“Alim olmaq asandır, insan olmaq çətin” məsəli bu gün nə öz dəyərini, nə də aktuallığını itirir. Qəribədir ki, buna bənzər misallar dünyanın bütün xalqlarında var. Görünən odur ki, bu atalar sözü elə-belə yaranmayıb. O da hamıya bəllidir ki, insan olmaq çətindir.

 

Son dövrlərdə cəmiyyətimizdə gənclər arasında baş alıb gedən xoşagəlməz halların – intihar, narkomaniya, qeyri-ənənəvi dinlərin təsirinə düşmək və başqa xoşagəlməz hadisələr hamını narahat edir. Ən əsası da hərəkət və davranışları. İstər-istəməz belə bir sual doğur: görəsən, belə halların çoxalmasının başlıca səbəbi haradadır, nədədir?

 

Kiminsə xoşuna gəlsə də, gəlməsə də, məlum məsələdir ki, nənə-babalarımız və ata-analarımız döyülərək böyüyən uşaqlar olublar. Mənim babam İkinci Dünya müharibəsini görmüş adam idi. O, hər zaman “bizim zəmanəmizin uşaqları belə deyildi” deyərdi. Daha sonra bu sözü atamdan eşitdim. Qəribəsi də odur ki, bu ifadəni indi mən də işlədirəm. Baxıram ki, indiki gənc nəsil ondan sonra yetişməkdə olan nəslə baxıb bu sözü işlədir. İstəsək də, istəməsək də, zaman dəyişir və bizim zamanımızda belə idi deyə o zamana uyğun hərəkət etmək məcburiyyətində də deyilik. O zaman uşaqlar dərs oxumamağın, nadinclik etməyin, sözə baxmamağın üstündə döyülürmüş. 

 

Bir dəfə sadəcə adını bildiyim, müəllimlərimin dilindən həmişə tərifnaməsini eşitdiyim, biz hələ məktəbə yeni başladığımız illərdə məzun olmuş bir nəfərlə təsadüfən bir məclisdə tanış olduq. Xeyli söhbət etdik məktəblə bağlı, yetişməkdə olan nəsillə bağlı və s. Ona indiki böyüyən uşaqların davranış və hərəkətlərini heç bəyənmədiyimi, bizim kimi olmadıqlarını deyəndə gülümsədi. Sonra mənə dedi ki, mən də sizin yaşıdlarınızla bağlı eyni fikirdəyəm: “Biz onlar kimi olmamışıq, biz özümüzdən bir sinif yuxarı olan uşaqlara belə hörmətlə yanaşırdıq. Müəllimləri əvəz edən bizdən üç yaş böyük olan yuxarı sinif şagirdlərinə müəllim deyə xitab edən uşaqlar olmuşuq biz. İndi yetişən uşaqlar bizdən çox fərqlidirlər deyəndə yanılırsınız”.

 

Məndən döyülüb-döyülmədiyimi soruşdu. Özümü döydürən uşaq olmadığımı, şiddətin tərəfdarı olmadığımı dedim. Amma mən döyülmüşəm dedi: “Bəlkə də uşaq yaşlarımdan döyüldüyüm, qadağalarla yaşadığım üçün bu gün öz əziyyətimlə bu səviyyəyə qədər gəlib çıxmışam. Bəlkə də uşaq vaxtı döyülməsəydim, bu qədər çalışmazdım. Təsəvvür et ki, məktəbdə dəcəlliyimizin üstə müəllim bizi döyürdü. Evdə onu valideynlərimizə etiraf etməyə çətinlik çəkirdik. Çünki evdə bunu deyəndə, üstəlik valideynlərimiz də bizi döyürdü. Deyirdilər, yəqin dərsdə bir günahın olub ki, müəllim səni cəzalandırıb. Bu gün elə bir sahə yoxdur ki, onun haqqında müəyyən bilgilərə sahib olmayım. Həm oxuyub, həm oynayıb, həm də uşaqlığımı yaşamışam”.

 

Onun bu sözlərini eşidəndə kino lenti kimi hamısını gözümdə canlandırdım. Öz uşaqlıq xatirələrimi yada saldım. Əsas da bazar günlərini. Bazar günləri bizimçün çimmək günü idi.Vannaya girməmişdən öncə anam mütləq onu sobada qızmış qaynar suyla doldurardı. Özü də anamızı əsəbiləşdirərkən başımıza dəyib danqıldayan qablarla çimərdik. Çimib qurtarandan sonra da odun sobasının yanında dayanardıq. Saçlarımızın, əllərimizin suyunu sobanın üstünə damızdırar, damcıların necə cızz edərək buxarlanıb yox olmasını izləyərdik...

 

Cümə günü tapşırılan dərsləri bazar günü axşam hazırlayardıq. Eyni peraşkini, bulkanı 2-3 nəfər yeyib, eyni suyu 3-4 nəfərlə içərdik. Hansısa dostumuz yediklərimizdən istəyəndə sevinərdik.

 

Küçədə, məhəllədə oynamaqdan doymazdıq. Quru pendir-çörəklə doyardıq. Yerə düşmüş çörək görəndə mütləq öpüb hündür yerə qoyardıq. Müxtəlif uşaq oyunları oynayardıq. Palçıqdan tort hazırlayıb üzərini çiçəklərlə bəzəyərdik, ağacın yarpaqlarından dolma bükərdik. Ən qəşəngini seçərdik...

 

O zamanlar biz çox şey öyrəşdik. Məsələn, “Tom və Cerri” cizgi filminin bitdiyini zənn edərkən yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə, həmişə bir ümidin olduğuna öyrətdi.

 

Qaçdı-tutdu oyununda həmişə qarşı tərəfə fora vermək bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi. Günəbaxan tumlarının əvvəlcə qabığını təmizləyib yığmaq, sonra hamısını birdən yemək bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi öyrətdi. Ortada qaldı oyunu zamanı topu uzağa atdınsa, top qonşunun həyətinə düşdüsə, sən gedib gətirməli idin. Beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrəndik...

 

İndi həmin məhəllədə bizdən sonra böyüyən uşaqlar var. Hansı ki, heç biri bizim oynadığımız oyunları oynamırlar. Hamısı əllərində telefon oyun oynayırlar. On bir, on iki yaşını qeyd edənlər restoran davası döyürlər, yaşlarına uymayan geyimlər geyinirlər, bir-birlərinə bahalı hədiyyələr bağışlayırlar, müxtəlif pozalarda şəkillər çəkdirərək sosial medialarda paylaşırlar.

 

Heyrət içində baxıram. Bəzən də keçmişə qayıdıb gülürəm. Məktəbdə sinif yoldaşlarımızla anamızın aldığı plastik qablarda yediyimiz tortlar, qeyd etdiyimiz ad günlərimiz yadıma düşür. Ad günlərimizdə bir-birimizə hədiyyə olaraq hazırladığımız, xoş aruzlarımızı yazdığımız açıqcalar yadıma düşür...

 

Əvvəllər sentyabr ayı gələndə necə də sevinərdik, ailəlikcə məktəb bazarlığına gedib, məktəb üçün geyimlər alardıq, hələ evə gəlib sevincək onları geyinib sevincək evdəkilərə göstərərdik. Onda gözümüzün içi başqa cür gülərdi.

 

Kaş uşaq qalardıq, kaş gedən günlər geri gələydi...

 

Bəlkə də darıxdığım uşaqlıq deyil, o zamanlar dünyanı başa düşməməyim, edilən hər şeydən zövq ala bilməyim, beynimdə eyni anda minlərlə düşüncənin olmadığı anlardır. İnsanı incidən xatirələr deyil, o xatirələri bir də yaşaya bilməyəcəyini anlamaq, uşaqlığa bir daha geri dönə bilməyəcəyini bilməkdir.

 

Uşaqlıqda rənglər daha çox və dolğun idi, böyüdükcə rənglər solğunlaşdı. O zaman da problemlər və dərdlər var idi, ancaq onda heç nəyi anlamayacaq qədər uşaq idik.

 

Əziz valideynlər, uşaqlarınızın yalnız yaxşı təhsil almaları üçün çalışmayın. Yaxşı uşaqlıq yaşamış bir insanın gələcəyin ən parlaq fərdlərindən biri olmaması ehtimalı yoxdur. Əlbəttə, təhsil millətin gələcəyidir, amma tərbiyəsi, əqidəsi daha önəmlidir, bunu gözardı etmək olmaz. Bütün insanlar ali təhsilli ola bilməz. Hər kəs müəllim, həkim, hüquqşünas olmaq məcburiyyətində deyil. Bu ölkəyə santexnik, usta, aqronom, qəssab da lazımdır. İlk növbədə uşaqlara insan olmağı öyrətməliyik. Hansı peşənin sahibi olursan ol, əsas odur ki, insani dəyərləri itirməyəsən. Hətta bənna olsa belə, gərəkdir ki, işinin peşəkarı olasan. Şərt deyil ki, ali təhsil ocağına daxil olasan və diplom alasan. Bu gün o qədər insanlar var ki, əlində bir deyil, iki diplomu var, ancaq heç bir işə yaramırlar. Fəhlə belə olsan, gərək o sənətin peşəkarı olasan. Bizim üçün həyatda önəmli olan insanları biliklərinə görə deyil, sağlam əqidəsinə, etibarına, tərbiyəsinə görə seçməkdir.

 

Aytən FƏTULLAYEVA