İnsana bu dünyadakı varlıqların ən şərəflisidir deyilir. Bunun üçündür ki, insanı digər varlıqlardan fərqləndirən, istəyini, amalını, məramını ifadə etmək üçün ona köməkçi olan ən özəl xüsusiyyətlərindən biri də danışmaqdır. Atalarımızdan da belə bir misal var ki, insanlar danışa-danışa anlaşarlar. Ancaq bu danışmağın da bir həddi, bir ədəbi var. Bu gün küçəyə çıxırsan hər kəs danışır. İnsanı heyrətə gətirən tərəfi isə odur ki, böyüklər uşaq sözünü, uşaqlar isə böyüklərin danışacağı sözləri danışır. Demək olar ki, bu danışıqlarda isə faydalı heç bir şey yoxdur.

 

Bəli, dilin sümüyü yoxdur. Onun üçün olmalıdır ki, bir çox din böyükləri həmişə əlinə, dilinə və belinə sahib çıx buyurmuşlar. Çünki insanın başına nə gəlsə həmişə dilinin ucbatından gəlir.

 

Susmaq isə çox vaxt sahibini səhv başa düşülmələrdən və ya istəmədiyi şeyləri eşitməkdən qurtarar və dilin bəlasından əmin olar. Böyüklərimizin bu sözü hər birimiz üçün ölçü olmalıdır:

“Söyləyərsənsə doğru söylə, sözündən ibrət alsınlar,

Söyləməzsənsə sükut et, səni adam sansınlargirir”.

 

Nə yazıq ki, bu gün bir çox insan hakim olmadığı mövzularda özünü bilgili sayaraq hər söhbətin arasına girir, bildiyi, bilmədiyi nə varsa danışır. Bu isə, nəticədə o şəxsin özünü dəyərdən salır.

 

Danışmaqla sükut arasında qorunması lazım olan bir tarazlıq vardır. Nə qədər danışmalıyıq və hansı nöqtədən sonra sükut etməliyik. Nəyi necə və nə şəkildə danışmağımız lazım olduğu da işin fərqli bir yönüdür. Harada nə gəldi danışmaq, ya da danışarkən həssas davranmamaq müsəlmana yaraşan hal deyil. Söz ağızdan bir dəfə çıxır. Səhv etmirəmsə həzrət Əli buyurur ki, “Söz ağızdan çıxmadan əvvəl o sənin əsirin, ağızdan çıxdıqdan sonra isə sən onun əsirisən”. Bununla da anlaşılır ki, insan harada və nə danışdığına diqqət etməlidir. Burada bu deyim də yerinə düşər: “Danışmaq gümüşdürsə, susmaq qızıldır”.

 

Mənim zənnimcə, danışıq tərzi, yəni ədəbli danışmaq və ya ağzına gələni danışmaq ilk öncə ailədəki tərbiyədən qaynaqlanır. Çünki insanın davamlı olaraq evdə eşitdiyi danışıq tərzləri onun həyatında böyük rol oynayır. Əgər evdəki böyüklər bir-biri ilə xoş danışsa, başqaları haqqında gözəl sözlər sərf etsə, uşaq da onu qavrayacaq və o şəkildə həyatına yansıdacaq. Yox, əgər uşaqlıqdan ona söy, buna belə de kimi ədəbsiz və əxlaqsız sözlər öyrədərlərsə sonradan nə etsələr də onu tərgidə bilməyəcəklər.  

 

Nəticə etibarı ilə danışıqlarımıza və susqunluğumuza sahib olarıqsa qazancda olan bizlər olarıq. Ən əsası isə övladımızı tərbiyə edərkən onlara elə gözəl və düzgün danışıq öyrətməliyik ki, onunla dialoqda olanlar bizə söymək əvəzinə əhsən desinlər.

 

Dahi Nizami Gəncəvi necə də gözəl ifadə edib bu halı:

 

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.

 

Hacı BƏKİROĞLU