Sənəm xalanın dörd övladı var idi: üç qız və bir oğul. Nə qədər ki, uşaqlar balaca idilər ailə öz həyatından narazı deyildi. Doğrudur, onlar kasıb dolanırdılar, lakin bu kasıblıq onların ailəsi üçün problem yaratmırdı. Sənəm xala və ömür-gün yoldaşı Arif əmi hələ cavan olduqlarına görə həyat tərzindən şikayətlənmirdilər, bacardıqları qədər fiziki işlə məşğul olurdular. Torpaq sahəsi az olsa da onlar bu torpaqdan lazımınca istifadə edirdilər. Hər mövsümdə bir neçə cür məhsul əkib-becərir, bu böyük ailəni dolandırır, heç kəsə möhtac olmurdular. Hətta ailənin kiçik övladı olan Faiqi 3-cü sinifdən müəllim yanına hazırlığa da göndərirdilər.

 

Ailədə uşaqlar böyüdükcə onların maddi ehtiyacları da böyüyürdü. Nə ana, nə də ata istəmirdilər ki, onların uşaqları ətrafdakı uşaqlardan geyim-keçimdə geri qalsınlar. Elə ailənin faciəsi də buradan başladı.

 

Böyük qıza – Vəsiləyə uzaq kənddən elçi düşdülər, yüngülvari toyla apardılar. Ata-anası Vəsilənin getdiyi ailəni yaxşı tanımırdı. Tələsik qərar vermişdilər. Heç iki il keçməmiş qızı səbəbsiz yerə bir körpəsi qucağında atası evinə qaytardılar. İki-üç ay keçmişdir ki, Sənəm xalanın ortancıl qızı Validəyə öz qohumu elçi düşdü. Baxmayaraq ki, bu ailəni yaxşı tanıyırdılar, ancaq ortancıl qızın da çox keçmədi ailə həyatı dağıldı. Oğlanları Faiq təhsildən ayrı düşdü, pis əməllərin qurbanına çevrildi.

 

Hər iki qızın taleyindən ailə sarsılmışdı. Qonu-qoşunun söz-söhbəti, qınağı onları təngə gətirmişdi.

 

Ailədə gərgin vəziyyət yaranmışdı. Sənəm xala ümidini itirmişdi, mənəvi yükün altından çıxa bilmirdi. O, tək çıxış yolunu intiharda gördü. Zəhərli bitki dərmanı içərək intihara cəhd etdi. Onu xəstəxanaya yerləşdirdilər, həkimlər nə qədər çalışsa da, əlindən gələni etsə də, əfsuslar olsun ki, Sənəm xalanı həyata qaytara bilmədilər.

 

Çıxış yolu heç vaxt intihar olmamalı idi. Ailə qızlarını evləndirərkən yüz ölçüb bir biçməli idi. Bundan əlavə, qohum-qonşu bu ailəyə dəstək olmaq əvəzinə onların qeybətini elədilər, qınadılar. Bütün bu olanlar da faciə ilə nəticələndi.

 

Üst-üstə yaşanan qara günlər Arif əmiyə böyük zərbə vurdu. Dörd balası ilə tək başına qalan Arif əmi nə edəcəyini bilmirdi, çıxılmaz vəziyyətdə qalmışdı. Arif əmi qızlarının taleyinəmi yansın, yoxsa canına qəsd edən ömür-gün yoldaşınamı? Sanki yer-göy, dağ-daş bu ailənin halına ağlayırdı. Ailədəki sarsıdıcı vəziyyətə baxmayaraq Arif əminin qızları güclü olmağa çalışır, atalarına mənəvi dəstək olurlar.

 

Həyat mübarizədir, bu mübarizədən hər şeyə rəğmən qalib çıxmaq lazımdır. Bir dəfə atılan səhv addım bir daha təkrar olmamalıdır. Çünki həyat davam edir.

 

Dilarə TƏHMƏZOVA