İnanclı olan bir rəfiqəm deyərdi ki, mən insanlara məəttəl qalıram, dillərində Allah deyirlər, amma Allahın verdiyi ömrün iyirmi dörd saatından on beş dəqiqəsini namaza qıymırlar. Bəli, insan övladı yalnız itirəndə yetənəyi anlayır... inam daxili dünyamız... Bəs hamımızın gördüyü, anladığı ictimai həyatda naşükrlüymüzü hara sığışdıraq?
İnsanlar fərqliymiş, sən demə: bəziləri yemək üçün yaşayır, bəziləri yaşamaq üçün yeyir. Mən özümü yaşamaq üçün yeyənlərdən sayıram!
Açmasımı?
Valideynlərimə o qədər minnətdaram ki, məni həqiqi mənada hərtərəfli böyütdülər! Anamın diktəsi, atamın maddi dəstəyilə biz uşaqlıqdan dünya görüşlü, ictimaiyyətçi böyüdük. Filmlərdən, teatrdan, uşaq tədbirlərindən başlamış Kazbeqin zirvəsindəki “Okean” restoranından, Don çayının sahilindən Dərbənd qalasına qədər. Bəlkə o pullara daha çox sərvət yığardı valideynlərim, amma mənim qazancım daha böyük xəzinə oldu!
Bugünkü özünütəqdimatımdan ailə idarəçiliyinə qədər həmin dünyagörüşü öz rolunu oynayır. Mən gördüklərimi, yaşadıqlarımı öz uşaqlarıma yaşatmaq istəyirəm ki, sabah onlar da bizi belə xatırlasınlar.
Dərs başlayanda şagirdlərdən “yay tətilində necə istirahət etdiniz” deyə soruşanda çox az qismində sıradan tərpəniş olur; o da park, bulvar, haradasa qonaqlıq...
Bilirəm, deyəcəksiz hər şey maddiyyata bağlıdır. Yox, vallah, yox!
Şagirdlərin əksəriyyəti məndən daha bahalı geyinirlər. Valideynləri də maddi cəhətdən mənim öz ailəmdən daha fərqli. Məgər mən uşaqlarım üçün etmək istədiklərimi imkan bolluğundanmı edirəm? Əsla!
Bəzən ayaqqabı istəsəm, həmin pula uşaqları muzeyə aparıram. Əlbəttə, tək bilet, yol puluyla qurtarmır axı. Uşaq öz uşaqlığını da yaşamalıdır. Bax beləcə ayaqqabı ehtiyacı növbəti təmirlə başa çatır. Yeni geyim nimdaşlarla əvəz olunur, uşaq bunu bilmir. Bəlkə də bilməyəcək. Necə ki mən bu gün bilmirəm mənim anam hansı istəyindən imtina edərək mənim üçün nə etmişdir. Günün sonunda düşünürəm, bugünkü qazanc əvəzsiz!!!
Analar var ki, övladı üçün ən zövqlü geyimi geyindirir, ən bahalı restoranda yedirdir, amma bir dəfə də olsun nə teatr, nə muzey, nə sərgilər, nə tədbirlər görməyən o uşaq cəmiyyətin hansı təbəqəsi olacaq? Bəli, yemək üçün yaşayanlar təbəqəsindən. Bax, budur faciə!
Mənəvi dəyəri anlamayan o uşaq millət, xalq olaraq formalaşa bilməz. Qəti! Onun təfəkküründə formalaşmış bir həyat var – yemək, geyinmək – yaşamaq budur!
Məktəbli ikən Mirzə Cəlillərin, Sabirlərin təbliğinə acıyırdım ki, yazıqlar necə çətin cəmiyyətdə yaşayıblar. Sən demə “çərxi fələk tərsinə dövran edər”miş, dövrün müasir “göydə balonlarla uçan”ları yerdə elə “Novruzəli” düşüncədə qalıbmış.
Bir ailə dostumuzun uşağının ad gününə getdik. Təsəvvür edirsiz, dost, qohum yığılıb yedilər-içdilər, tort kəsiləndə yada düşdü ki, uşağın doğum günüdür. Dedim: – Bax bundan o uşağa nə dəyər? Kaş yaşıdları ilə o həyətdəki bağçada bir süfrə açaydız... – Siz mənə dikilən o istehzalı baxışları görəydiz. Mən o baxışların bütün tənələrini qəbul edərək uşaqlarımın doğum günlərini özəl olaraq onların istədiyi məkanda, özləri üçün edirəm. Bu onların günüdür, onlar istədiyi olmalıdır, əlbəttə, çərçivəmizi unutmamaq şərti ilə.
Bacardığım qədər təbliğimi edirəm. Teatr kürsüləri, muzey otaqları boş, paltar piştaxtaları, dönər kababxanalarının bol zamanında gəlin uşaqlarımıza mənəvi qida verək! O qidadan bəhrələnən uşaqlar əsl insan olacaqlar! Yaşamaq üçün yeyəcəklər. Və bir gün deyəcəklər: Valideynlərimə o qədər minnətdaram ki, məni hərtərəfli böyütdülər.
Esmira ƏLƏKBƏRLİ