Bəzən sözün düzünü deyəndə, qarşımızdakı insan qəbul etmək istəmir. Düşünür ki, bu tənqid ona yönəlib, halbuki məqsədimiz yalnız həqiqəti deməkdir. Bəziləri isə tənqidə qapalıdır, sanki heç bir səhv etmirmiş kimi davranırlar. Yox, qardaş, tənqid sizlik deyil, çünki özünüzlə üzləşməyə hazır deyilsiniz. Gerçəkləri qəbul edə bilmək – bu, həm cəsarət, həm də böyüklük tələb edir. Yaxşı ki, Cəlil kişi bu dövrdə yaşamırdı, yoxsa onu sözlə deyil, daşla susdurardınız. Çünki bizdə sözə sözlə cavab vermək qabiliyyəti yoxdur. Bəzilərimiz reytinqimiz düşməsin deyə tənqidi rəyləri də silirik. Deyirsən ki, “Cürcüstan” yox, “Gürcüstan” olmalıdır, başlayır müdafiəyə: “Heç nə olmaz, yavaş-yavaş düzələr”.
Ay qardaşlar, ay bacılar, ay xalalar, ay əmilər, ay dayılar, ay jurnalistlər, on il keçib, “C” ilə “G” fərqini seçə bilməyənlər nə zaman düzələcək? Axı sən... sən bu ölkənin informasiya yayanısan. Səndə səhv olanda, camaat düz olanı hardan öyrənsin? Hələ bu bir yana, bizdə xəbər portallarının “mədəniyyət” bölməsi sanki mollalara həsr olunub. Hansısa mollanın təbriki, ehsan proqramı, ziyarəti mədəniyyət adıyla təqdim olunur. Halbuki bunun nə ədəbiyyatla, nə incəsənətlə heç bir əlaqəsi yoxdur.
Bir video çəkib hansısa məmuru bayağı tərzdə tənqid edirsənsə, bax onda bütün portallar “aya, qoyma” deyə dərhal paylaşırlar. Amma əgər ortaya gerçək sənət qoyursansa, heç kimin vecinə olmur. Niyə? – Çünki burada sənətə maraq yoxdur. Çünki bizdə sənət anlayışı dəyər olaraq formalaşmayıb. Sənət demiş, bunu da yazmadan keçməyəcəm.
Azərbaycanlıların kompakt yaşadığı şəhərlərdən biri olan Marneulidə qastrol səfərində idik. Şəhərin Mədəniyyət Evində tamaşa göstərdik. Amma təəssüf ki, şəhər sakinlərindən bir nəfər belə gəlməmişdi. Sadəcə kəndlərdən müəllimlərin təşkili ilə gətirilmiş bir neçə şagird və müəllimlər iştirak edirdi. Fürsətdən istifadə edib bir daha təşəkkür edirəm, sənətə dəyər verən dəyərli müəllimlərimizə.
Sonra da soruşanda ki, sən niyə gəlməmişdin? Biri deyir mədəniyyət evini boykot edirəm, o biri deyir bina dövlətindir deyə girmirəm, bəzilərinin məndən xoşu gəlmir, biri deyir teatr-zad nədir, o biri də direktorla münasibətim yoxdur deyir. Axı bu nə absurd yanaşmadır? Tamaşaya gəlmək üçün aktyoru sevməyə, direktorla dost olmağa ehtiyac yoxdur. Bu sənətdir, mədəniyyətdir, şəxsi kaprizlərlə ölçüləcək bir şey deyil!
Bəzən yüngülvari tənqid edəndə bunlara düşmən olursan. Məni sevməmələrinin də səbəbi budur. Bir sözlə, nə paylaşsalar, nə yazsalar mütləq müsbət rəy bildirməlisən, yoxsa dərhal düşmən elan olunursan.
Məndə də belə olur, bir mövzunu buraxıb dərhal başqa birinə keçirəm. Söhbət tənqiddən gedirdi. Deməli, hər hansı bir problemi gündəmə gətirirsən, tənqid edirsən, dərhal başlayırlar səni hədəfə almağa. Bəzi feyk profillər və ya siyasi fanatlar səni susdurmağa çalışırlar. Əzizlərim, bu qədər də fanatlıq olmaz axı. Ümumiyyətlə, insan niyə hansısa sistemin fanatı olmalıdır ki? Axı bu qurumlar da, bu vəzifələr də müvəqqətidir. Özünüzü bu qədər əziyyətə salmağa, gözdən salmağa dəyməz. Üstəlik, yazılan tənqidlərin mahiyyətini də anlamırlar. Məsələn, deyirsən ki, sabah göydən asteroid düşəcək. Başlayırlar ki, “niyə belə yazırsan, bizdə hər şey əladır, dövlətin bununla nə əlaqəsi var?”
Qafiyə tutub bir meyxana deyirsən: “İşıq keçib, günah mantiyordadır...” Dərhal fanatlar iş başındadır: “İndi də bir saat işığınız olmasın”. Başlayırlar sənə 1990-cı illərdən danışmağa. Adamlar o qədər fanatdır ki, sənin hər yazında nəsə axtarmağa çalışırlar. Axı niyə hər sözdən özünüzə pay çıxarırsınız? Dövlətin işə yaramayan məmurunu sevməmək, dövləti sevməmək demək deyil, Tofiq əmi. Gerçəklər sizi incitməsin, bizdə belədir.
Binəli İSLAMOĞLU