İnsan topluluğunun millət adlanması üçün tək genetik faktor kifayət deyil. Millət məfhumu bir necə kökə əsaslanır. Bu köklərdən biri də mədəniyyətdir. Hətta deyə bilərəm ki, mədəniyyət millətin formalaşmasında dildən sonra ikinci ən mühüm faktordur. Binanın görünən hissəsi, bər-bəzəyi torpağın üstündə olsa da, görünən hissəni ayaqda tutan torpağın altındakı himdir. Millət də belədir. Millətin dərin kökləri var. Müasirlik adı ilə özümüzə nə qədər “bər-bəzək” vursaq da, biz mədəniyyətimiz hesabına ayaqda dururuq. Dövrümüzün ən böyük problemlərindən biri də məhz gənclərimizin “müasirlik” adı altında əsrlərə dayanan köklü mədəniyyətimizə düşmən kəsilməsidir. Bu minvalla biz hara gedirik?

 

Müasir dövrün tərəqqisini mənimsəməliyik. Müasirlik millətin mədəni tələblərinə biganə yanaşmaq demək deyil. Bəzən çox xırda məsələlər mədəniyyətimizlə birbaşa əlaqədə olur. Başqa millətlərin geyim tərzini, yaşam tərzini, yemək tərzini mənimsəyərək öz əlimizlə öz evimizi yıxırıq. Geyimimizlə biz milliyyətimizi əks etdirməliyik. Azadlıq adı altında açılıb saçıldıqca nə əldə etdik? Çılpaqlıq bizə nə qazandırdı? Boşanmalar, ədəbsizliklər, fahişəliklər artmadımı? Ailə srtukturumuz yıxılmadımı? Bizim ilk hədəfimiz ailə düzənimiz olmalıdır. Türk ailələri bir vaxtlar dünyaya örnək idi. Türk ailəsində hörmət var idi, ədəb var idi, sədaqət var idi, sevgi var idi. Bu gün Borçalıdan fəal gənclərimiz çıxıb gürcü televiziyalarında “Azərbaycanlılar qızlarını tez evləndirir” deyirlər. Kimi kimə şikayət edirik?

 

Əlbəttə, erkən evlilik də böyük problemlərimizdən biridir, amma bunlar çıxıb gürcü televiziyalarında danışılası mövzular deyil. Bunu maariflənmə, məşvərət, təbliğ yolları ilə özümüz həll etməliyik. Əvvəlcə cəmiyyətimizin pozulan ədəbini bərpa etməliyik. Erkən evlilikdən danışdığımız qədər, əxlaqsızlıq yuvalarına cəlb olunan, valideyninə asi olan gənclərimizdən də danışmalıyıq. Bizim mədəniyyətimiz heç vaxt qadının hüququnu əlindən almayıb. Bizim Tomrislərimiz, Sara xatunlarımız var idi. Siyasi fəaliyyəti olan xatunlarımız belə açılıb saçılmırdı, həya edirdi, hörmət etməyi bacarırdı. Kişilər də həmçinin nəfsani duyğularını cilovlayırdı. Kişisi qeyrətli olan cəmiyyətin qadını ədəbsiz olmaz. Gənclər bir araya gələndə görürsən ki, ancaq “sevgililikdən”, nəfsinin tətminindən danışırlar.

 

Nə vaxt ki, azadlıq adı altında ədəbsizliyi cəmiyyətimizdə yaydılar ailə strukturumuza misilsiz zərbə endirdilər, gənclərimizə hörmətin nə olduğunu unutdurdular. Bu gün övlad valideynə hörmət etmir. Deyir “atam mənə qarışa bilməz”. Bu faciə deyilmi, əziz eloğlular? Məktəbdə uşaq müəllimi təhdid edir. Dövrümüzün tərəqqi yolunda ən böyük ehtiyac elmdir. Əgər uşaq müəllimi təhdid edirsə elm hansı yolla əldə olunacaq? Deməli, elmdən öncə uşağımızda ədəb olmalıdır. Ədəbi olmayan insana elm fayda verə bilərmi? Zədələnən, xəstələnən türk gəncliyini bu gün ancaq böyük mədəniyyətimizin dərmanları ilə müalicə edə bilərik.

 

Uşaq valideynə tabe olmalıdır. Özbaşına buraxaraq, telefonlara həbs edərək gələcəyimizi öz əlimizlə uçuruma atırıq. Görəsən bu gün övladının təhsili ilə nə qədər maraqlanır valideynlər? 24 saatın 15 saatını telefonla oynayan uşaqlarımız var. Hara gedir yeni nəsil? Bunun isə yeganə səbəbi valideynin övladı üzərində təsiri olmamasıdır. Ya öz rahatlığı üçün telefonu verib uşağı susdurur, ya bununla uşağını sevindirdiyini düşünür, ya da uşağa söz keçirə bilmir. Günün yarısından çoxunu telefona həsr edən gənci dindirəndə isə başlayır Avropanı mədh etməyə, öz millətinin mədəniyyətini isə alçaltmağa.

 

Assimilyasiyanın 3 növü var: 1. Zorla; 2. Könüllü; 3. Tədricən. Biz könüllü olaraq assimilyasiyaya doğru addımlayırıq. Türk gəncliyi oyanmalı, milli iradəsini qorumalı, mədəniyyətini yaşatmalı, köklü ailə strukturumuzu qaytarmalıdır. Ailəmiz düzəlmədikcə cəmiyyətimiz düzəlməyəcək.

 

 

Cəlal YADİGARLI