bacarığına malikdir. Orasını deyim ki, fərdlərin məsuliyyəti cəmiyyətin məsuliyyətini də şərtləndirir. Fərd cəmiyyət qarşısında nəyi edib-etməyəcəyinin məsuliyyətini anladığı kimi, cəmiyyət də fərdlərə qarşı tutduğu mövqeyin necəliyinə görə məsuliyyətini dərk edir. Və məsuliyyətini dərk edən cəmiyyətin formalaşdırdığı, yaratdığı dövlət də məsuliyyət hissinin güclü olması ilə fərqlənir. Hər şey qarşılıqlı şəkildə baş verir. Proses həm aşağıdan yuxarıya doğru, həm də əksinə, yuxarıdan aşağıya doğru gedir.
Avropada azadlıq bir istəkdir, daxili təlabatdır, insanın özünü ifadə etmək yöntəmidir. Üstəgəl, burada azadlıq o qədər dərkedilən, o qədər mücərrədlikdən uzaqdır ki, onu istənilən məqamda hiss etmək mümkündür. Az qala bu hissin maddiliyini, gözlə görülənliyini iddia etməyi düşünürsən. Avropa insanı öz azadlığını istənilən məkanda – evdə, küçədə, ictimai nəqliyyatda ifadə edə bilir. Sadəcə bu məkanlarda azadlığın ifadə tərzi dəyişir. Məsələn, Niderlandda evlərin əksəriyyətində pərdədən sadəcə bir dekor kimi istifadə olunur. Pərdələr adətən qapadılmır, evin içərisi küçədən keçənlərin gözü qarşısında bütün çılpaqlığı ilə görünür. Ev avadanlıqları da, insanlar da göz önündədir. Ev sahibi evinin içində tam azaddır. Onun necə davranması kimsəni maraqlandırmır. Kimsənin onun evinə baxması normal hal hesab olunmur. Nədən ki, ev onun şəxsi mülkiyyətidir. Bu mülkiyyət toxunulmaz olduğu üçün ev sahibinin davranışı da heç bir məhdudiyyət tanımır. Yəni içərisi kənardan görünsə belə ev avropalı insanın azadlığını məhdudiyyətsiz ifadə edə biləcəyi bir məkandır. Ancaq evindən addımını kənara atan adamın evində etdiklərini bayırda da təkrarlaya biləcəyi ehtimalı yoxdur. Nədən ki, o artıq fərdilikdən çıxır, toplumun bir üzvünə çevrilir və cəmiyyətin fəaliyyət sahəsinə daxil olur. Cəmiyyətinsə fərdin evindəki şəxsi, hətta intim azadlığını qəbul etmək kimi bir dərdi yoxdur.
Bu söylədiklərimin davamı kimi və ya daha aydın anlaşılması üçün Niderlandda müşahidə etdiyim bir neçə örnəyi sizinlə bölüşmək istəyirəm.
Avropada azadlıq müəyyən çərçivə daxilindədir. Bu çərçivə o qədər gerçəkdir ki, bunu istənilən müşahidəçi kənardan görə bilir. Avropalı azadlığını ifadə etməkdə, hüquqlarından istifadədə sərbəstdir. Onun öz hüquq və azadlıqlarından yararlanmasına kiminsə mane olmayacağına əmindir. İnsanlar çərçivədən çıxmamaqla, yəni onların azadlıqlarının ifadəsi üçün cızılmış gözəgörünməz sərhədin daxilində müstəqil hərəkət etməyin ləzzətini yaşaya bilirlər.
İnsanın özünü ifadə etməsi üçün hər şeyin nəzərə alındığını, hesab-kitab edildiyini hər addımda hiss etmək mümkündür. Gəzməkmi istəyirsən? Buyur, xüsusi yerə. Oynamaqmı istəyirsən? Buyur, xüsusi oyun yerinə? Velosipedləmi getmək istəyirsən? Buyur, xüsusi yola. İtinləsənmi? Buyur, yerini seç. Narkotikmi dadmaq fikrindəsən? Problem deyil, get xüsusi yerə. Azad seksləmi məşğul olmaq niyyətindəsən? Kimdir sənə mane olan, buyur fahişəxanaya. Yəni sənin seçiminə heç kim qarşı çıxmayacaq. Sənin maraqlarının təmin edilməsi, gerçəkləşdirilməsi üçün xüsusi yerlər mövcuddur. Sən öz şəxsi maraqlarını məhz həmin xüsusi yerlərdə təmin edə bilərsən. Sən azadlıqlarını təmin edən çərçivələr daxilində hərəkət azadlığına maliksən. Amma çərçivədən çıxmayacağını, ayağını cızdan kənara atmayacağını da unutmamalısan.
Gündəlik həyatında bütün bunları nəzərə almalı, özünün gözəgörünməz sərhədini, özünə aid olan yerini tanımalısan. Buna əməl etmək isə hər bir insandan böyük iradə tələb edir. Avropalı öz azadlığının ifadəsi üçün böyük zəhmətə qatlaşır. Azadlıq havayı qazanılmayıb, ona sahib olan onu qorumaq üçün mübarizə aparmağı da, zəhmət çəkib yaşatmağı da bacarmalıdır. Bunları müşahidə etdikcə, azadlığın bəzi məqamlarda, istər şəxsi, istər ictimai anlamda, insanın çiyinlərində ağır yükə çevrildiyini düşünürsən. Azadlığın insanın üzərinə əlavə məsuliyyət yüklədiyini güman edirsən. Bir də biz elə düşünməməliyik ki, azadlığını yaşayan avropalı oturub-durub bal əmir. O, sadəcə çəkdiyi zəhmətin nəticəsi olan azadlığın barını dərir.
Sənin azadlığın üçün nəzərdə tutulmuş məkandan kənara çıxmaqla sən kiminsə azadlğını məhdudlaşdıra bilərsən, başqasının azadlıqlarını ifadə etməsinə mane ola bilərsən. Bunu unutmamalısan. Nədən ki, bunu unutmaqla sən qanunu pozduğunu anlamalısan. Başqalarının azadlıqlarına mane olduğun bəlli olduqda isə, hüquqi sistem dövrəyə girib, səni cəzalandırmaqla da olsa, öz çərçivənə çəkilməyə məcbur edəcək. Bunu qafana soxmalısan. Avropa insanı bu məqamda onun etirazının heç nəyə yaramayacağını da çox gözəl bilir. Özünə kəsilən cəzanın ağır və yüngül olmasına baxmayaraq, o, bununla barışır. O üzdən ki, avropalı ayağını öz cızından çıxardığını, başqalarının azadlıqlarını ifadə etməsinə təhlükə yaratdığını dərk edir və özünə kəsilən cəzanın qanuni olduğunu ürəyində də olsa, etiraf etməli olur. O, kəsilən cəzanın özünə qarşı haqsızlıq olduğunu zənn etdikdə isə, bunun da qanun yolu ilə çürüdülməsinə nail olur. Məhkəməyə baş vurur. Məhkəmənin necə qərar çıxaracağından asılı olmayaraq, həqiqətin bərpa olunmasına inanır.
Avropada insanın azadlığı sonsuz deyil, bir yerə qədərdir, müəyyən bir nöqtədə sərhədlə üzləşir. Bu sərhədin pozulmasının qarışıqlıq, xaos yaradacağı da bəlli. Nədən ki, sərhəd pozucusu həmişə qanunları pozandır. Deyək ki, işlək bir yol qovşağında işıqforlara heç kim – nə piyada, nə sürücü, nə də velosipedçi – əhəmiyyət vermir, hərə öz bildiyi kimi hərəkət edir. Bundan sonra nə baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Sərhədləri pozulmuş azadlığın gətirəcəyi qarışıqlıq da bu cürdür. Azadlıq “babam mənə kor deyib, gələni-gedəni vur deyib” prinsipinin olmadığı, unudulduğu, bəlkə də unutdurulduğu yerlərdə keçərlidir.
Avropada sənin azadlığını ifadə etmək üçün qanun yanındadır, sənin azadlığını ifadə etmən üçün yardımçındır. O, cızından çıxana qədər səni qorumaqla məşğuldur, buna məsuldur. Sən sərhədini keçdinsə, bundan sonrasını Allah saxlasın. Qanun sənin qarşına keçib, səni dayandırmağa məcburdur. Səni cəzalandırmaq hesabına da olsa, bunu etməlidir. Bu, qanunun yerinə yetirməli olduğu vəzifədir. İncimə. Qanunun səninlə oynamağa vaxtı yoxdur. Pozmusan, buyur, cavab ver, cəzanı çək. Və “öz cəzandır çək, Balaş” deməyi də unutma.
Nə qədər ki, sən sənə verilmiş azadlıq çərçivəsinin daxilindəsən, bu çərçivədən kənara çıxmağı düşünmürsən kimsənin sənə dəyib dolaşacağı, səni narahat edəcəyi yox. Amma sən ayağını cızdan çıxardınmı, qanun keşikçiləri qarşında hazır olacaq. Bunu unutma. Avropada hüquq və azadlıqlar ağır cərimə və cəzalar hesabına tənzimlənir. Yek kəlmə belədir. Düşünməyək ki, Avropada hüquq və azadlıqlar insanlara xonçada təqdim edilir.
Avropada vətəndaşlara verilən azadlıq səviyyəsi, azadlıq dozası onların həzm edib, sinirə biləcəkləri qədərdir. ilk baxışda amorf bir cəmiyyət kimi görünsə də, yeni gələnlərdə “it yiyəsini tanımır” təəssüratı yaratsa da, Avropada hər şeyin nizamlı olduğunu, insanların öz azadlıqlarını ifadə etmələri üçün “iynədən sapa” qədər hər xırdalıqların nəzərə alındığını anlamaq üçün özünü dağa-daşa vurmağın gərək deyil, sadəcə diqqətini cəmləyib bu cəmiyyəti müşahidə etmən yetərlidir.
Afiq MUXTAROĞLU
Niderland