Dünya hər gün dəyişir. Texnologiyanın sürətli inkişafı həyatımızın bütün sahələrinə sirayət edib. Artıq süni intellekt (AI) anlayışı sadəcə filmlərdə gördüyümüz fantastik bir ideya deyil – o, məktəblərdə, universitetlərdə, hətta evlərimizdə də öz yerini tapıb. Bəs bu yenilik təhsilin gələcəyinə necə təsir edir?
Süni intellekt dedikdə, insan düşüncəsini və qərarvermə qabiliyyətini müəyyən səviyyədə təqlid edən sistemlər nəzərdə tutulur. Hazırda bu texnologiya bir çox ölkələrdə tədris prosesində tətbiq olunur. Məsələn, şagirdin bilik səviyyəsini analiz edən proqramlar, fərdi öyrənmə planları yaradan sistemlər, onlayn dərslərdə suallara cavab verən rəqəmsal köməkçilər artıq realdır. Bu, bir tərəfdən təhsili daha rahat və əlçatan edir. Uşaqlar dünyanın istənilən yerindən öyrənə, öz tempinə uyğun inkişaf edə bilirlər. Əvvəllər yalnız müəllimin izah etdiyi mövzunu indi süni intellekt fərqli üsullarla – videolar, testlər və interaktiv oyunlar vasitəsilə izah edir. Beləcə, öyrənmək prosesi daha maraqlı və motivasiyaedici olur.
Lakin digər tərəfdən, bu inkişafın doğurduğu suallar da az deyil. Əgər hər şeyi kompüter bizim yerimizə edirsə, bəs düşünmək, analiz etmək, mübahisə etmək bacarığımız necə olacaq? Təhsil təkcə məlumat toplamaq deyil – düşünmək, hiss etmək, yaradıcılıq göstərməkdir. Süni intellekt bizə öyrənməkdə kömək edə bilər, amma insan beyninin yaradıcılığını əvəz edə bilməz. Müəllimlərin rolu bu dövrdə daha da vacib olur. Çünki süni intellekt bilik verir, amma dəyər vermir. Müəllim isə şagirdə biliklə yanaşı düşünməyi, məsuliyyəti və insani münasibətləri öyrədir. Texnologiya nə qədər inkişaf etsə də, müəllim-şagird münasibəti hər zaman təhsilin əsas dayağı olaraq qalacaq.
Eyni zamanda, gənclərin texnologiyadan düzgün istifadə etmə bacarığı formalaşdırılmalıdır. Sosial mediada vaxt keçirmək, oyun oynamamaqla yanaşı, gərək gənclər süni intellekti öyrənmək, proqramlaşdırma bacarığı qazanmaq, yaradıcılıq məqsədləri üçün istifadə etməyi öyrənsinlər. Çünki gələcəyin peşələri artıq bu istiqamətdə formalaşır.
Bir məsələ də vacibdir: süni intellekt insanı əvəz etmək üçün deyil, ona dəstək olmaq üçün yaradılıb. O, bizə daha çox düşünmək, yaradıcılıqla məşğul olmaq, dünyanı daha yaxşı anlamaq imkanı verir. Əgər biz texnologiyadan ağıllı istifadə etməyi bacarsaq, o zaman həm təhsilimizi, həm də həyatımızı yeni səviyyəyə qaldıra bilərik.
Təhsilin gələcəyi artıq bugündən başlayır. Bu gələcəkdə sinif otaqlarında həm müəllimlər, həm də “ağıllı sistemlər” birgə çalışacaq. Amma ən əsas rolu yenə də insan – düşünən, hiss edən, dəyərləri qoruyan gənc nəsil oynayacaq. Çünki texnologiya öyrədir, amma insan ruhu istiqamət verir. Gələcəyin təhsili də bu iki gücün – elmin və insani dəyərlərin vəhdəti üzərində qurulacaq.
Məhəmmədəli ALLAHYAROV