Biz kimik? Haradan yaranmışıq? Millət olaraq nə vaxt formalaşmışıq? Ya da bu yolda hansı çətinliklərdən keçmişik?
Bu suallar hələ uşaq vaxtlarından mənə rahatlıq verməyib və məni həmişə kimliyimiz haqqında araşdırmalar aparmağa, məlumatlar qazanmağa, bu haqda yeni-yeni kitablar oxumağa sövq edib. Hər öyrəndiyim yeni məlumatda bir daha qürur duymuşam millətimizlə, tariximizlə. Göytürklərdən Böyük Hunlara, Səlcuqlardan Osmanlı imperiyasına qədər tarix boyu var olan güclü dövlətlərimiz, Atilladan Alp Arslana, Şah İsmayıldan Cavad xana, Atatürkdən Ulu Öndərə qədər dünyanı lərzəyə gətirən sərkərdələrimiz haqqında oxuduğum hər sətirdə qürurdan boğazım düyünlənib, damarlarımda qanım cuşa gəlib, içim ürpərirdi. “Çaldıran”da dizlərim düyünlənir, sətirlərini izləməyə barmaqlarıma gücüm çatmırdısa, “Çanaqqala”da çiynimi Seyid Onbaşının top mərmisinə yaslayan bir əsgərə çevrilirdim. Hər dəfəsində xəyalım əsrdən-əsrə, qərinədən-qərinəyə səyahətlərə çıxırdı. Bu səyahətdə isə bələdçim, köməyimə gələn, təbii ki, kitablar, elmi, tarixi və ya bədii əsərlər, elektron səhifələr və s. olub. Onu da qeyd edim ki, türk yazarların kitablarına müraciət etdikdə yazılanları anlamaqda heç də çətinlik çəkməmişəm. Axı niyə də çətinlik çəkim ki? Sonucda öz dilim deyilmi?
Azərbaycan türkcəsi Türk dili sayılmırmı?
Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün uşaqlarımız Türkiyə türkcəsi ilə hansısa sözü işlətdikdə gah gülürük, gah qınayırıq, hətta bəzən “öz dilində danış”, “bu uşaqlar “uje” öz dilini unudub, türkcə danışır” deyə gileylənirik. “Uje”?! Ay bədbəxt, o uşaq öz dilində danışır, bəs sən hansı dildə danışırsan? Hardadır axı sənin dilində “uje” sözü? Nədir bu bəla canımıza keçib ki, türkcə danışmağı gülünc sayırıq, amma rusca, ingiliscə danışmaq savadlılıq, səviyyəlilik, “intelligentlik” olur, müasirlik olur.
Allah sənə rəhmət eyləsin, böyük şairimiz Bəxtiyar Vahabzadə! Hələ o vaxt deyəndə ki, “ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədəbazlar”, hardan biləydi ki, hələ bu xəstəlik çox yaşayacaq bizimlə. Bizi bizdən başqa bütün millətlər Türk adlandırır (haqlı olaraq), düşmənlərimiz belə. Bircə özümüz anlaya bilmirik. Türksən, qardaşım, nəyinə yetmir dilin?! Ərəblər gəldi, ərəbləşdik, farslar gəldi, farslaşdıq, ruslar gəldi, ruslaşdıq, artıq bəs deyilmi?! Nə deyirsiz indi, “kommunizm”in çaldığı havaya hələ də oynayaq? Nə vaxta kimi? Üç qitəyə sahib olan 700 illik qoca bir imperiyaya bəs edən bu dil indi bizə yetmir, ya da gülməli gəlir bəzilərimizə, bir vaxt laylamız çalınan dilimiz. Nədir axı bu ögeylik, ayrıseçkilik?
Bu böyük, əzəmətli “Oğuz” adlı ağacın bir budağı olduğumuz üçün gəlin hər an qürur duyaq. “Nə mutlu Türkəm deyənə”, bəli, biz həmin Ulu Türkün mutlu övladlarıyıq. Dədə Qorqudun, Oğuz Kağanın nəvələriyik, Mete xanın, Fateh Sultan Mehmedin övladlarıyıq, yeməkləri tükənsə belə bir öynəyə bir xurma şorbası ilə keçirməyi qəbul edib, amma müqəddəs Məkkə torpaqlarını düşmənə təslim etməyən həmin “Çöl qaplanı” Fahreddin paşanın əsgərləriyik.
İstər yüz illər keçsin, istərsə də min illər, bunu heç bir şey dəyişməyəcək. Çünki Türklük alnımıza yazılmış ən gözəl yazı, ən şirin nemət, ən dəyərli sərvətdir.
Sübutdur, dəlildir, ağlın qibləsi
Dəyişə bilərsən ağlımı ancaq,
Canım çıxanadək qəlbimin səsi
“Türkəm”- gerçəyini pıçıldayacaq.
Lətafət KƏRİMOVA